28.09.2026 - 16:32
Siqaret çəkənlər üçün yeni cərimələr təyin edilib
CƏMİYYƏT 1 baxış

Siqaret çəkənlər üçün yeni cərimələr təyin edilib

Azərbaycanda tütün məmulatlarının istifadəsinə bir sıra ictimai və qapalı məkanlarda ciddi məhdudiyyətlər qoyulub. Bu məkanlarda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb edilə bilərlər.

Minval.info xəbər verir ki, siqaret çəkmək inzibati binalarda, iş yerlərində, ictimai nəqliyyatda, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərində, eləcə də kütləvi tədbirlərin keçirildiyi qapalı məkanlarda qadağandır. Bu yerlərdə tütün məhsullarının istifadəsi qanunla qadağan edilib və pozanlar cərimələnə bilər.

Ticarət, ictimai iaşə və məişət obyektləri, eləcə də ümumi istifadədə olan yaşayış binalarında da tütün məhsullarının istifadəsinə icazə verilmir. Buna baxmayaraq, müəyyən hallarda müəssisələrdə xüsusi yerlər ayrılması mümkündür.

Parklarda isə tütün istifadəsinə dair ümumi qadağa yoxdur, lakin uşaq və idman meydançalarında siqaret çəkmək qadağandır. Şəxsi avtomobillərdə siqaret çəkməyə icazə verilsə də, taksi kimi istifadə olunan nəqliyyat vasitələrində bu qadağandır.

Qanunvericiliyə əsasən, qadağan olunmuş yerlərdə siqaret çəkənlər 30 manat məbləğində cərimələnir. Hava nəqliyyatında isə bu məbləğ 500 manata çatır. Tütün tullantılarını ətraf mühitə atanlar isə 300 manat cərimə ödəməlidir. Bu xətanın təkrar törədilməsi halında cərimə 700 manata qədər artıra və ya ictimai işlər tətbiq edilə bilər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, polis əməkdaşları “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərini icra etmək üçün mütəmadi olaraq monitorinqlər və profilaktik tədbirlər həyata keçirirlər. Vətəndaşlar qanunvericiliyə riayət etməyə çağırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: