20-ci əsrin ən ziddiyyətli, mürəkkəb siyasi və hərbi simalarından biri də İosip Broz Tito sayılır. 1939-cu ildən Yuqoslaviya Kommunist Partiyasının baş katibi, 1953-cü ildən 1980-ci ilə, ömrünün son gününə qədər Yuqoslaviyanın prezidenti olan Tito öz hədəfinə, ölkə liderliyinə çatmaq üçün iki müharibədən keçib, dəfələrlə həbs olunub, sui-qəsd cəhdlərinə məruz qalıb. Amma o, yolundan çəkinməyib. Yəqin ki, kafelərdə xidmətçi, sexlərdə çilingər köməkçisi, velosiped təmirçisi işləyəndə heç kimin ağlına gəlməyib ki, o, nə vaxtsa öz ölkəsinin prezidenti olacaq, dünyaya meydan oxuyan İosif Stalinlə mübahisə etməkdən belə çəkinməyəcək.

Bəli, SSRİ rəhbərliyi II dünya müharibəsindən sonra sosialist ölkəsi olan Yuqoslaviyanı ram edə bilməyib. Müharibənin gedişində Stalin Titoya dəstək olub, ona inanıb, bütün sahələrdə qarşılıqlı anlaşmalar olub. 1945-ci ildə Stalin Titoya SSRİ-nin ən ali hərbi mükafatı olan “Qələbə” ordenini şəxsən təqdim edib. Amma bütün bunlara baxmayaraq, Yuqoslaviya lideri özünü və ölkəsini SSRİ-nin əli altında görmək istəyib, buna imkan verməyib.

SSRİ-nin Yuqoslaviyaya siyasi, hərbi, iqtisadi müdaxilə cəhdlərinin heç biri baş tutmayıb, Kreml sosialist düşərgəsində mütləq hakimliyini heç bir vəchlə Titoya tətbiq edə bilməyib.

SSRİ-nin bu cür aqressiv münasibətinə görə Tito Amerika Birləşmiş Ştatları və digər NATO ölkələri ilə yaxın münasibətlər yaradab. ABŞ Yuqoslaviyanı hərbi təyyarə, tank və digər hərbi sursatlarla təmin edib. Beləliklə, iki sosialist ölkə arasında kifayət qədər soyuq münasibətlər hökm sürüb.

SSRİ ilə Yuqoslaviya arasında əlaqələr 1955-ci ildə qismən bərpa edilib. Nikita Xruşovun Yuqoslaviya səfəri ölkələr arasındakı münasibətləri mülayimləşdirsə də, Tito SSRİ-nin ideoloji və siyasi təzyiqlərinə ciddi müqavimət göstərəcəyini açıq bəyan edib.

İosip Broz Titonun siyasi fəaliyyəti, rəhbərlik dövrü ölkə daxilində də birmənalı qiymətləndirilməyib. Bəziləri onu diktator, digərləri isə “Yuqoslaviyanın xilaskarı” adlandırıblar. Milliyyətcə xorvat olan Titonun yaratdığı diktatura rejimində yüz mindən artıq xorvat sürgün edilib ki, onlardan cəmisi 15-20 faizi sağ qalıb. Amma bir fakt da mövcuddur ki, Titonun ölkəyə rəhbərlik etdiyi dövrdə Yuqoslaviya Almaniyadan (ADR) sonra müsbət iqtisadi göstəricilərə, əhalinin sosial rifahına görə digər sosialist ölkələrindən xeyli irəlidə olub.

Siyasi fəaliyyəti zəngin olduğu kimi, Titonun şəxsi həyatı da zəngin və fərqli olub. Hədsiz dərəcədə maddi zənginliyə meylli olan Tito əsl padşahlara xas həyat sürüb.

5 dəfə ailə həyatı quran Titonun birinci həyat yoldaşı Pelageya Belousova rus qadını olub. Çütlüyün dörd övladı olsa da, nikahları çox da uzun sürməyib. Tito heç vaxt bu nikahı ilə bağlı açıqlama verməyib. Uşaqlardan üçü kişik yaşlarında ölüb.
Diktatorun ikinci həyat yoldaşı Anna Könünqlə ailə tarixi daha qısa olub. Könünq 1937-ci ildə Almaniyaya casusluq etdiyinə görə Moskvada həbs olunub və güllələnib.

Marşal üçüncü dəfə Herta Haas ilə ailə həyatı qurub, bu nikah da marşalın təşəbbüsü ilə pozulub.

Titonun dördüncü həyat yoldaşı Davoryanka Paunoviç 1946-cı ildə vərəm xəstəliyindən vəfat edib.

Ailə tərəfindən bəxti gətirməyən Tito beşinci dəfə Jovanka Budisavleviçlə evlənib. Bu nikah da Titoya xoşbəxtlik gətirməyib. 1970-ci ildə marşal öz həyat yoldaşını dövlət çevrilişi cəhdində ittiham edərək ev dustağına çevirib.

Beş nikahın heç biri Titonu xoşbəxt etməsə də, marşalın həyatında saysız-hesabsız gözəl qadınlar olub.

Tito zəngin həyatını heç kimdən, hətta Yuqoslaviyaya rəsmi səfərə gələn dövlət başçılarından gizlətməyib. Yuqoslaviyanın ən səfalı guşələrində marşal 30-dan artıq şəxsi iqamətgaha sahib olub. Təbii ki, söhbət adi villalardan getməyib. İqamətgahlar o qədər zövqlə tikilib ki, hətta qızıl saraylarda yaşayan Efiopiya imperatoru Hayle Selassie Titonun qonağı olarkən iqamətgahın birində ziyafətə gələndə təəccübünü gizlədə bilməyib.

Marşal həm də avtomobil həvəskarı olub. Onun şəxsi avtomobil kolleksiyasında 50-dən artıq maşın olub ki, bu avtomobillərin hamısı məhdud sayda istehsal edilib. Tito tez-tez sükan arxasına keçib, sürətli hərəkətdən zövq alıb.

Zövqlə geyinməyi sevən Yuqoslaviya liderinin geyim məsələlərinə 30-dan artıq adam cəlb olunub. Onlar Titonu son dəbdə olan geyimlərlə təmin ediblər.

Həmişə özünü formada saxlamasına baxmayaraq, Tito Şotlandiyada məxsusi olaraq onun üçün hazırlanan viskidən, dünyanın ən məşhur firmalarının siqaretlərindən imtina etməyib.

Tito mütəmadi olaraq böyük ziyafətlər təşkil edib, o bu məclislərə tez-tez dünyanın ən populyar incəsənət ulduzlarını dəvət etməkdən zövq alıb. 10 dildə sərbəst danışan Tito gözəl nitq söyləməyi, rəqs etməyi, pianoda mükəmməl ifası ilə dünyanın məşhurlarını özünə cəlb etməyi bacarıb.

Marşalın il ərzində bir neçə dəfə ölkə böyu səfərləri ənənə halını alıb. Tito bu səfərlərə marşal mundirinin rəngində, mavi rəngdə boyanmış xüsusi qatarla çıxıb. Onun vaqonu qonaq və yataq otağından, iş kabinetindən, müşavirə zalından, kino salonundan, sanitar qovşaqdan və ayrıca hovuzdan ibarət olub. Həmişə irəliləməyi sevən Tito qatarla hərəkət edərkən özündə rahatlıq tapıb.

İosip Broz Titonun var-dövlətinin ümumi dəyərini hesablamaq mümkün olmayıb. Ən nadir rəsm əsərlərindən ibarət kolleksiya, ölçüyə və çəkiyə gəlməyən zinət əşyaları, brilyant daşlar, xarici banklarda yerləşdirilən pulların ümumi məbləği milyardları keçib.

Tito hakimiyyətə nə az, nə çox, düz 88 yaşında əlvida deyib. 1980-ci ildə onun səhhəti kəskin ağırlaşıb, bir ayağını amputasiya ediblər. Onun müalicəsinə dünyanın ən tanınmış həkimləri cəlb olunsa da, Titonun həyatını xilas etmək mümkün olmayıb.

Bununla da qəddar diktator Stalinə əyilməyən diktator İosip Brozun siyasi erası sona çatıb.

İosip Broz Tito 1980-ci il mayın 4-də vəfat edib. Marşal Belqradda dəfn olunub. Sonralar onun dəfn edildiyi saraya Tito mavzoleyi statusu verilib.