Bakının sərnişin avtobuslarındakı problemlər davam edir, etməkdədir və belə görünür ki, hələ uzun müddət davam edəcək.

Bu gün Ziya Bünyadov prospektində yeraltı tunelin üstündə tıxac vardı. Elə tıxacdaca da bir avtobusdan enib, qarşıya keçdim ki, o birini əldən buraxmayım. Dayancaqda gözləyirdim siqnal, basabas, işə gecikən insanların haqlı deyinməsi və s. Elə bu dəmdə tıxacdan bir taksi dənizdə boğulmaqdan xilas olurmuş kimi çıxıb, “Neftçilər, Qarayev” qışqırır. Başımı yelləyib dedim, “sür, əmoğlu, sür”. Daha soruşa bilmədim, “maqnitafonun var?”…

Gördüm, tıxacda hörmətli avtobuslarımız can çəkişir, düşündüm, ordan çıxan avtobus dayanacaqda durmaz, adəti üzrə avtoşluq edər. Geriya qayıdıb, tıxacda düşdüyüm kimi, bir başqa avtobusa mindim. Axı gözəl və günü-gündən inkişaf edən Bakımızda Formula 1 yarışları yenicə bitib. Bu da bir tərəfdən avtobus sürücülərini təhrik etmiş olar. Amma sağ-sol edib, başqalarının həyatını təhlükəyə atsa da, insafən dayanacaqda dayandı. Lakinü, fəqət dayancaqdan elə çıxdı ki, insanlar mübarək ay daxil olmamış, əllərini havaya açıb günahlarının bağışlanmasını diləyirdi: “İlahi, bizi öldürmə, yazığıq”. Həmin an qarşısında maşın qəfildən dayandı. Bu zamansa avtobusun yenidən sağ-sol edib, əyləci qarşısındakıtək basması növbəti dualara, amma bununla yanaşı, qarğışlara səbəb oldu.

Yenə də insafən cəsarətli insanlarımız “klass göstərir, kartof daşıyır” deyib, “güclü” etiraz səslərini qaldırdılar. Sürücü də sanki adrenalin həbləri qəbul etmişdi. Durmaq bilmirdi. Başqa bir avtobusla yarışa durdu. Özü də kolleqasından narazılıq edirdi: “Eşşək, bunun “açki”sinə, yaşına bax, “açkarik””. (Özündən xəbəri yoxdur). Avtobusa enib-qalxanları da acıqlaya-acıqlaya tələsdirirdi.

Bu fonda isə sərnişinlərin “Ay aman, bu bizi öldürəcək” səsləri və buna oxşar sakit səslə güclü etirazları havada dövrə vurur, rəqs edirdi. Amma sürücüyə gəlib az qalmış yerə tökülürdü bu sözlər, kəlmələr. Lakin yenə də insafən bir kişi düşəndə narazılığını bildirməyi unutmadı. “Yavaş sür ginən, camaat bir-birinə dəgir” – anlaqsız xırıltılı asta tonla aksiya keçirdi. Sürücü isə “hə, nə deyirsən? Qanmadım nə dedin, gələn dəfə qanaram” cavabı bir başqa ekzotikaydı. Zatən qansaydın nəyə görə belə sürəsən ki…

Mən isə içimdə “buna layiqsiniz” deyə düşünür, bir azca, lap az e, gülümsünürdüm. Birdən sürücülərə etiraz edə bilməyənlər, məni döyə, söyə bilər axı. Niyə? Çünki avtobuslardan dəfələrlə yazı yazmışam, birində isə çəkilişlə birgə saytda dərc etmişik. Günahkar cəzalanıb, hətta sürücülükdən məhrum olunub. Amma mən söyülmüşəm “qeyrətli” oğullar tərəfindən. Nöhün ki, çəkmişəm… Amma o qeyrətli oğulların ailələri o maşında gedib-gəlirlər. Onların sağlamlığını, əmniyyətini, təhlükəsizliyini düşünüb çəkib və yazmışam. Çünki o videodan sonra başqa bir ölümlə nəticələnən avtobus qəzası baş verdi. Bu qəzaya səbəb olan isə narkotik istifadəçisi imiş. Bundan bəlkə də bir çoxları xəbərdar olub, lakin söyülməmək, döyülməmək, başlarının həmişə dik olması və s. üçün dinmirlər, danışmırlar. Onsuz da hər mövzuda dinməyib, danışmamaq bizim adətimizə çevrilib.

Onu deyirdim axı, “siz buna layiqsiniz”…

 

Samir Mirzə