Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb. Minval.info kitabın Konkret.az saytında dərc olunan maraqlı hissələrini oxucularına təqdim edir.

***

DTK-nın qrupu şosse ilə saatda 110 km sürətlə irəli şütüyüblər və növbəti DAM postuna çatıblar. Onlar orada iki maşının keçib-keçmədiyini soruşublar, mənfi cavab alanda məyus olublar. Nə baş verdiyini anlayana qədər bizim maşın ötüb keçib və DTK qrupu bu qənaətə gəlib ki, maşındakılar (iki kişi və iki qadın) təbiətin çağırışına boyun əyərək meşəyə dönüblərmiş.

Əvvəli burada (

Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb. KONKRET.az kitabın maraqlı hissələrini oxucularına təqdim edir

***

DTK-nın qrupu şosse ilə saatda 110 km sürətlə irəli şütüyüblər və növbəti DAM postuna çatıblar. Onlar orada iki maşının keçib-keçmədiyini soruşublar, mənfi cavab alanda məyus olublar. Nə baş verdiyini anlayana qədər bizim maşın ötüb keçib və DTK qrupu bu qənaətə gəlib ki, maşındakılar (iki kişi və iki qadın) təbiətin çağırışına boyun əyərək meşəyə dönüblərmiş.

Əvvəli burada (https://konkret.az/gorus-yerine-gecikmek-olmaz-ssri-ye-sigismayan-casus-polkovnikin-baqaja-sigmasi)

Həmin vaxt mən klaustrofobiya (qapalı məkanda olmaq qorxusu) ilə mübarizə aparırdım. Axırda birtəhər pencəyimi çıxardım, ancaq onunla əlləşərkən gərginlikdən tərə-suya batdım. Bu yerdə birinci həb öz işini görməyə başladı. Mən yerimi rahatladım. Yolun nahamarlığı və küçə hərəkəti səslərindən Vıborqdan keçdiyimizi təxmin etdim və gurultudan istifadə edərək yaxşıca öskürdüm, başa düşürdüm ki, sərhəddə bunu etmək mümkün olmayacaq.

Əlacsızlıq dolu ümidsizlik barədə dastanı ixtisar etməkdən ötrü bəri başdan deyim ki, biz 5 sərhəd baryerini yarım saatdan az müddətdə keçdik. Mənim ilk işim alüminium adyalı üstümə çəkmək və bayırda lazımi prosedurların həyata keçirildiyi bütün vaxt ərzində tərpənməz şəkildə uzanmaq idi. Pop-musiqi səslənməkdə davam edirdi və 3-4 dəqiqədən sonra biz yolumuza davam edirdik. Axırıncıdan əvvəlki dayanacaqda maşının mühərriki söndürüldü və musiqi səsi kəsildi. Sakitlikdə mən rusca danışan qadınların səsini eşitdim və  düşündüm ki, biz DTK-nın sərhəd yoxlanışlarını uğurla keçmişik, indi işimiz gömrükçülərdən aşır. Hər iki ingilis rus sözlərini qatıb-qarışdıraraq tələffüz edir, gömrükçülərə gənclər festivalı ilə bağlı problemlər barədə danışırdılar. Gömrük əməkdaşları olan qadınlar çoxu sərxoş olan finlərin böyük axını üzündən düçar olduqları yorğunluqdan şikayət edirdilər. Sonra qulağıma çox yaxından it hürüşü və iyləməsi səsi gəldi və bu, xoşagəlməz idi. O zaman bilmirdim ki, mənim xilaskarım olan qadınlardan biri itlərin diqqətini maşından yayındırmaq üçün onlara kartof çipsləri yedizdirirmiş.

Mən bütün bu vaxt ərzində kiminsə baqajı açacağı təqdirdə nə baş verəcəyini düşünürdüm. Britaniyalılar, belə başa düşürdüm ki, məndən imtina edəcəklər. Onlar təəccüb ifadə edəcək, “bu, təxribatdır”, – deyə səslərini qaldıracaqlar və bəyan edəcklər ki, mənim kim olduğum barədə təsəvvürləri yoxdur. Deyəcəklər ki, mənim haqqımda heç nə bilmirlər, görünür, məni onlara Leninqradda, onlar oteldə səhər yeməyi yeyərkən soxuşdurublar. Axı başqa cür onları həbsxanaya sala bilərdilər. Mənə gəlincə, təslim olmaqdan başqa, heç bir planım yox idi.

6-7 dəqiqə bir saat kimi keçdi. Paltarım tərdən islanmışdı. Tənəffüsüm ağır bir zəhmətə çevrilmişdi.

Mən bütün iradəmi sakit uzanmaq üçün cəmləşdirməliydim. Ancaq budur, mənə ifadə edə bilməyəcəyim rahatlıq gətirən hadisə baş verdi; adamlar avtomobilə yenidən oturduğu üçün maşının yırğalandığını hiss etdim. Mühərrik işə düşdü, əvvəlki kimi gur musiqi səsləndi və biz yolumuza davam etdik. Nəhayət, mən uzanma pozamı dəyişmək qərarına gəldim… ancaq burada hərəkətimiz yenidən ağırlaşdı. Daha bir qısa dayanacaq – və tam sürətlə irəliyə doğru şütümə. Birdən-birə pop-musiqi yerinə Sibeliusun möhtəşəm “Finlandiya” əsərinin akkordları eşidildi. Mən bu musiqi parçasını bir saniyədə tanıdım və başa düşdüm ki, bu, siqnaldır: biz artıq Finlandiyadayıq.

Şad xəbər şüura dərhal çatmadı və daha bir, sonuncu qorxunu yaşamaq lazım gəldi. Maşın asta-asta irəlilədi, dayandı və birdən geri-geri hərəkət etdi. Mən ruhdan düşdüm: bizi geriyə, sərhədə qaytarırlar.

Əslində isə sürücü bizə lazım olan qəsəbənin döngəsini ötürübmüş. Bir neçə saniyədən sonra hiss etdim ki, maşın yoldan buruldu və təkərləri torpaq yolun kələ-kötürlərinin üstündə atılıb-düşməyə başladı. Nəhayət, axırıncı dayanacaq – mən ingilis danışığı eşitdim.

Baqajın qapağı açıldı və mən mavi səma, buludlar və şam ağacları gördüm. Ancaq əsl xoşbəxtlik hissini qaçış planımı işləyib-hazırlayan sadiq dostum və İngiltərədəki kuratorum Coanın çöhrəsini görəndə yaşadım.  Onu görəndə anladım ki, mənim bütün həyəcanlarım artıq arxadadır. Britaniyalı dostlarımın cəsarəti və ustalığı sayəsində mən DTK-nın hər yerdə mövcud olan hakimiyyətindən xilas olmuşdum. Mən qaçmışdım! Mən təhlükəsizlikdəydim! Mən azad idim.

2-ci fəsil. Əsil-nəsəb

Mənim əsil-nəsəbim çox adidir. Mən birinci nəsildən olan ziyalı ailəsindən çıxmışam. Ata tərəfdən baba və nənəmi bir dəfə də görməmişəm, ancaq bilirəm ki, onlar Yeral keçidində, kiçik, bir neçə evdən ibarət yaşayış məntəqəsində yaşayıblar. Bu məntəqə Volqanı Cənubi Uralla birləşdirən dəmiryol sahəsinə aid olub. Mənim babam Lavrenti Qordiyevski burada onbaşı usta işləyib və qatar vaqonlarının ard-arda qoşulmasına cavabdeh olub. Ailə əfsanəsinə görə, bir dəfə o, buferlərin arasında qalıb və bu hadisə onun vaxtından əvvəl istefaya çıxmasına səbəb olub. Mənim fikrimcə, çar Rusiyasının ucqarlarından olan sadə bir fəhlənin öz oğlunu, mənim atam Anton Lavrentiyeviçi müəllimlər seminariyasına oxumağa göndərməsi gerçəkdən fəxr etməyə layiq hərəkətdir. Sadə olsa da, bu təhsil müəssisəsi atam üçün uğurlu karyera yolu açıb.

Atam 1896-cı ildə Yeral keçidində doğulub. Bu yerlər başqırdlar və tatarların məskəniydi, ancaq Qordiyevski ailəsinin yaşadığı rayonda yalnız rusca danışırmışlar, ona görə də atam uşaqlıqdan rus dilini bilirmiş. O, yerli məktəbdə oxuyub, on səkkiz yaşında isə Çelyabinskdəki müəllimlər seminariyasına daxil olub. Atam orada yaxşı ümumi təhsil alıb, rus ədəbiyyatına qızğın maraq göstərib. İnqilabdan bir az əvvəl, 1917-ci ildə evə qayıdan atam kənd məktəbinin direktoru olub və daha bir müəllimlə birlikdə bütün fənnlərdən dərs deyib. Həmin vaxt ucqar əyalətdə əhalinin səksən faizi kəndlilərdən ibarət olub və əksəriyyəti savadsız imiş, ona görə də məktəb, böyük ehtimalla, ibtidai məktəb olub. Düşünürəm ki, atam yaxşı dərs deyib, çünki o, öz işini sevirdi və şagirdlərdə biliklərə meyl yaratmağı bacarırdı. Eyni zamanda o, kilsə xoruna rəhbərlik edirmiş. Sonda o, artıq öz dini əqidəsi ilə vidalaşsa da, bəzən köhnə əyyamları yada salır və babat şam yeməyindən, bir neçə qədəh araqdan sonra gözəl bariton səslə dini ilahilər oxuyurdu.

1917-ci ildə baş verən oktyabr inqilabı onun həyatının axarını dəyişmişdi. O, alovlu və əqidəli kommunist olmuşdu və ömrünün sonuna qədər də elə qaldı. Mən heç cür bilə bilmədim ki, 1917 və 1918-ci illərin hadisələrində o, necə iştirak edib, ancaq güman edirəm ki, atam sosialist-inqilabçılara (eser), bu, ən böyük partiyanın kənd yerlərində xüsusi nüfuza malik olan sol qanadına qoşulub.

Eserlər təkcə sosialist yox, eyni zamanda aqrarçı olublar: onların rəhbərləri inqilabi hərəkatda proletariatın avanqard rolu haqqında marksist şüarı rədd edirmişlər. Onlar əksinə, bəyan edirmişlər ki, ölkədə başlıca rol rus kəndlisinə məxsus olmalıdır. 1917-ci ldə partiya iki, sağ və sol qanada bölünüb və sol qanad bölşevik partiyasına birləşib. 1917-ci iıin axırlarından 1918-ci ilin ortalarına qədər Lenin hökumətinin tərkibinə bolşeviklərlə yanaşı sol eserlər də təmsil olunublar (eserlərin ekstremist radikal üzvlərinin çoxu DTK-nın prototipi olan Fövqəladə Komissiyanın (FK – rusca ÇK) üzvləri olublar. Ancaq 1918-ci ilin yayında bolşeviklərlə eserlərin arasında ixtilaf baş qaldırıb və bu, sonuncuların partiyadan qovulmasıyla nəticələnib.

Atam heç vaxt bu hadisələrdəki rolu barədə danışmazdı, yalnız onu deyirdi ki, 1919-cu ildə Kommunist Partiyasının üzvlüyünə namizəd olub, 1920-ci ildə isə üzvlüyə qəbul edilib. Çünki o, müəllim olaraq burjuaziya sinfinə aid olduğu üçün 1 il üzvlüyə namizəd stajı keçməyə məcburmuş, ancaq proletariat nümayəndələri bundan azadmış.

1920-ci ildə onu kəndlilərdən ərzaq müsadirə edilməsi işlərini aparmaq üçün Orenburqa göndəriblər. Bu, amansız-acımasız əməliyyat olub, tez-tez zorakılıqla həyata keçirilib. Atam bu haqda da heç vaxt təfərrüatlı şəkildə danışmazdı, yalnız xatırlayardı ki, ərzaq yığımı əməliyyatlarında iştirak edib. Sonrakı illərdə o, taxılın mərkəzi tədarükü və Qərbə satışı ilə məşğul olub. Kənd təsərrüfatı sahəsində mütəxəssis və ya iqtisadçı olmasa da, atam mahiyyət etibarilə yalnız və yalnız partiyanın şüurlu üzvü, ideoloji baxımdan səbatlı, natiqlik qabiliyyəti olan və ərzaq probleminin həllinə təsadüfən cəlb edilən biri olub.

Sonralar, altmışıncı-yetmişinci illərdə, demək olar ki, hər bir dövlət qulluqçusu Sov.İKP-nin üzvüydü. İnsanlar partiyaya ideoloji səbəblərdən daxil olmurdular, sadəcə, ona görə kommunist olurdular ki, bunsuz hər hansı bir uğurlu karyera mümkün deyildi. Ancaq mənim atam üçün gəncliyində kommunizm din, partiya Allah idi. Onun hakimiyyətinə və müdrikliyinə şübhə etmək borca, şərəfə və əqidəyə etina etməməyə bərabər idi. Mənim atam özünü ürəkdən inandığı bir ideala həsr etmişdi.

Onun övladları olaraq bizim üçün atamın keçmiş həyatı mübhəmlik haləsinə bürüncəkliydi. Öz ailəsi haqqında o, eynilə ərzaq yığımından bəhs etmədiyi kimi, xüsusi söhbət açmazdı. Anam bir dəfə dedi ki, onun qardaşı və bacısı varmış, amma mən dünyaya gəlməzdən öncə onlar yoxa çıxıblar Və mən öz xəyali dayımı və xalamı heç vaxt görmədim. Eyni şey atamın valideynlərinin də başına gəlib Görünür, onlar inqilabdan sonra baş verən hadisələrin və vətəndaş müharibəsinin burulğanına düşüblər və onda batıblar (Konkret.az)

(Ardı var)