“Xaricdə dini təhsil alan gənclər zərərli dini təsirə məruz qalırlar. Həmin təsirləri, idealogiyaları, təlimləri Azərbaycanda yaymağa çalışırlar”.

Bu sözləri millət vəkili Ceyhun Məmmədov Bakupost.az -a xaricdə dini təhsil almış şəxslərin Azərbaycanda dini fəaliyyətlə məşğul olmasına tətbiq olunan məhdudiyyətlə bağlı danışarkən deyib.

Bildirib ki, bu, dünyanın hər yerində belədir:

“Xaricdə dini təhsil alan şəxslərin Azərbaycanda dini fəaliyyətlə məşğul olması qanunla məhdudlaşdırılıb. Yəni xaricdə dini təhsil alıb Azərbaycanda din xadimi kimi sərbəst fəaliyyət göstərmək mümkün deyil. Bu, dünyanın hər yerində belədir. Təcrübə onu göstərir ki, bir sıra hallarda xaricdə dini təhsil alan vətəndaşlarımız zərərli təsirlərə məruz qalırlar. Bunu hamıya şamil etməsək də, belə hallar az deyil. Onlar hansısa ölkədə dini təhsil alırlar. Orada zərərli dini təsir varsa, ona məruz qalırlar. O təsirin altında həmin idealogiyaları, təlimləri gətirib Azərbaycanda yaymağa çalışırlar. Bu da ölkədə dini qurumu gərginləşdirir və dinlərarası münasibətlərə xələl gətirir. Dövlət belə bir məhdudlaşdırmanı həyata keçirdi ki, gələcəkdə bu cür halların baş verməsinin qarşısı alınsın. Bu konteksdə öz təhlükəsizliyimizi qorumağa çalışmalıyıq”.

Millət vəkili hazırda xaricdə dini təhsil alanların aqibəti barədə də danışıb:

“Türkiyədə dini təhsil alan şəxslərin Azərbaycan universitetlərində çalışması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Xaricdə dini təhsil alan şəxs diplomu ölkədə tanındıqdan sonra müəyyən müsabiqələri keçərək dövlət qurumlarında müəllim kimi çalışa bilər, amma din xadimi kimi fəaliyyət göstərə bilməz”.