05.10.2026 - 13:39
Yaponiya və Türkiyə arasında kosmosda əməkdaşlıq genişlənir
Dünya 7 baxış

Yaponiya və Türkiyə arasında kosmosda əməkdaşlıq genişlənir

Antalya NEST Konqres Mərkəzində keçirilən və Anadolu Agentliyinin “Qlobal Əlaqə Ortağı” olduğu Beynəlxalq Kosmik Federasiyanın (IAF) konqresi, Türkiyə Kosmik Agentliyi (TUA) və SAHA İstanbulun ev sahibliyi ilə təşkil edilir. Tədbirdə iştirak edən Yaponiya nümayəndəsi Yamakava, Türkiyənin son illərdə kosmos sahəsində əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb.

Minval.info xəbər verir ki, Yamakava, iki ölkə arasında kosmik sahədə əməkdaşlığın inkişaf etdirilə biləcəyini qeyd edərək, xüsusən də peyk tətbiqləri sahəsində Türkiyə ilə birgə çalışdıqlarını bildirib. O, fəlakətlərə müdaxilə zamanı peyk məlumatlarından istifadə etdiklərini və bu sahədə də Türkiyə ilə əməkdaşlıq etdiklərini söyləyib.

Yamakava, Yaponiya ilə Türkiyənin yalnız kosmosda deyil, iqtisadiyyat və mədəniyyət daxil olmaqla bir çox sahədə uzun müddətdir əməkdaşlıq etdiyini ifadə edib. O, kosmos sahəsinin gələcəkdə daha geniş əməkdaşlıq üçün ümidverici olduğunu qeyd edib və 2026-cı ildə keçiriləcək IAC konfransının bu əməkdaşlığı daha da irəli aparmaq üçün platforma olacağını bildirib.

Yaponiya 1955-ci ildən kosmik texnologiyalar inkişaf etdirməyə başlayıb. Yamakava, müstəqil şəkildə kosmik fəaliyyətlər həyata keçirmənin onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb və bu səbəbdən raket və peyk texnologiyalarını inkişaf etdirdiklərini bildirib.

Yamakava, kosmos təhlükəsizliyinin və kosmik iqtisadiyyatın Yaponiyanın milli siyasətləri üçün vacib olduğunu qeyd edərək, “H3” raketinin bu səylərin mərkəzində olduğunu və bu ay “H3” raketinin buraxılacağını açıqlayıb. Marsın peyklərini tədqiq etməyə yönəlmiş “Martian Moons eXploration” (MMX) layihəsinin də bu ay həyata keçirilməsi planlaşdırılır.

Yamakava, kosmosda ən böyük problemlərdən birinin kosmik tullantılar olduğunu və aktiv peyklərlə toqquşmaların qarşısını almaq üçün yer stansiyaları və teleskoplar vasitəsilə bu tullantıları izlədiklərini bildirib. Kosmik tullantılarla toqquşmaları önləməyin vacibliyini vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: