“Birinci imtahandan 676 bal toplamışdım. Amma bu əməyimin qarşılığı deyildi. Mən daha çox çalışmışdım. Ona görə də o bala qane olmadım, ikinci dəfə imtahan verdim”.

Bu sözləri musavat.com-a II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanından 700 bal toplamış abituriyent, Gəncə şəhər 27 saylı məktəbin məzunu Selcan Məmmədli deyir.

Uğuru haqqında danışan Selcan bildirir ki, arxayınçılıq yaxşı şey deyil: “Məktəb hazırlığından əlavə müəllim yanına gedirdim. Mənimlə bərabər hazırlaşan uşaqlar arasında 700 bal toplayacaq xeyli uşaq vardı. Sadəcə öz biliklərinə çox güvənib, təkrar etmədilər. Nə qədər yaxşi bilsən də, gərək bildiklərini təkrar edəsən. Arxayın olmaq olmaz. Son günə qədər dərs oxudum, bir gün qalmış kitab-dəftəri qoydum kənara, dostlarımla görüşdüm”.

S.Məmmədli əvvəl Bakı Dövlət Universitetini seçsə də, sonradan fikrini dəyişib: “ADA Universiteti şərtlərini dəyişdiyinə görə fikrimi dəyişdim. Elan etdilər ki, 700 bal toplayanlar pulsuz oxuyacaqlar. Mən də ADA Universitetini seçəcəyəm. Ya hüququ seçəcəyəm, ya da dövlət və iqtisadi münasibətlər”.

III ixtisas qrupu üzrə 700 bal toplayan digər abituriyent, Şəki şəhəri Fizika-riyaziyyat təmayüllü liseyin məzunu Nərmin İsmayılovadır.

N.İsmayılova birinci imtahanda 690 bal toplasa da, bununla razılaşmayıb: “Fikirləşdim ki, 690 balı toplayan 700 balı da toplayar və ikinci dəfə biliyimi sınadım. Əlavə hazırlıqlara getməmişəm, 700 balı məktəb biliyimlə toplamışam. Suallar elə də çətin deyildi. Ədəbiyyatdan olan suallar üzərində xeyli işlədim. Düşündürücü suallar çox idi. İmtahanın bitməsinə 20 dəqiqə qalmış, bütün sualları cavablamışdım”.

Nərmin də hüquqşünas olmaq istəyir: “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsini seçməyi düşünürəm”.

Minval.info