02.10.2026 - 14:55
Araşdırma 2. 335 baxış

VACİBTİK-TOKDA KİBER-QULDURLUQ: “Ucuz internet” tələsi ilə vətəndaşlar soyulur

Azərbaycanda kiberfırıldaqçıların yeni və daha təhlükəli soyğunçuluq dalğası başlanıb.

Son günlər “TikTok” sosial şəbəkəsində “az pul ödə, böyük internet paketi qazan” şüarı ilə kütləvi şəkildə yayımlanan sponsorlu reklamlar minlərlə vətəndaşın bank hesablarını hədəfə alıb.

Musavat.com-un araşdırması ortaya çıxarır ki, bu reklamlar adi yanlış məlumatlandırma yox, insanları açıq-aşkar qarət etmək üçün qurulmuş peşəkar dələduzluq şəbəkəsidir.

“ButaPay” və “MegaPay” saxtakarlığı: Operatorların adı altında böyük soyğun

Ekran şəkli 2026-10-01 142001.png (764 KB)

Kiberdələduzlar ölkənin aparıcı mobil operatorları olan Azercell, Bakcell və Nar brendlərinin loqolarından, rənglərindən və vizual elementlərindən qanunsuz istifadə edərək saxta “qablaşdırma” yaradıblar.

Gözünə kül üfürmək istədikləri vətəndaşlara “82 GB + 2000 dəqiqə = 10 AZN” və ya “3 AZN ödə – 10 GB internet və 100 dəqiqə əldə et” kimi bazar reallığı ilə daban-dabana zidd olan “nağıllar” təklif edirlər.

Ekran şəkli 2026-10-01 142028.png (560 KB)

“ButaPay” və “MegaPay” adları arxasında gizlənən bu kiberquldurlar yaratdıqları saxta görüntülərlə insanlarda guya rəsmi kampaniya ilə qarşılaşdıqları illüziyasını formalaşdırırlar.

Ekran şəkli 2026-10-01 121517.png (40 KB)

Musavat.com-un keçirdiyi qlobal WHOIS və domena-analiz araşdırması fırıldaqçılığın planlı xarakterini tam çılpaqlığı ilə sübut edir. Məsələn, istifadəçilərin yönləndirildiyi butapayaz.online domeni cəmi bir neçə gün əvvəl — sentyabr ayının sonlarında xarici anonim registrarlar (NameCheap) üzərindən tələsik qeydiyyata alınıb. Güvən indeksi sıfır olan, sahibinin kimliyi gizlədilən və ömrü cəmi bir neçə həftəlik nəzərdə tutulan bu cür domenlərin yeganə məqsədi kütləvi şəkildə vətəndaşların kart məlumatlarını ələ keçirib dərhal izi itirməkdir. Rəsmi ödəniş sistemləri və ya mobil operatorlar heç bir halda yeni açılmış, .online və ya .shop uzantılı anonim resurslardan istifadə etmirlər.

Tələ necə işləyir? — Soyğunçuluğun 3 addımı

– İllüziya yaratmaq: “TikTok”da istifadəçilərin qarşısına sponsorlu videolar çıxarılır. Rəsmi logoları və brend rənglərini görən vətəndaş qarşısındakının tələ olduğunu anlamır.

– Fişinq bataqlığı: İstifadəçi “Hemen al” və ya “Daha fazla bilgi edin” düyməsinə klikləyən kimi platformadan kənarlaşdırılır və xüsusi hazırlanmış tələ saytlara — butapayaz.online və megaapay.shop kimi fişinq resurslarına yönləndirilir. Bu domenlərin mobil operatorlara və ya hər hansı qanuni ödəniş sisteminə heç bir aidiyyəti yoxdur; onlar sırf rekvizitləri oğurlamaq üçün açılmış anonim platformalardır.

Ekran şəkli 2026-10-01 122656.png (71 KB)

– Kartların sıfırlanması: Saxta səhifədə paket seçimi adı altında vətəndaşdan bank kartının 16 rəqəmli kodu, son istifadə tarixi və ən əsası — CVV/CVC təhlükəsizlik kodu tələb olunur. Bu məlumatlar daxil edildiyi an kart dələduzların texniki nəzarətinə keçir. Bundan sonra vətəndaşın hesabından məbləğdən asılı olmayaraq bütün pullar hissə-hissə və ya birdəfəlik çəkilir. Yüzlərlə vətəndaş artıq bu şəbəkənin qurbanı olub.

“TikTok” cinayətə nəinki göz yumur, ŞƏRAİT YARADIR!

Ekran şəkli 2026-10-01 121616.png (125 KB)

Məsələnin ən biabırçı və dəhşətli tərəfi isə “TikTok” sosial şəbəkəsinin tutduğu mövqedir. Minlərlə vətəndaş, zərərçəkən və kiberanalitik bu saxta reklamları platformaya kütləvi şəkildə şikayət (report) etsə də, “TikTok”un moderasiya sistemi hər dəfə “reklamda heç bir icma qaydası pozuntusu tapılmadı” cavabını verir.

Bunun adı açıq-aşkar kiberfırıldaqçılığa şərait yaratmaqdır!

Dələduzlar bu reklamların milyonlarla azərbaycanlının qarşısına çıxması üçün “TikTok”a böyük məbləğlərdə pul yatırırlar. “TikTok” isə cibinə girən reklam gəlirinə görə gözünü cinayətə yumur, fırıldaqçıların hesablarını bağlamır və onları müdafiə edir. Transmilli platforma faktiki olaraq azərbaycanlıların cibinin soyulmasında cinayət şərikinə çevrilir. Belə bir platformanın ölkə ərazisindəki fəaliyyəti hüquqi müstəvidə ciddi şəkildə araşdırılmalı və qəti tədbirlər görülməlidir! Məsələni detalları ilə “TikTok”un rəsmi ünvanlarına göndərdik və nəticəsini gözləyirik.

Bu əməllər mübahisəsiz şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənən kiber-cinayətdir:

– Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq): Əlbir olan bir qrup şəxs tərəfindən elektron informasiya sistemlərindən istifadə etməklə özgə əmlakının mənimsənilməsi dərhal ağır cinayət məsuliyyəti yaradır.

– Kompüter informasiyası sahəsində cinayətlər (30-cu fəsil): Bank rekvizitlərinin qanunsuz ələ keçirilməsi, məlumatların saxtalaşdırılması birbaşa azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Vətəndaşlara XƏBƏRDARLIQ: Tələyə düşməyin!

Musavat.com olaraq vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırırıq:

– Tələyə inanmayın: Dəfələrlə ucuz təklif olunan heç bir internet paketi real deyil. Mobil operatorların rəsmi qiymətləri yalnız onların rəsmi tətbiqlərində və saytlarında olur.

– Ünvanı yoxlayın: .shop, .online kimi şübhəli və anonim domenlərə, xüsusilə “TikTok” reklamlarından açılan saytlara heç bir məlumat yazmayın.

– CVV/CVC kodunu QORUYUN: Kartın arxasındakı 3 rəqəmli kodu və telefonunuza gələn SMS təsdiq kodlarını heç bir halda tanımadığınız resurslara daxil etməyin.

– Təcili addım atın: Əgər artıq məlumat yazmısınızsa, dərhal bankınızla əlaqə saxlayıb kartı blokladın, Daxili İşlər Nazirliyinin 102 və Elektron Təhlükəsizlik Xidmətinin 961 Qaynar Xətlərinə məlumat verin.

Aidiyyəti dövlət qurumlarının butapayaz.online və megaapay.shop kimi saxta resursların ölkə ərazisindən girişini təcili bloklaması, eləcə də fırıldaqçılığa çanaq tutan “TikTok” platforması ilə bağlı adekvat addımlar atacağı gözlənilir.

Musavat.com mövzunu diqqətdə saxlayacaq.

Məhəmməd Türkmən / Musavat.com

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: