Yaxud Emomali müəllimə satdığımız noutbuklar haqda

Üstünə birə düşübsə, yorğanı yandırmaq lazımdır. Bizim bəzi dövlət orqanları bu məntiqlə fəaliyyət göstərir. Örnək üçün, Nardaran və Bilgəh arasındakı çimərliyi camaatın üzünə bağlayıblar, deyirlər “orada əxlaqsızlar və narkomanlar yığışırdı”. Bunun nə qədər karikatur açıqlama olmasını keçən ay qəzetimizin dərc elədiyi bir reportajdan açıq görmək olardı. Həmin material Bakının düz göbəyində, “Nizami” kinoteatrı ilə üzbəüz yaşayış binasının blokundakı proseslər haqda idi. Narkomanlar açıq-aydın şəkildə blokun pilləkənlərində priton düzəltmişdilər. Çəkilişə də fikir vermirdilər. Bir sakin iynə vuran narkomanlara “gəlin siz xəstəxanaya yazılmağa kömək edim” deyir, başqası evdən çıxmaq üçün icazə istəyirdi. Yəqin icra hakimiyyəti və hüquq-mühafizə orqanlarımız indiyə o binanı uçurmuş olarlar. Axı çimərliyin idarəsi üzrə siyasət bunu tələb edir.

Ancaq neftin qiyməti yenidən qalxdığı üçün bu saat bizim yorğana-zada ehtiyacımız yoxdur. Kefimiz istəyən kimi yatarıq. Daha islahat dekorasiyaları da qurmayacağıq. Beş-on müsbət dinamika çıxıb gedəcək işinin dalıyca.

Məsələn, təzəlikcə mən yaxşı mənada təəccübləndiyim bir xəbər oxudum: “Azərbaycanda bu ilin yanvar-may aylarında kompüter, elektron və optik məhsulların istehsalı ötən ilin uyğun dövrünə nisbətən 2,5 dəfə artıb”. Ölkəmiz kompüter istehsal edir, bizimsə xəbərimiz yoxdur… Görəsən, niyə? Haradadır bu kompüterlər və iki yarım dəfə artım?

Bizdə vaxtilə Mingəçevirdə “Kür” kompüter zavodu açılmışdı. Nəsə məhsulları da olurdu və yanılmıramsa, Təhsil Nazirliyinə satırdılar, onlar da alıb məktəblərdəki kompüter salonlarına dekorasiya kimi qoyurdular. 7-8 il qabaq o zavod rəhmətə getdi. 2015-də isə bizə anons verildi: o zavodun bazasında Mingəçevirdə yeni istehsalın əsası qoyulacaq. Bax, bizim milli istehsalımız olan və keçən ildən bəri istehsalı artan kompüterlər elə onlardır. Yetərincə dünyada tanınan bir Tayvan firmasının noutbuklarını buraxırıq. Statistikaya görə, 2020-ci ildə Azərbaycanda bu noutbuklardan 10 min ədədə yaxın istehsal edilib, deməli, 2021-ci ilin ilk beş ayında artımı nəzərə alsaq, 10 mindən çox noutbuk buraxmışıq. Bunları mən təxminən, oradan-buradan güclə tapdığım rəqəmlər əsasında quraşdırmışam, əslində “dəfə” statistikası olsa da, “neçə ədəd” hesabı yoxdur.

Demirəm böyük rəqəmdir, ancaq heç pis də deyil (nəzərə alın ki, “Kür” bəzi illərdə cəmi 2 kompüter qayırmışdı). Keçənilki məlumata görə, Azərbaycan noutbukları Orta Asiya bazarına – Tacikistan, Qırğızıstan, Özbəkistan kimi dövlətlərə ixrac edirmiş. Bəs bunlar niyə bizim öz bazarımızda da yoxdur – bax, sual budur.

Əlbəttə, çağdaş dünyada noutbuk istehsalını sıfırdan başlamaq çox çətindir, bunun üçün elmi baza, sənaye strukturu, azad bazar iqtisadiyyatı və sairə lazımdır. Bizim milli noutbukların bütün prosessor, mikrosxem və hissələrinin də əslində xaricdən gətirildiyini, Mingəçevirdə birləşdirilib yığıldığını anlayıram. Ancaq buna da şükür. Ünlü bir dünya şirkəti ölkəmizdə iş qurursa, buna alqış düşür. Lakin, proses nədənsə… gizli aparılır. İqtisadiyyatımız ərə getməmiş qız kimi utancaqdır. Görəsən, niyə? (bu sualı ikinci dəfə verdiyimi anlayıram – təzə sual istehsal edə bilməmişəm hələlik). Əgər milli noutbuklar öz dükanlarımızda satılsa, camaat da ucuz alardı, xeyir tapardıq. Əvvəl evin içi, sonra çölü. Ancaq nədənsə bizim bəzi şirkətlərin təkcə xaricə satışı yox, xaricə investisiya qoyuluşu da daxildən qat-qat artıq olur. Buna bəzi ədəbiyyatlarda “kapital axını” deyirlər, biz deməyək, milli adamlarıq.

Emomali müəllim (taciklərin lideri) Mingəçevir kompüterində oyun oynayır, İmamalı kişinin (ulu babamdır) nəvəsi isə Çin malı alır. Paradoksal haldır.

Çimərliyi də açın, camaat çimişsin. Söz veriblər özlərini əxlaqlı aparacaqlar – dənizə paltar-palazlı girəcəklər.