Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Yaponiyada rekord istilər səbəbindən meteoroloqlar ilk dəfə “amansız isti gün” xəbərdarlığı elan ediblər.
Minval.info xəbər verir ki, ölkədə havanın temperaturu 40 dərəcəni keçib.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, bu ilin aprelindən tətbiq olunan yeni təsnifata görə, temperaturun 40 dərəcədən yuxarı olduğu günlər “kokuşobi” (“amansız isti gün”) kimi qiymətləndirilir.
Son günlər Qudzyo, Tadzimi və Toyota şəhərlərində temperatur 40 dərəcəni keçərək yeni rekordlar müəyyənləşdirib. Ölkədəki meteoroloji müşahidə məntəqələrinin üçdə birindən çoxunda isə 35 dərəcədən yuxarı istilər qeydə alınıb.
İsti hava artıq insan sağlamlığına da mənfi təsir göstərib. Niiqata və Kanaqava şəhərlərində yüksək temperaturla əlaqəli ölüm halları qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, rekord istilər gündəlik həyatla yanaşı, kənd təsərrüfatı və idman sahəsinə də ciddi təsir edir. Düyü istehsalında məhsuldarlığın azalması fermerləri daha davamlı məhsullara və avokado kimi alternativ bitkilərin becərilməsinə yönəldib.
Yüksək temperatur səbəbindən ölkənin ənənəvi məktəbli beysbol çempionatının oyun cədvəli də dəyişdirilib. İştirakçıların sağlamlığını qorumaq məqsədilə qarşılaşmalar əsasən səhər və axşam saatlarında keçiriləcək.
Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyinə qarşı ciddi tədbirlər görülməzsə, gələcəkdə açıq havada keçirilən idman və digər fəaliyyətlər daha da məhdudlaşa bilər.
İsti hava iş mühitinə də təsir göstərib. “Cool Biz” proqramı çərçivəsində şirkətlər əməkdaşlara daha yüngül və rahat geyimlərdən istifadə etməyi tövsiyə edir. Bu da ənənəvi kostyum və qalstukun tədricən daha rahat geyimlərlə əvəzlənməsinə səbəb olur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır