Azərbaycanın Samux rayonundan olan 1992-ci il təvəllüdlü Rafiq Əliyev Ukrayna ordusunda döyüşərək ağır yaralınıb.
Hazırda xəstəxanada müalicə alan Rafiq Əlyev Bakupost.az -a danışıb.
Onun dedikləri sadəcə dəhşətlidir. Bu dəhşət təkcə müharibəylə bağlı deyil. Müharibədən əvvəl də o döyüşüb, amma səngərdə yox; yaşamaq, ac qalmamaq üçün döyüşüb. Min bir əzabla, kimsəsiz böyüyən, küçələrdə yaşayan, həyatın ən ağır üzlərini görən bir gənc taleyini dəyişmək üçün Ukraynaya sığınır, orda da odun-alovun içərisinə düşür.
Döyüşçünün dediklərini, döyüş yolunu, həyat hekayəsini öz dilindən təqdim edirik:
“7 il Ukrayna ordusunda xidmət etmişəm.
2014-cü ildə Ukraynada döyüş başlayanda könüllü şəkildə döyüşlərə qatıldım. İlk xidmət etdiyim yer Donetsk ərazisi olub. Yəni, döyüş bölgələrində olmuşam. 2014-cü ildən 2021-ci ilə kimi Ukrayna ordusunda xidmət etmişəm. Avqustun 26-da müqaviləm bitib. Bu illər ərzində 3 il 58-ci, 3 il də 93-cü briqadada olmuşam. Onların hər birində tağım komandiri rütbəsində davam etdirmişəm. Ötən il aprel ayında Ukraynada azərbaycanlı xanımla ailə qurdum. Artıq qərar verdim ki, tamamilə hərbi ilə vidalaşıram. Çünki yoldaşımın da narahat olmağını istəmirdim. Dedim ki, beləliklə 7 il Ukrayna ordusunda xidmət edib, borcumu yerinə yetirmişəm. Hətta o vaxt qəlpə yarası da almışdım. Lakin fevralın 24-də Ukraynada müharibə başlayanda dözə bilmədim, Səfərbərlik Xidmətinə getdim və könüllü olaraq adımı yazdırdım. Həmin gün gecə saat 1-ə kimi hərbi forma almaq üçün gözlədik, səhər tezdən bizə silah verdilər. Döyüşə Donestk-Avdiivka istiqamətində başladım. Demək olar ki, ora ön cəbhədir. Xarkov-Rusiya-Belqrad sərhədi istiqamətlərindən, Belarusiyadan və Donetsk istiqamətindən ruslar hücuma başlamışdılar. Gecə yarısı biz könüllüləri Ural maşın ilə götürüb döyüş olan istiqamətə yola düşdük. Həmin vaxt daha çox silah-sursatı çatdırmağa çalışırdıq. Çünki bizi gözləyən yerdə silah-sursat azalmışdı. Müəyyən müddət gedəndən sonran bildirdilər ki, bizi mühasirəyə alıblar. Həmin vaxt düşündüm ki, Allah talehimə nə yazıbsa, o da olacaq. Yoldaşımla 4-5 gün əlaqəm tam kəsildi.
Mariupoldan çıxış olmasa da, Volnovaxadan çıxış vardı. Həmin ərazidə bizimlə döyüşənlərin əksəriyyəti çeçenlər idi. Bilirdilər ki, biz kilsəni vurmayacağıq, ona görə də kilsədə gizlənirdilər. Bizim komandir heç bir göstəriş verə bilmirdi və daha çox padvalda gizlənirdi. Mənimlə bərabər daha çox maxelər, əsgərlər vururduq. Rütbəsi yüksək olanların hamsı gizləniblər.
Valeryanka kəndində soyuqda, ac-susuz çöldə qaldıq. Yalnız üstümüzdə siqaret var idi. Kəndin içinə doğru irəlilədikdə boş qalmış evlər gördük. Evlərdən birində kartof tapdıq. Hardasa 5 kq-a yaxın kartofu tonqalda bişirib yedik. 2014-cü ildə müharibə vaxtı Ukraynda hər bir hərbi avadanlıqlarımız var idi. Amma hazırkı müasir dövrdə isə orduya yeni heç bir şey verilməmişdi. Mən və digər döyüş yoldaşlar bir-ikinci tankda, o biriləri isə 3-4-cü tanklarda gedirdillər. Bizdən sonra tankların üstündə gələnləri vurdular. Həmin vaxt çoxlu sayda ölü və yaralı oldu. Gürcülərlə birlikdə olan bölüyümüz bir neçə yaralılara kömək etsək də, çoxuna gücümüz çatmadı . Valeryanka kəndi də artıq ön cəbhə hesab olunurdu. Bizim isə 60 nəfər qüvvəmiz qalmışdı. Lakin buna baxmayaraq, mən iki nəfər əsir götürdüm. Mülki insanların, doğum evində günahsız körpələri vurmaq vicdansızlıqdır. Mənim döyüşdə ləqəbim “Maqa” idi. Orada çoxlu itki verdik. Orada sağ qalmağım bəlkə də Allahın mənə olan mərhəməti idi.
…Mən başqa briqada da Sabirabad rayonundan Asəf adlı bir oğlan ilə tanış olmuşdum . Bir-birimizə “qaqaş”deyə müraciət edirdik. Demişdi ki, Azərbaycandan gəlmişəm və burada yenicə ailə qurmuşam. Döyüş gedən vaxt gördüm ki, çox pis yaralanıb. Ətrafında da heç kim yox idi. Döyüşənlər sağ və sol tərəfi qoruyurdular. Çünki çox güclü atışma gedirdi. Mən də ayağa qalxdım ki, onu dartıb bir tərəfə çıxardım, elə həmin an ayağımdan vuruldum. Daha sonra sağ qolum tərəfdə hərbi paltarımın içərisində “powerbank” aparatını qoymuşdum. Güllə qoluma dəyəcəkdi, amma həmin an “powerbank”a dəyib deşib. Digər ayağımla sürünə-sürünə o biri tərəfə keçdim. Döyüş yoldaşlardan məni götürəndə gördüm ki, azərbaycanlı oğlanın artıq gözü bağlıdır. Onun qara ciyəri artıq dağılmışdı. Ukraynada döyüşdə ölənləri basdırmaq yoxdur, onları qara salafana salıb bir kanalda basdırırlar. Buna “bratskaya moqila”deyirlər. Ona görə də düşünürəm ki, onu da elə basdırıblar.
…Məni demək olar ki, zülümlə oradan zirzəmiyə gətirdilər. Həmin vaxt güclü tank döyüşləri gedirdi və çox vaxt zirzəmi belə titrəyirdi. Heç vaxt düşünmürdüm ki, oradan sağ çıxa bilərəm. Çünki tank döyüşləri çox dəhşətli olur. Bir qədər ara sakitləşəndən sonra gürcü döyüşçülər məni BMP maşınında Donetsk ərazisində Kuraxovda yerləşən hospitala çatdırdılar. Bu hadisə martın 11-də saat 17:35-də baş verib. Hospitalda işıq yandırmaq olmazdı, fanarın işığı ilə məni əməliyyat ediblər. Güllə ayağımın damarlarını dağıdıb. Lakin mən heç sağalmamış hərbi hissədən zəng ediblər ki, siz nə vaxt döyüşə qayıdırsız. Heç kim mənim sağlamlığımı, yaxud yaranın sağalıb-sağalmadığını soruşmayıb. Mən də bildirirəm ki, heç olmasa addım ata bilim, ondan sonra gələcəm. Onlara deyirdim ki, sizinkilər zirzəmilərdə gizlənir, amma biz orada canımız, qanımız bahasına döyüşürdük. Deyirəm ki, siz bizə qara millət deyib əzməyə çalışırdız, amma bu gün biz orada döyüşürük. Ermənilər, belaruslar, çeçenlər, suriyalıların hamısı ruslar tərəfdən vuruşurdular. Bunların hamısı pula görə döyüşənlərdir.
Biz isə döyüşüb can qoyuruq, amma düzgün münasibət görmürük.
Kuraxovdan sonra məni Nepr şəhərində 16-saylı xəstəxanaya gətirdilər. Xəstəxanada bizlə heyvan kimi davranırdılar. Hazırda isə Ukraynanın Vinnitsa şəhərindəyəm. Kağızlarıma yazılıb ki, guya, mən əsgərəm, guya, qəlpə yarası almışam. Hətta yazılıb ki, mənim yaralı olmağım Vətən uğrunda yox, xidmət zamanı olub. Vətən uğrunda və xidmət zamanı sözləri tamam başqadır. “Niyə olanları düzgün yazmamısız” sualına heç kim cavab vermir. Ana vətənimdən başqa heç kimə borclu deyiləm. İndi talehin acınacaqlı qismətindən gəlmişəm burada yaşamağa.
…Mən yetimlik görmüşəm, çox böyük əziyyətlərlə böyümüşəm. Biz Ukraynaya gəldik, anam burada dünyasını dəyişdi. Daha sonra 12 yaşımda atam məni Azərbaycana Samux rayona aparıb babamgilə verib, Rusiyaya getdi. Atamdan heç bir kömək görməmişəm. Bacım ailə qurdu. Mən də qardaş olaraq babamdan xahiş etdim ki, bacıma yetim pulunu verin. Çünki o qaçmışdı deyə heç nəyi yox idi. Onun üstündə məni evdən qovdular. Gəncəyə gəldim və orada xeyirxah insanlar məni öz yanında saxlayaraq kömək oldular. Həmin vaxt İcra Hakimiyyətinə müraciət etdim ki, məni internat məktəbinə qoysunlar. Lakin orada mənə dedilər ki, səni kimsə gətirməlidir. Demək olar ki, məndən imtina etdilər. Həmin vaxt o qədər ağladım ki, hətta öz-özümə dedim, türməyə getməyə belə hazıram. Çünki qalmağa yerim yox idi. Hətta 3-4 dəfə Xoşqədəm xanımın verilişinə zəng etdim. Heç kim məni eşitmədi. Həmin vaxt parkda yatırdım. Yaxşı ki, yaxşı insanlar var. Məni parkdan götürdülər və mənə evlərində bir sığınacaq verdilər. Həmin vaxt mənim 14 yaşım vardı. Daha sonra xidmət zamanı gəldi və Füzuli rayonun Əbdülrəhmanlı kəndində hərbi xidmətdə oldum. Hərbi xidməti bitirəndən sonra fəhləlik etməyə başladım. 300 dollara yaxın pul topladım və Ukraynada anamın dostugilə getdim. O mənə öz yanında sığınacaq verdi. Daha sonra azərbaycanlı uşaqların yanında işlədim. Bir az pul toplayıb sənədlərimi düzəldib, buranın vətəndaşı oldum. Həmin vaxt həbsxanada nəzarətçi işinə düzəldim. 2014-cü ildə hərbi vəziyyət elan olunmazdan əvvəl bildirdilər ki, müharibə vəziyyəti yarana bilər. Həmin vaxt mən könüllü olaraq orduya yazıldım. Daha sonra hərbi vəziyyət dayandı. Amma hərbidə olmaq xoşuma gəldi. Orada mən ali təhsil aldım, daha sonra tağım komandiri oldum. Mənim rəhbərliyimdə 12 əsgər vardı və onlara cavabdeh idim. 2021-ci ilin aprel ayında ailə qurandan sonra dedim ki, artıq hərbi ilə vidalaşmaq lazımdır. Avqustun 26 da isə hərbi ilə olan müqaviləm bitdi. Daha sonra bu müharibə başlayanda yenə dözə bilmədim və müharibəyə qoşuldum. Amma görürəm ki, burda heç kim buna dəyər vermir. Mən hər zaman çalışmışam ki, Azərbaycan xalqını burada yaxşı təmsil edim. Bunların tarixinə bizim millətin qəhrəmanlığı haqqında yazılar yazılsın istəyirəm. Onlara görə mən həyatımdan ola bilərdim. Amma görürəm ki, burada unudulur. Mən burada hər zaman deyirəm ki, Azərbaycan xalqı Vətən Müharibəsində və müharibədən sonra öz qazilərinə necə böyük dəyər və hörmət qoyur. Amma burada o yoxdur. Çünki birlik olmayan yerdə qələbə ola bilməz. 7 il Ukrayna ordusunda xidmət etmişəm, amma heç vaxt medal almamışam və yaxud bəziləri kimi yaltaqlıq edib medal istəməmişəm. Hətta burada evim, torpağım belə olmayıb. Həmişə kirayələrdə qalmışam. Arzumdur ki, Azərbaycana qayıdım, ailəmlə birlikdə orada yaşayım. Mənim də daimi yuvam olsun. Çünki indiyə kimi heç nəyim olmayıb…”.