Yəqin ki, dünyada yaşayan bütün xalqlarda vəsiyyət ənənəsi mövcuddur. Ömrünün son günlərini yaşayanlar, yaxud da ölümünü göz önünə gətirənlər son arzularını və ya özündən sonra hadisələrin hansı axarda gedəciyi ilə bağlı istəklərini əks etdirən şifahi və yazılı vəsiyyətlər qoyurlar. Adətən, nəslin qalan nümayəndələri, yaxud ailə üzvləri belə vəsiyyətlərə əməl etməyə çalışırlar, bunu özlərinin borcu kimi qəbul edirlər. Amma vəzifə məsələsində, özündən sonra öz yerinə kimin təyin olunacağı ilə bağlı vəsiyyətlər hüquqi dövlərlərdə qəbul olunmayan bir anlayışdır.

Elə SSRİ dövründə də birincilər özlərindən sonra ölkəyə kimin rəhbərlik edəcəklərini dilə gətiriblər, hətta bunu yazılı şəkildə edənlər də olub. Amma bu “vəsiyyət”lər icra olunmayıb. Necə ki, Yuri Andropovun özündən sonra baş katib vəzifəsində Mixail Qorbaçovu görməklə bağlı vəsiyyətinin icra olunmaması kimi.

1984-cü il fevralın 9-da, həftənin cümə axşamı günü saat 11-də başlanacaq Siyasi Büronun iclasından əvvəl Mərkəzi Komitənin katibi Konstantin Çernenko büro üzvlərini vacib saydığı bir xəbərlə məlumatlandırıb:

– Yuri Andropovun səhhətində kəskin problemlər yaranıb. Həkimlərin səyinə baxmayaraq vəziyyət kritikdir.

Həmin günün axşamı Siyasi Büronun üzvləri yenidən bir yerə toplaşıblar. Çernenko məlumat verib ki, Andropov saat 16.50 dəqiqədə vəfat edib.

Səhərisi gün Siyasi Büronun iclası keçirilib. Konstantin Çernenko gündəliyi açıqlayıb:

– Siyasi Büronun iclasına iki məsələ daxil edilib. Yeni baş katibin seçilməsi və plenumun çağırılması.

SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov Çernenkonun namizədliyini irəli sürüb və təklif qəbul olunub.
Bu hadisələrdən sonra Andropovun köməkçisi Arkadi Volski Kreml dəhlizlərində öz açıqlamaları ilə sensasiya yaratmağa başlayıb:

“Andropov xəstəxanada olarkən köməkçiləri müəyyən olunmuş günlərdə onun yanında olurdular. Bu qrafiki onun özü müəyyənləşdirmişdi. Mənim baş katiblə görüş günüm şənbə gününə salınmışdı. Mərkəzi Komitənin iclasına hazırlıq ərəfəsi idi, Andropovun məruzəsini mən hazırlamışdım və həmin məruzəni xəstəxanada ona verdim. Məruzəyə nəzər yetirdikdən sonra mənə dedi ki, iki gündən sonra onun yanında olum. İki gündən sonra xəstəxanaya gedəndə mənə görüşməyə icazə vermədilər və bildirdilər ki, Andropov məruzəni mənə çatdırmağı tapşırıb. Məruzəni götürdüm, üstündə kiçik bir qeyd var idi: “Mən belə hesab edirəm ki, Mərkəzi Komitə katibliyinin iclasına Mixail Qorbaçov sədrlik etməlidir…”. Qeydin altında Andropovun imzası var idi. Adətən katibliyin iclasına sədrlik etmək birincidən sonrakı şəxsə həvalə olunurdu. Bu o demək idi ki, Andropov özündən sonra ikinci şəxs kimi Çernenkonu yox, Qorbaçovu görmək istəyib. Həm də öz növbəsində o demək idi ki, Andropov özündən sonra baş katib vəzifəsinə Qorbaçovu hazırlayıb. Mən həmin qeydi götürüb təcili olaraq Mərkəzi Komitənin ümumi şöbəsinin müdiri Boqolyubovun yanına getdim və Mərkəzi Komitənin keçiriləcəyi iclasında dəyişiklik edilməsinin vacib olduğunu söylədim. Amma növbəti gün iclasda sədrliyi və əsas məruzəni Çernenko etdi. İclasın aparılmasında heç bir düzəliş edilməmişdi. İclasdan sonra mən öz kabinetimə getdim. Andropov zəng vurdu. Mən ilk dəfə idi ki, Andropovu belə əsəbi vəziyyətdə görürdüm və o mənim ünvanıma heç vaxt eşitmədiyim sözləri dedi. Bir az keçməmiş Mərkəzi Komitənin iqtisadi məsələlər üzrə katibi Nikolay Rıjkov gəldi:

– Sənə də zəng vurmuşdu? Üstümə elə qışqırırdı ki, sanki günahkar mənəm, iclası mən aparmışam…

Mən ona reaksiya vermədim. Çünki başımda dolaşan daha ciddi bir sual var idi. Andropovun qeydlərini kim gizlətmişdi? Kim cürət edib hələ onun sağlığında baş katibin göstərişinə əməl etməmişdi?”

Əslində Siyasi Büro üzvləri Andropovun son günlərini yaşadığını biliblər və əvvəlcədən də varis məsələsi həll olunub.

İstisnalar olmaqla hamı Çernenekonun baş katib olmasına qeyri-rəsmi razılıq verib. Elə Arkadi Volski də Andropovun vəziyyətindən hamıdan yaxşı xəbərdar olub. Onun sonradan belə səs-küy yaratması, sensasiyalı açıqlaması isə Qorbaçovun yanında hörmətli olması məqsədini güdüb. Volski yaxşı bilib ki, Qorbaçovla baş katib kürsüsü arasında cəmisi bir addımlıq yol qalıb. Vəzifə karyerasını qorurmaq üçün Volski məhz Qorbaçovun pencəyindən yapışmağı məqsədəuyğyun sayıb. Və o, düşündüklərində yanılmayıb. 13 ay ötdükdən sonra Qorbaçov hakimiyyətə gələndə Arkadi Volski Mərkəzi Komitədə şöbə müdiri vəzifəsinə təyinat alıb.

Mixail Qorbaçov Andropovun göstərişinin yerinə yetirilməməsinə reaksiya verməyib. O, Çernenekonun və onun tərəfdarlarının siyasi səhnədən yaşları və xəstəlikləri bağlı təbii yolla gedəcəklərinə şübhə etməyib və elə Andropovun dəfnində şübhələrdə yanılmadığının bir daha şahidi olub.

Belə ki, 1984-cü il, fevralın 14-də Andropovun dəfni zamanı Çernenkonun baş katib kimi ilk çıxışı nəzərdə tutulub. Mikrofonlar qoşulub, Qırmızı meydanda matəm sükutu hökm sürüb. Mikrofonların qoşulmasından xəbəri olmayan Çernenko heç kimin eşitməyəcəyini zənn edərək yanında dayanan Nikolay Tixonovdan soruşub:

– Papaqlarımızı çıxardaq?

Tixonovdan cavab gözləməmiş Çernenko özü öz sualına cavab verib:

– Yox, havada şaxta var…

Beləliklə, Siyasi Büro üzvləri Yuri Andropovu son mənzilə başıpapaqlı yola salıblar.

Qeyd edək ki, Mixail Qorbaçovun arxasınca “qaçan” Arkadi Volski 1988-1990-cı illərdə Qorbaçovun göstərişi ilə Azərbaycanın Dağlıq Qarbağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsinə rəhbərlik edib. Bu, həmin Volskidir ki, ermənipərəstliyi ilə fərqlənərək həmin ərəfədə ermənilərin silahlanmasına geniş imkan və şərait yaradıb.

İlham Cəmiloğlu