“Deputatın əməkhaqqının böyük hissəsi elə seçicilərə sərf olunur”

Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin ötən iclaslarından birində Qarabağ qaziləri ilə bağlı hökumətə təsirli bir müraciət etdi və sosial şəbəkələrdə, mediada geniş müzakirə olundu. Uzun fasilədən sonra “Yeni Müsavat”a verdiyi müsahibəsində bu mövzudan da danışdıq və maraqlı təkliflər səsləndirdi. Öncə həmsöhbətimin əvvəlki dövrlərlə müqayisədə gümrah görünməsi, yüksək əhval-ruhiyyədə olması diqqətimi çəkdi. Söhbətə idman, pəhriz və digər mövzulardan körpü saldıq. 

– Siyavuş bəy, deyəsən, idman edirsiniz. Yenə futbol?

– Yox. Futbolda yaşlı adamlar travma alır, sağalması bir az uzun çəkir. Odur ki, trenajor, gimnastika daha yaxşıdır. Hər gün 12 km yeriyirəm.

– Nə qədər çəki atmısınız?

– Mən istədiyim qədər çəki atıram, özüm istədiyim qədər tənzimləyirəm. Normanı keçdimsə, saxlayıram.

– Qida rejiminə necə əməl edirsiniz?

– Məndə pəhriz yoxdur. Yeməyə o qədər də meylli deyiləm. Səhər yeyirəm, bir də axşam.

– Spirtli içkilərə münasibətiniz necədir?

– Heç bir münasibətim yoxdur. Mömin adamam.

– Həcc ziyarətinə getmək istəyirsiniz?

– Mən Həcc ziyarətinə getmişəm. Bir dəfə Ümrədə olmuşam. Gələcəkdə, inşallah. Bir az vəziyyət düzəlsin. Ora sərbəst getmək lazımdır.

– Hazırkı qiymətlər qorxutmur ki? 9 min manat yüksək məbləğ deyil?

– Mən dini komitənin sədri işləmişəm. Bizə də müraciətlər olurdu, o məsələni araşdırmışam. Deyək ki, Bodruma gedirsən. Bir var yanvar ayından bron edirsən, bir də var elə üç gün qalmış fikirləşirsən ki, gedim. Təbii ki, qiymətlər fərqli olur. Həcc ziyarəti elan olunanda yer ayırır. Deyir, Azərbaycan nə qədər yer istəyir? Azərbaycan bilmir bu il ora nə qədər zəvvar gedəcək ki, qiymətini ödəsin, o yerləri götürsün. Deyirlər, Türkiyədə Həcc ziyarəti ucuzdur. Hər bir şey araşdırma tələb edir. Türkiyədə 1,5 milyon insan Həcc növbəsindədir. Amma Türkiyəyə 150 min yer verirlər. On nəfərdən biri istər-istəməz gedəcək. Ona görə də yanvar ayından 150 min yeri götürür. O vaxt isə hotellər də boş olur, yaxud hotellərə də, nəqliyyat sisteminə də pul lazım olur. Hamısını bron eləyir, ödəniş edir, Həcc vaxtı da gedir. Bizdə isə iki gün qalmış deyir, durum gedim Həcc ziyarətinə. İndi gəl orada yer tap… Ona görə də qiymət qalxır. Yanvarda müraciət olunsa, siyahı bilinsə ki, nə qədər adam getmək istəyir, yerlər əvvəlcədən bron olunsa, o halda qiymət xeyli azalacaq.

– Siyavuş bəy, parlamentin ötən iclasındakı çıxışınız xeyli maraq doğurdu, bilmirəm xəbəriniz oldu, ya yox?

– Baxdım.

– Adətən sərt şəkildə tənqid olunurdunuz. Amma bu dəfə sosial şəbəkələrdə belə təqdir olundunuz, bir çoxları “Siyavuş Novruzov haqlıdır” söylədi çoxları. Deməli, insanlar müsbət fəaliyyəti qiymətləndirirlər, kimliyindən asılı olmayaraq…

– Hə, qazilərlə bağlı… Düzdür, söyənlər də oldu ki, bu, niyə danışır? Amma ümumilikdə bu problem varsa, məsələni qaldırmaq lazımdır. Bəzən görürsən problemi qaldırırlar, onun həll yolunu göstərmirlər. Bu problem var, onu necə həll etmək lazımdır? Hansı proqramla həll edək, bu barədə heç nə deyilmir. Ciddi məsələləri qaldırırlar ki, bu, elədir, bu, belədir… Tələbələrlə bağlı və s. Amma həll yolu göstərilmir. Bizdə konkretlik var ki, hələ müəyyənləşməlidir qazilər kimlərdir, statistika dəqiq aparılmalıdır. Birinci Qarabağ müharibəsində biz vaxtında bu işi həyata keçirmədik. Birinci Qarabağ müharibəsinin 80 min iştirakçısı var. Halbuki 80 min insan döyüşsəydi, biz 20 faiz torpaq itirə bilərdikmi? Yox. 80 min nəfər iki ordu deməkdir. O vaxt Azərbaycanda Qazaxdan Naxçıvana qədər bütün taborların sayı 20-dən artıq olmayıb. Amma sərhəddə yaşayanların böyük əksəriyyəti sənəd aldılar ki, bunlar müharibə iştirakçılarıdır. Bu gün də onları tam şəkildə təmin etmək çətinlik yaradır. Bir var 20 minə təminat verəsən, bir də var 80 minə.

– Amma ikinci müharibə qısa çəkdi, cəmi 44 gün, üstəlik, müharibədən sonra da kifayət qədər vaxt keçib, rəsmi qeydiyyat var, prosesi yekunlaşdırmağa nə mane olur? Elə siz də çıxışınızda bundan danışdınız…

– Burada da müəyyən dəqiqləşmələr aparılmalıdır. Söhbət nədən gedir? Çağırışa cəlb olunanlar, könüllü müraciət edənlər. İkinci mərhələdə gəlir çağırışa cəlb olunub, müraciət edənlər, hərbi forma geyinən, amma döyüşlərdə iştirak etməyənlər. Daha sonra gəlir hərbi formanı geyinib, sərhəd bölgəsinə aparılanlar, məsələn, Bərdədə, Tərtərdə və digər yerlərdə müəyyən hərbi hazırlıq keçən, amma döyüş bölgəsinə aparılmayanlar. İndi bunların bir çoxu özünü qazi hesab edir. Amma əslində qazi döyüşdə iştirak edən şəxslərdir.

– Çıxışınıza reaksiyalar necə oldu? Nazirlikdən, yaxud digər qurumlardan sizə zəng edən oldumu?

– Hələ ki mənə rəsmi qurumlardan nə cavab verilib, nə bir fikir söylənilib. Mən təklif etdim ki, 4 struktur: Hərbi Səfərbərlik, Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi hərəsi 5 nəfər ayırır, komissiya gəlib oturur, dəvət edirlər jurnalistləri, ictimaiyyət nümayəndələrini. Həmçinin dəvət edirlər o şəxsləri ki, onlar deyirlər mənə əlillik düşür, amma verilmir. Bir günün içərisində bunu müəyyənləşdirmək mümkündür. Hərbi çağırışda olub? Olub. Hansı bölgədə xidmət edib? Müdafiə Nazirliyi deyir: “N” saylı hərbi hissədə. Bu ikisi qurtardı. Haran ağrıyır? Ayağım, başım, ya qolum. Göndərirlər o şikayətlər üzrə dərhal müayinələrdən keçir, gəlir, bunun əlillik dərəcəsi verilir. Sadə mexanizmdir. İctimaiyyətin içərisində deyirsən ki, qardaş, sənə əlillik düşür, ya düşmür. Düşmürsə, artıq onu göndərirsən Məşğulluq İdarəsinə ki, onun məşğulluğa cəlb olunması məsələsinə baxın.

– Narazılığın getdikcə artması heç yaxşı hal deyil, yəqin razılaşırsınız…

– Ermənilər istifadə edirlər bundan. Ölkəmizin adına xələl gətirir. Müəyyən strukturlarda da məlumatlar var ki, filan fond bu qədər kömək edib, digəri bu qədər… Amma ictimaiyyət bunu bilmir axı. Hər bir şəxsin şəxsi kitabçası hazırlansın, verilsin, vəssalam. Camaat da görsün ki, müharibədə iştirak edən hər bir şəxsə dövlət diqqət və qayğı göstərir.

– Amma budəfəki iclasda hökumət nümayəndələri iştirak etsələr də, nədənsə müzakirələrin tez dayandırılmasını və məsələnin səsverməyə çıxarılmasını təklif etdiniz. Daha hökumətə deyiləsi sözünüz yox idi?

– Birinci, burada hökumət iştirak etmirdi, büdcənin müzakirəsi idi. Hökumət iştirak etsəydi, ayrı-ayrı sahələrdəki problemləri qaldırmaq olardı. İkincisi, burada yaxşı hal ondan ibarətdir ki, dövlət büdcəsində artım var, azalma yoxdur. Təxminən 3 milyarda qədər vəsait artıb və bu da ən əsası müdafiə, təhlükəsizlik məsələlərinə, sosial müdafiəyə, elm və təhsilə, işğaldan azad olunmuş ərazilərin bərpasına, yol infrastrukturuna və s. yönəldilir. Yəni cəmiyyətə lazım olan sahələrə yönəldilir. O baxımdan da hamı bundan razıdır.

– Bu fikirləri oxuyan sadə vətəndaşın “bəs mənim ailə büdcəmə nə qədər əlavə olunacaq” sualına cavabınız nədir? Keçən illə müqayisədə bazarda qiymətlərin hətta iki dəfə artması barədə faktlar mövcuddur. Odur ki, sadə vətəndaşın durumu ağırlaşır. Artımlardan onların büdcəsinə nə düşəcək?

– Bizdə əmək haqqı mütəmadi şəkildə artır və davamı olacaq. Görürsünüz ki, hər ay həm pensiyalara, həm əmək haqqına əlavələr olur. Həmçinin yeni iş yerləri açılır. Görürsünüz ki, işğaldan azad olunan ərazilərlə bağlı elan verirlər, 1000 manatdan başlamış 5 min manatadək əmək haqqı verilən iş yerləri açılıb və istəyirlər ki, insanlar gəlib burada çalışsınlar. Baş planlar, müxtəlif strukturlar təsdiq olunduqca, bunların sayı artacaq. Biz oranın bərpasına vəsait ayırırıqsa, avtomatik şəkildə həmin vəsaitin bir hissəsi insanlarımıza qayıdacaq.

– Bir sıra mövzulardan çox danışıldı, gözləntilər var. Məsələn, pensiya yaşının aşağı salınması ilə bağlı. Yenilik olacaqmı?

– Pensiya yaşı ilə bağlı mən də dəfələrlə məsələ qaldırmışam ki, bunu kateqoriyalara bölmək lazımdır. Yəni fəhlə ilə müəllimi eyni yaşda pensiyaya çıxartmaq olmaz. 65 yaşında olan müəllim auditoriyaya girər və çox gözəl dərs deyə bilər. Amma 65 yaşında olan fəhlə əlində kubik binanın yuxarı qatına qalxa, ya divar hörə bilməz. Ona görə də keçmişdə qaydalar var idi ki, məsələn, biri 25 il hansısa idarədə ağır sahədə işləyirdisə, avtomatik olaraq pensiyaya çıxmaq hüququ əldə edirdi. O ağır işlərin siyahısı mütləq verilməlidir, Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, ondan sonra müvafiq addım atılmalıdır. Məsələn, biz qəbul etdik, stüardessalar, mühəndislər və digərləri 45 yaşında, eləsi var 40 yaşında təqaüdə çıxacaqlar. Pilotlar özləri də. Deyək ki, hərbi aviasiyada 40 yaş tamam oldusa, təyyarə sürməyə icazə verilmir, onlar pensiyaya çıxır və istəyirsə, mülki aviasiyaya keçir. Bu mənada pensiya məsələsi bir kateqoriya ilə müəyyən oluna bilməz, müxtəlif kateqoriyalar olmalıdır. Məsələn, seçicilərim olan müəllimlər mənə şikayət ediblər ki, biz 65 yaşında pensiyaya çıxmaq istəmirik, pensiya yaşı artırılsın. Bilirsiniz ki, direktor ancaq bir il əlavə edə bilir. Həkimlər etiraz edir ki, biz pensiyaya çıxmaq istəmirik. Həmçinin ali məktəb müəllimləri etiraz edir. Müxtəlif dövlət idarələrində işləyənlərin, “oklad”la əmək haqqı alanların etirazı var. İş fəaliyyəti həm də insanın lazımlılığının sübutudur, bu, təkcə maddi məsələ deyil. Odur ki, bəli, bu məsələlər müzakirə olunmalıdır.

– Deputatların maaşının artması da geniş ictimai müzakirələrə səbəb oldu. Yəqin izləyirsiniz…

– Əslində eyni şey çıxdı. Yəni verilən müavinətlər hamısı ləğv olundu və onlar hamısı əməkhaqqına əlavə edildi.

– Siz komitə sədri kimi bu vaxta kimi nə qədər maaş alırdınız?

– 2 min nə qədər…

– Bundan sonra?

– Hələ qoy hesablansın. 3 oxunuşdan keçməlidir.

– Bəlkə düşərli olar, bu artım seçicilərin də aldığı maaş, müavinət, ya pensiyasına təsir edər, eləmi?

– Əlbəttə. Deputatın əmək haqqının böyük hissəsi elə seçicilərə sərf olunur. (Gülür).

– Deyirsiniz deputatların maaşının artmasına görə seçicilər sevinməlidir?

– Bəli. (Gülür).

– Yeri gəlmişkən, parlament ombudsmanın maaşının artmasına da razılıq verdi. Bu mənada sizin ailədə ikiqat bayramdır.

– Bəli. Maaş artımı sistemə uyğunlaşdırıldı. Yəni Azərbaycanda əmək haqqı sisteminin uyğunlaşdırılmasıdır. İcra hakimiyyəti, qanunverici orqan, məhkəmə hakimiyyəti bir-birinə uyğunlaşdırıldı.

– Həyat yoldaşınız, ombudsman Səbinə Əliyeva ilə büdcəniz eynidir, yoxsa ayrıdır?

– (Gülür). Eynidir.

– Bir məsələyə də aydınlıq gətirək, mümkünsə… Bugünlərdə mətbuatda iddia olundu ki, ombudsman 23-31 may tarixləri arasında, 30 min manata təyyarə icarəyə götürüb və hava gəmisi Bakı-Füzuli-Bakı istiqamətində səfər edib. Bu, nə məsələdir?

– Onunla bağlı Ombudsman Aparatı açıqlama verdi. Füzuli Beynəlxalq Hava Limanına kirayələyib. Asiya ölkələrinin, bütün müsəlman ölkələrinin ombudsmanları gəlmişdi. O cümlədən deputat korpusu, TÜRKPA-nın iclası bir yerdə, 106 nəfər həm Şuşaya səfər etdilər, həm də faktaraşdırıcı missiya həyata keçirirdilər. Azərbaycan həqiqətlərini çatdırmaq üçün. Onların aparılması ilə bağlı təşəbbüs idi. Yəni dövlətimiz, millətimiz üçün əhəmiyyətli tədbir idi.

– Yay tətilini harada keçirəcəksiniz?

– Buradayam. Naxçıvana gedəcəyəm.

– Naxçıvanın yayında neçə dərəcə isti olur?

– Gündüz 40 dərəcə, axşam 18-20. Amma quru havası var.