Adil Əliyev: “Makronun fikirləri daxili auditoriyaya hesablanmış cəfəngiyyatdan başqa bir şey deyil”

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Yeni Müsavat” qəzetinə və Musavat.com saytına geniş müsahibə verib. Olduqca maraqlı və oxucularımız üçün sensasion məqamlarla zəngin müsahibəni təqdim edirik:

– Adil müəllim, Milli Məclisin sədr müavini seçilmənizdən sonra sizinlə ilk dəfədir həmsöhbət oluruq. Yuxarıdan, sədarətdən zala baxanda tərkib və eyni zamanda fəaliyyət necə görünür?

– Əvvəla, təşəkkür edirəm, bəli, ilk dəfədir ki, biz 2020-ci il seçkilərindən sonra görüşürük. Hesab edirəm ki, sədarətdə təmsil olunmağım mənim üçün böyük şərəfdir, qürurdur. Yuxarıdan da çox gözəl seyr edilir. Millət vəkillərinin fəaliyyəti, oturuşu, davranışına gəldikdə, hesab edirəm ki, bu gün Milli Məclislə qürur duymaq olar.

– Həm sosial şəbəkədə fəalsınız, eyni zamanda komitə rəhbəri olaraq idmançılarla və gənclərlə vaxtaşırı görüş keçirirsiniz, şəhid ailələri və qazilərimizlə görüşləriniz olur, həmçinin çoxsaylı məqalələriniz dərc olunur. Vaxt baxımından problem yaşamırsınız?

– Açığını deyim, vaxtımız çox məhduddur. O səbəbdən tələb olunan tədbirlərdə də bir o qədər iştirak etməyə imkanımız olmur. Buna baxmayaraq, komitə sədri olaraq, bizim iş və tədbirlər planımız var, bu plan üzrə tədbirləri həyata keçiririk. Daxili mətbuatla bərabər, dünyanın müxtəlif ölkələrində məqalələr dərc etdirirəm, çalışıram ki, həqiqətlərimizi dünyaya doğru şəkildə çatdıraq. Məsələn, Laçın şəhərində müharibədən sonra Ermənistanda istehsal edilmiş və basdırılmış minalar var, artıq bu barədə yazı gedəndə insanlar başa düşür ki, işğalçı Ermənistan hələ də öz siyasətindən əl çəkməyib. Eləcə də, çalışıram ki, xarici ölkələrin parlamentariləri ilə görüşərkən bu məsələləri xüsusilə vurğulayaq, bu cəhətdən qrafikimiz kifayət qədər gərgindir. Məsələn, bir nüansı vurğulamalıyam ki, işlərimin çoxluğu ilə əlaqədar Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsini yeni əməkdaşlara təhvil verdim. Təbii ki, işimiz gənclərlə, idmanla bağlı insanlarımızladır. Eyni zamanda şəhid ailələri və qazilərimizlə olan tədbirlərin hamısında iştirak etməyə də çalışıram. Ümumiyyətlə, vaxt məhdudiyyəti olmadıqda, başqa dəvət olunduğum tədbirlərdə də iştirak edirəm. Çalışıram ki, gənclər komitəsində olduğuna görə gənclərə nümunəvi fəaliyyət göstərim. Eyni zamanda müəllif yazıları ilə çıxış edirəm. Ölkəmizin taleyüklü məsələləri, həyata keçirilən çox böyük layihələr, istər daxildəki prosesləri, 2020-ci il Vətən müharibəsindən sonra həyata keçirilən işlər, istər beynəlxalq aləmdəki dövlətimizin apardığı uğurlu siyasətlə bağlı çalışırıq ki, öz auditoriyamıza, öz seçicilərimizə, gənclərə çatdıraq. Vətən müharibəsində Azərbaycan gəncliyi üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldi, qazandığımız tarixi Qələbə istər elmdə, istərsə də idman yarışlarında uğurlarımızı stimullaşdırır. Bu gün dövlət gənclər üçün böyük imkanlar yaradır, təhsilin müxtəlif pillələrində gənclərimiz dünyanın ən qabaqcıl universitetlərində təhsil alırlar. Azərbaycan gəncini vətənpərvər, intellektual, elmli və fiziki cəhətdən hazır gənclik hesab edirəm.

– Bəs, seçiciləriniz necə, sizdən razıdır?

– Onu seçicilərdən soruşmaq lazımdır. Hesab edirəm ki, maksimum dərəcədə seçicilərimizin tələblərinə uyğun fəaliyyət göstərməyə çalışırıq. Təbii ki, müxtəlif şaxəli tələblər, istəklər olur, çalışırıq ki, maksimum dərəcədə onların problemlərinin həlli istiqamətində yanlarında olub kömək edək. 2 illik fəaliyyətimlə bağlı bu ilin mart ayında hesabatı təqdim etdim, həmin sənəddə bu müddət ərzində görülən bütün fəaliyyətimiz əks olunub. Dediyimiz kimi, bəzən elə məsələlər olur ki, onu mətbuatda işıqlandırmağın lehinə deyilik, lakin mətbuat istədiyi sualı ünvanlandıracağı təqdirdə cavab verməyə hazıram.

– Sahibə xanım necə sədrdir? Kənarda kifayət qədər tələbkar olduğu hiss edilir, onunla işləmək çətin deyil ki?

– Yəqin ki, siz ilk dəfə deyil ki, bu sualı verirsiniz və hər kəsdən də eyni cavabı alırsınız. Sahibə xanım rəhbər və sədr kimi çox gözəl sədrdir və onunla işləmək də çox asandır. Cənab Prezident İlham Əliyevin 2020-ci ildə Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində bizi üçün çox dəyərli tövsiyələr irəli sürdü. Başda Milli Məclisin sədri olmaqla, bütün deputat həmkarlarım qarşıda dayanan vəzifələrin öhdəsindən gəlmək üçün tam səyləri ilə fəaliyyət göstərir. Sədr tərəfindən qanunverciliyə uyğun bütün fəaliyyət qaydaları ortaya qoyulub və bu qaydalara uyğun çalışmaq düşünürəm ki, çox asandır. Hər kəs qanunvericliyə və daxili nizamnaməyə uyğun fəaliyyət göstərir, ona da uyğun biz çalışırıq ki, heç bir neqativ hallara yol verilməsin. Eləcə də, Milli Məclisdə aparılan islahatlar nəticəsində peşəkar gənc kadrlar mühüm vəzifələrə irəli çəkildi, ölkəmizdə 2018-ci ildən aparılan islahatlar Milli Məclisdə də müşaiyət olunur. O səbəbdən də çalışmaq çox asan və gözəldir. Sahibə xanım ümumiyyətlə, çox məsuliyyətli və ağır iş planı üzrə çalışır və hər birimiz dəstəkləyirik, gücümüz çatan qədər verilən tapşırıqlara, məsələlərə vaxtında əməl etməyə səy göstəririk. İntelektual və koordinasıyalı işləyən komandanın ortaya qoyduğu işlə bağlı cəmiyyətdən müsbət impulslar gəlməkdədir. Dövlət başçısının təşəbbüsü, Sahibə xanımın rəhbərliyi ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsi, daha sonra Bakıda böyük konfransın keçirilməsi dövlətimiz adına Hərəkata verilən böyük töhfədir.

– Adil müəllim, Azərbaycanın Qarabağ bölgəsində tam hakim olacağı, bayrağımızın Xankəndində dalğalanacağı günü hər birimiz həsrətlə gözləyirik. Sizin həm rəsmi şəxs olaraq, həm də Azərbaycan vətəndaşı olaraq gözləntiləriniz nədən ibarətdir? Xüsusilə də müxtəlif qurumlar, paytaxtlar yenidən nələrsə qarışdırmağa çalışırlar, katalizatorluq funksiyası fəaliyyətə gətirirlər, gərginliyi tətikləmək istəyirlər. Siz bu proseslərin nəticəsini necə görürüsünüz?

33311dc2-bae6-4ada-b8f0-a6895706f38c.jpg (282 KB)

– Bilirsiniz, Azərbaycan 2020-ci ildə elə böyük uğur, zəfər əldə etdi ki, istər daxili auditoriya, istər beynəlxalq aləm, Azərbaycanı sevməyən qüvvələr hələ bu təsirdən çıxa bilməyiblər. Kiminə xoş, kiminə neqativ təsir bağışlayır və hesab edirəm ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımız qarşısında qoyduğu bütün o çətinliklərə, görüləsi işlərə bu vaxta qədər nail olubdursa, bundan sonra da nail olacaq. Bu günlərdə dünyada çox böyük proseslər gedir, Azərbaycan-Ermənistan münasibətləri, Qarabağla bağlı böyük müzakirələr aparılır, çox böyük təzyiqlər var. Buna baxmayaraq, dövlətimiz, cənab Prezident bunun öhdəsindən layiqincə gələcək. Müəyyən zaman tələb olunur, məsələlər birdən-birə həll olunmur. Torpaqlarımızı işğaldan azad etmək üçün 30 ildən artıq mübarizə və danışıqlar aparıb, eyni zamanda da ordu quruculuğu ilə məşğul olmuşuqsa, bundan sonra da bu məsələlərdə uğur əldə etməsi üçün ağılla, beynəlxalq qanunvericilik və kodekslərə uyğun olaraq bir plan ortaya qoymaq və öz problemlərimizim həllində müəyyən məsələləri həll etmək olar. Azərbaycan hazırda, dediyim kimi, çox böyük təzyiqlərlə üz-üzədir, haqsızlıq, ikili standartlar mövcuddur. Azərbaycanın uğurunu həzm edə bilməyən dövlətlərin rəhbərləri bu gün sanki bütün problemlərini kənara qoyub Azərbaycan-Ermənistan məsələsi ilə məşğul olurlar. Amma Azərbaycan haqq yolundadır, öz əzəli torpaqlarının, sərhədlərinin dəqiqləşdirilməsini istəyir, hansısa dövlətin ərazisinə iddialı deyil, Azərbaycanın həqiqətlərini bilənlər bilir, bilmək istəməyənlərə də Azərbaycan dövləti istər diplomatiya sahəsində, istər platformalardakı aparılan danışıqlar sahəsində bunu dünyaya çatdırır, dünyanı məlumatlandırır.

 

 

– Amma eyni zamanda reallığı və beynəlxalq hüquqa uyğun addımlarımızı qəbul etməyənlər də az deyil. Elə Makronun davranışları konkret misaldır. Bundan sonra Fransanın bu prosesdə hansısa formada iştirakını mümkün sayırsınızmı?

– Ümumiyyətlə, vaxtilə Fransanın Minsk qrupunun həmsədri kimi prosesdə iştirakını Azərbaycan dövləti məqbul saymamışdı. Hələ o vaxtlar ulu öndər Heydər Əliyev bu ölkənin vasitəçiliyini qəbul etmirdi. Çünki birmənalı olaraq Fransa Ermənistanı dəstəkləyir, odur ki, bu dövlətin həmsədr olması məqsədəuyğun deyildi. Elə o vaxtdan biz fransızların həmsədr olmasını istəmirdik. Təbii ki, biz özümüz öz problemimizi həll edəndən sonra da ATƏT-in Minsk qrupunun fəaliyyətini görmədiyimiz üçün yenidən onun bərpa olunmasını, yaxud başqa ad altında bölgəyə missiya göndərməsini qəbul edə bilməzdik. Azərbaycan heç vaxt bu təşəbbüsü qəbul etməyəcək və onlar istəsələr də, istəməsələr də, Azərbaycan öz istəyinə nail olacaq! Çünki onların istədikləri və söylədikləri müvəqqəti xarakter daşıyır. Deyək ki, onlar seçkilər ərəfəsində, yaxud seçkilərdən sonra hansısa bəyanalar səsləndirirlər, amma sonrakı mərhələsində onların bəyanatları sabun köpüyü kimi yoxa çıxır. Biz iki qonşu ölkə olaraq özümüz ortadakı məsələləri həll etməliyik.

– Milli birliyimizi necə qiymətləndirirsiniz, sizcə, spekulyasiya yaratmaq istəyənlərin məqsədi nədir?

– Bilirsiniz ki, 2018-ci ildə Prezident İlham Əliyev yeni islahatların anonsunu verdi və bütün sahələrdə ciddi şəkildə reformalar başladı. Bu da sonda bizə 2020-ci ildəki şanlı Qələbəmizi qazandırdı. Azərbaycan BMT nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etdi.
Düzdür, müharibə cəbhədə getsə də, Ermənistan terroru sərhəddən 100-lərlə km uzaqda olan və mülki vətəndaşlarımızı hədəf aldı. Burda da əsas məqsəd xalqın iradəsini sındırmaq idi, təbii ki, də Azərbaycan xalqı dövlət başçısının ətrafında daha da sıx birləşərək yalnız qələbəyə kökləndi.
Bu birliyi kənar təsirlərlə dağıda bilməyən Ermənistan və onun havadarları öz məkrli siyasətlərini marjinal müxalifətin əli ilə həyata keçirməyə cəhd etdi. Xalqın birliyini pozmağa cəhd etməyin Vətənə xəyanət olmasını başa düşsələr də, təəssüf ki, bir neçə belə adam öz əməllərindən geri çəkilmirlər. Soruşmaq lazımdır ki, bu adamlar Vətən müharibəsində harda idilər, müharibədən sonra niyə Qələbəmizə kölgə salmağa cəhd etdilər, niyə hər addımda Azərbaycanı işğalçı kimi tanıtmağa, əsgərinə, zabitinə dil uzatmağa çalışırlar. Bu gün istər Makronu, istərsə də bu “müxalifəti” danışdıran eyni maraq, eyni mənfəətdir.

– Bəs, siz sərhədlərin dəqiqləşdirilməsi prosedurunun hansı şəkildə həyata keçirilməsini məqbul sayırsınız? Soruşmaqda məqsədim var: 1991-ci ilin 18 oktyabrında Müstəqilliyin Bərpası haqqında Konstitusiya Aktının ikinci maddəsində yazılıb ki, Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir. Eyni zamanda 1-ci maddədə Azərbaycan Xalq Cümhuriyyətinin işğal olunması faktı əksini tapıb. Belə olduğu təqdirdə, Azərbaycan sələfinin ərazilərinə sahiblənmək haqqını masaya çıxara, 1920-ci ilin 28 aprelindən sonra ilhaq olunmuş torpaqları ilə bağlı iddianı rəsmiləşdirə bilməzmi?

– Dövlətimizin sərhəd məsələlərində mövqeyi konkretdir, heç bir halda Azərbaycanın ərazisi heç kəsə güzəştə gedilə bilməz. Delimitasiya və demarkasiya işlərinə başlamağa dövlətimiz hazırdır, qalır burada Ermənistanın siyasi iradə ifadə etməsi. Dəfələrlə bildirilib ki, Ermənistanın sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı məsələdə müsbət mövqeyi olarsa, bu sahədə irəliləmək mümkündür. Azərbaycan döyüş meydanında əldə etdiyi zəfərdən sonra söz sahibidir. Həmçinin Azərbaycan dövlətinin çox böyük fərqlə irəlidə olduğunu, haqlı olduğunu, danışıqlar masasında söz sahibinə çevrildiyini hər kəs görür, qəbul edir. Qarşı tərəf irəli sürdüyü təklifləri bizim qəbul etmədiyimizi bilir, ona görə də tənzimlənmə məsələlərini bilərəkdən uzadırlar. Bilə-bilə ki, bu məsələlərdə haqlı deyillər, amma daxildəki prosesləri “malalamaq” üçün vaxtı uzatmağa çalışırlar. Elə bilirəm ki, dövlətimiz nəyi, necə etdiyini çox gözəl bilir, cənab prezident özü bu məsələlərlə bağlı hər kəsdən çox məlumatlıdır. Çünki uzun illər bu məsələlərlə məşğul olan bir lider olaraq deputatların, məmurların, yaxud digərlərinin bilmədiyi, görmədiyi və nəzərindən qaçırdığı məsələləri cənab prezident çox gözəl bilir. Ona görə də özünəinamı və hadisələri qiymətləndirmək imkanları, bacarığı çox yüksək olduğu üçün xalqımız da, biz millət vəkilləri arxayınıq ki, cənab Prezident bu məsələləri yüksək səviyyədə həll edəcək və Azərbaycan son nəticədə qalib olacaq.

– Danışıqlar masasında 1991-ci, yaxud 70-ci illərin yox, 1918-20-ci illərin xəritəsidir, eləmi?

– Dövlət başçısı bu il ADA-da keçirdiyi görüşdə qeyd etdi ki, sərhəd münasibətləri tənzimlənən zaman 1918-ci ildən 1991-ci ilə qədər olan bütün xəritələr əsas götürüləcək.

– Bu, bir faktdır ki, Qarabağda terrorçu dəstələr var. Azərbaycan onlarla bağlı necə davranmalıdır?

– Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktına imza atması ilə bitdikdən sonra Azərbaycan tamhüquqlu demokratik dövlət, regionun güclü dövləti olaraq o bölgədə antiterror əməliyyatları aparmaq hüququna və qüdrətinə malikdir. Hələ ki dövlətimiz əvvəllər olduğu kimi, yenə də deyir, gəlin məsələləri dinc yolla həll edək. Ancaq ola bilməz ki, bu məsələlərdə Azərbaycan biganəlik nümayiş etdirsin, lazımi qərarlar verilir və veriləcək. Bizim nəyi necə və nə vaxt etməyin lazım olmasını bildirən Ali Baş Komandanımız var.

– Ermənistan Zəngəzur dəhlizinin açılmasına da müqavimət göstərir. Belə olduğu təqdirdə, Laçın yolu, yaxud dəhlizi ilə bağlı qərarımız necə ola bilər?

– İstənilən halda, o yol, o dəhliz Azərbaycanın ərazisidir və Azərbaycan bu gün də o ərazilərə nəzarət edir. Zəngəzur dəhlizi ilə bağlı da mövqeyimiz birmənalıdır. Dövlətimiz Azərbaycanın bir bölgəsindən digərinə getmək üçün maneələrin aradan qaldırılmasını tələb edir. Ola bilər, bu məsələnin həlli müəyyən zaman tələb etsin, amma son nəticədə ona nail olacağıq, buna əminik! Bu gün bizim yeganə məqsədimiz dövlətimizin rəhbərinin cızdığı yol xəritəsini dəstəkləyib, bütün fəaliyyətimizi o istiqamətdə qurmaqdır. Təbii ki, eyni zamanda dövlətimizdə baş verən hadisələrə biganə qalmamaq və bu məsələlərdə cənab prezidentin arxasında dayanıb, o siyasəti dəstəkləyib, o uğurlara nail olmaq.

– Rusiyanın Qarabağdakı hərbi kontingentinin addımları, ermənilərin nə yolla olur-olsun bölgədə qalmasına nail olmağa yönəlik fəaliyyətinə münasibət necə olmalıdır?

– Bu gün bütün dövlətlərlə düşmənçilik etmək olmaz. Dövlətimiz o qədər geniş şaxəli siyasət həyata keçirir ki, biz nəticə əldə etdikdən sonra onu dərk edirik. Görürük ki, dövlətimizin apardığı siyasət doğru siyasətdir. Bu gün bəzi insanlar vaxtilə söylədikləri fikirlərdən imtina edirlər. Razılaşırlar ki, doğrudan da səbr etmək lazım imiş, bir neçə dövlətlə konfrontasiya şəraitində yaşamaq olmaz. Yəni bu, bir siyasətdir, səbr tələb edən ağır, çətin yoldur. Bizə nəticə lazımdır. Əsas məsələ səbrlə gözləyib, sonda uğur əldə etməkdir. Yenə deyirəm, bu gün dövlətimizin çox geniş, şaxəli iş planı var. Bu çox sevindirici haldır ki, artıq Qarabağ məsələsi çox müzakirə edilmir. Əsas müzakirə olunan məsələ Ermənistanla Azərbaycan arasındakı sərhədlər, münasibətlər, sülh sazişidir. Qarabağ məsələsi Azərbaycanın daxili işi kimi qəbul olunur. Artıq səslənən bəyanatları izləyərək görürük ki, ayrı-ayrı dövlətlər Ermənistan barədə fikirlər söyləyirlər. Bu gün Qarabağdakı qondarma qurumla Ermənistan rəsmiləri belə, görüşmək istəmir. Çünki Ermənistanın özünün də böyük problemləri var və o problemləri həll etmək üçün danışıqlar aparırlar. Artıq elə bir mövqedəyik ki, bizim dövlətimizlə hesablaşmamaq, razılaşmamaq mümkün deyil. Təbii ki, müəyyən sıxıntılar, etirazlar olub, olacaq, ancaq nəticə çox gözəl olacaq.