Alman yazıçı Remark deyirdi ki, müharibəyə qatılanların bir hissəsi fiziki olaraq ölür, digər hissəsi isə ruhən. 44 günlük savaşda xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olanların xatirəsinin əbədi yaşayacağına əminik.
Bəs həkim qazilərin xatirələrində nələr yaşayır? Müharibənin qaranlıq üzünü görən və gözlərində sanki min ilin acısını daşıyan, başına gələn dəhşətli hadisələri həkim-qazi Məhəmməd Kərimli Lent.az-a danışdı:
– Kərimli Məhəmməd Mehman oğlu, “N” saylı hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsində işləmişəm. Hal-hazırda tərxis olunmuşam, ikinci qrup əliləm. İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə həkim kimi iştirak etmişəm. Tibb heyətimlə birgə 200-300 yaralını ön sıralardan çıxarıb hospitala çatdırmışıq. Xidmət göstərdiyim ərazi Füzulidən başlayıb, Xocavənd istiqamətində davam etdi.
– Müharibənin ilk günləri necə keçirdi? Çətinlikləriniz çox oldu?
– Təbii ki, hər şey göründüyü kimi deyildi, çətinliklər var idi. Yaxşı hazırlaşmışdıq, ancaq müharibə kinolarda, filmlərdə göstərilən kimi deyildi. İnsan özünü televiziyanın qarşısındakı kimi hiss etmirdi. Yan-yana dayandığım insanları, yoldaşlarımı itirdikcə çətinliyi dərk etdim. Həkim kimi ilk yaralını görəndən sonra müharibənin dəhşətini də görmüş oldum. Yaralıların vəziyyətini izah etmək çox çətindir. Bir dəfə yanmış əsgər gətirdilər. Nəfəs alanda ciyərləri qabırğalarından çıxıb görünürdü. Döyüş yoldaşları başımın üstündə dayanıb tələb edirdilər ki, tez ol, nəsə elə. Əlimdən bir şey gəlmirdi, belə ağır yaralıya nə edə bilərəm ki? Yəni düşündüyüm kimi hər şey asan deyildi, əlimizdən gələ bilməyən hallar olurdu. Ailəmi rahatlaşdırmaq üçün demişdim ki, arxa cəbhədəyəm, döyüşlərdə iştirak etmirəm, həkim kimi işləyirəm və s. İstəmirdim bilib narahat olsunlar. Yaralananda belə…
– Necə oldu yaralandınız? Xatırlayırsınız o günü?
– Heç vaxt unutmayacağım gün oldu həmin gün… Müharibənin başlanmasından 1 ay keçmişdi, Xocavənd istiqamətində idim. Olduğum tabor hücumda idi, çox ağır itkilər vermişdik. Yaralı daşımaq, müdaxilə etmək vəzifə borcum olmasa da, onları ön sıralardan götürüb daşımağa məcbur idim. O qədər sürətli olmalıydıq ki, tez bir zamanda yaralıları hospitala çatdırmaq lazım idi. Orada azı 30 nəfər yaralı vardı. Öz heyətimlə bir yerdə yaralıları uğurla çıxardıq. Üç maşın yaralı göndərdim, qalan dörd yaralı ilə birgə sonuncu maşınla çıxdıq. Gedəndə sürücümüz İsmayılov Məhəmmədəli yolu səhv saldı, minalı yola girdi. Yola bir neçə tank minası quraşdırmışdılar. Mən də qayçı ilə yaralının şalvarını kəsirdim ki, tez yardım göstərim. Maşın minaya düşən kimi havaya qalxdım, çırpıldım dəmirə. Bel fəqərəmin sındığını hiss eləmədim. Hiss etdiyim ancaq yanmaq idi. Sürücümüz və yaralılar şəhid oldu. Bir mən sağ qaldım, əgər buna sağ qalmaq demək olarsa…
Olduğum ərazidə məni xilas edəcək heç kim yox idi. Düşmən əhatəsində olan bir yer idi. Yana-yana düşdüm kənara. Gözümü açmağa risk etmirdim, çünki ayaqlarım, əllərim yerində olmasaydı, ürəyim partlayardı. Bir neçə dəfə şahid olmuşdum ki, yaralı adamlar gözünü açıb ətraflarının olmamasını görəndə infarkt keçirib yerindəcə ölürdülər. Hiss elədim ki, ölürəm, kəlmeyi-şəhadətimi dedim. 10-15 saniyə yandım, ağrını izah etmək mümkünsüzdür. Nə ölə, nə də ağrıya görə hərəkət edə bilirəm. Yanımda ağrıkəsicilər var idi, amma vurmağa iynə yox idi. Ona görə ilkin tibbi yardım edə bilmədim. Özümü bir təhər söndürə bildim.
Ayılanda ağlıma minaya düşdüyümüz gəlmədi, düşündüm ki, yəqin idarə oluna bilən tank əleyhinə raketlərlə vurulub bizim maşın. Çünki o cür partlayışdan sonra sağ qalmağa heç ümidim yox idi. Başımı qaldırdım, ətrafda yaralılarımı axtardım. Gördüm ki, heç nə qalmayıb maşından, bircə orta dəmiri qalmışdı, qalan hər şey yanmışdı. Birdən güllə səsləri eşitdim, yan-yörəmə dəyirdi. Bildim ki, mühasirədəyəm, düşmən görüb məni. Yolun yan tərəfində zəmi var, ora sarı süründüm. Süründüm, atdım özümü otluğa. Bu hadisədən 3-4 gün əvvəl biz qəzaya düşdüyümüz ərazidə, həmin yolda “Ural” markalı içi əsgər dolu maşın minaya düşmüşdü. Bir məqsədim var idi, təki ölüm, amma əsir götürülməyim. Bu vaxt üç-dörd nəfər erməni hərbçisi güllə ata-ata təpədən düşür aşağı. Onlar məni tam görə bilmədikləri üçün vura bilmirdilər. Belim qırıq, bədənim tamamilə yanmış və sol qolum çiyindən çıxmış vəziyyətdə sürünürdüm deyə birinci qolumu qaldırıb qoyurdum irəliyə, sonra özüm sürünürdüm. Ayağımı da qəlpə kəsmişdi, oradan da qan itirirdim. Silahımın olmaması bir yana, heç tutacaq vəziyyətdə də deyildim. Bir xeyli bu şəkildə irəliləyə bildim, gözlərim birdən qaralmağa başladı. Ağrıdan taqətim qalmamışdı, dedim bəlkə də bura qədərdi, ölürəm. Bir az özümü topladım, “ya Allah!” deyib ayağa qalxdım. 50 metr irəlidə ağaclıq, meşəlik kimi yer gördüm. Ora tərəf gedəndə ermənilər məni gördü. Açıq hədəf idi orada, amma heç bir güllə mənə dəymədi. Allah qorudu yəqin. Öz-özümə dua elədim ki, biri başımdan dəysin, tez ölüm, şəhid olum. Yəni təki əsir götürülməyim deyə ayağımdan dəyməsin. Qorxurdum əsir götürülməkdən. Bir zabitin əsir düşməyi ölümdən betərdir.
– Bəs sizi xilas edən olmadı?
– Oldu, mən ağaclıq olan yerə çatanda. Ora ki çatdım, artıq huşum özümdə deyildi. Köndələnçay tərəfə özümü yetirdim, aşağıya düşdüm. Sən demə, bizim kəşfiyyat qrupu orada pusquda idi. Sifətim yanmışdı deyə tanınmaz halda idim. Paltarlarım da yanmışdı, təkcə çəkmələrim salamat idi. Tanımadılar ki, mən Azərbaycan hərbçisiyəm. Huşumu itirib yıxıldım. Neçəsə saniyə, ya dəqiqə keçəndən sonra ayıltdılar məni. Çəkmələrimin içindəki hərbi formamın manjetindən bildilər ki, azərbaycanlıyam. Yaxınlaşan düşməni də məhv etdilər.
Həmin kəşfiyyatçılar günlərdir meşəlik yerdə idilər. Mənə dedilər ki, gözlə, gedək, maşın gətirək. Gözləyə bilməzdim, ağrılarım çox idi. Yanmışdım deyə su istəyirdim, onların yanında su yox idi deyə palçıqlı su içdim. Yola çıxdıq, irəlidə kəşfiyyatçılardan biri gedir. Bizə dedi ki, bura minalı ərazidir, mən ayağımı hara qoyuramsa, siz də ora qoyun. Görmə qabiliyyətim çox zəif idi, tam görmürdüm addımlarını. Onunla məsafə saxlayırdım ki, birdən səhv yerə ayaq qoysam, partlasa, ona heç nə olmasın. Haradasa üç kilometr yol getdik. Sağalandan sonra oralara gedəndə hesablamışam ki, yaralı halda nə qədər məsafə qət etmişəm. Ondan sonra nələr olduğunu tam xatırlamıram.
– Müalicə günlərini necə xatırlayırsınız? Neçə əməliyyat keçirdiniz?
– Hadisə günorta saat 3-də baş verdi, axşam saat 8-də Cəbrayıl rayonunun Daşkəsən kəndindəki hospitala çatdırıldım. Məni əməliyyata götürəndə ümid çox az idi. Həkimimin sözləri yadımda idi, deyirdi ki, onsuz da sağ qalası deyil, maşını məşğul etməyə dəyməz. Eşidirdim, amma reaksiya verə bilmirdim. Həkim yoldaşlarımın təkidilə 27-si səhər saatlarında Bakıya ağır vəziyyətdə gətirildim. Mərkəzi Hərbi Klinik Hospitalda 3 ay yatdım. Bədənimdə infeksiya qurtarmırdı deyə 2 ay da evdə müalicə aldım. Daha sonra dəri köçürmə əməliyyatları keçirdim. Əməliyyatların bəziləri uğursuz oldu, çünki qoyulan dəri çürüyürdü. Dedilər ki, Türkiyədə əməliyyat etdirmək məsləhətdir. “YAŞAT” Fondunun dəstəyilə göndərildim və 90 faiz sağaldım. Ümumi olaraq 9 əməliyyat keçirdim. Düzdür, kosmetik problemlər qalıb, onu da kompleks etmirəm.
– Bir həkim və zabit kimi müharibəni necə ifadə edərdiniz?
– Bu müharibənin yekunu böyük bir uğur, həm də həkimlərin üzərinə düşən sınaq idi. Öyrəndiklərimizi, indiyə kimi qazandığımız təcrübələri ortaya qoymaq üçün meydan idi. Bu meydanda biz həkimlər tək savadımızı yox, həm də cəsarətimizi, vətənpərvərliyimizi göstərdik. Çünki bizim çox sayda yaralanan, şəhid olan həkim və feldşerlərimiz oldu. Onlar deyə bilərdi ki, vəzifəm arxa cəbhədə xidmət etməkdir, ön cəbhəyə getməyim və s. Yaralını gətirən, daşınmada iştirak edən sanitarlardır. Həkimin irəliyə atılması, canını oda atması artıq müharibənin ümumi gedişatını ifadə edir. Müalicə aldığım hospitalın reanimasiyasında dörd həkim çalışırdı. Onlar gündüz də oyaq olurdular, gecə də. Gecə yata bilmədiyimə görə ağır xəstələr gələndə görürdüm ki, həkimlər yatmır. Fikirləşirdim ki, heç istirahət etmirlərmi? Yuxusuz necə ayaqda qala bilirlər? Onların bu qədər əziyyətini danmaq olmaz, çiyinlərinə böyük yük götürmüşdülər. Şükür Allaha ki, bu savaşdan alnı açıq çıxa bildik.
– Müharibə dövründə heç ailənizlə əlaqə saxlamağa vaxt tapırdınız?
– Düzü, ailəm heç yadıma düşmürdü. Başım o qədər qarışıq idi ki, zəng etməyə vaxt yox idi. Arada boş vaxt olanda mesaj yazırdım, nigaran qoymurdum. Mənə zəng çatmayanda birgə çalışdığım yoldaşlarıma tapşırmışdım ki, mən olmayanda deyin hər şey yaxşıdır, salamatam. Minaya düşməzdən bir neçə saat əvvəl yaralıları çatdırdığım vaxt həkim yoldaşlara dedim ki, gedirəm, məni soruşan olsa, deyin görmüşük, sağdır. Hadisənin səhəri günü Bakıya gətiriləndə ailəmlə danışa bildim. O vaxta qədər məni şəhid biliblər. Hospitaldakı həkimlərdən birinə dedilər ki, şəklini çək, şəhid olmadığına inanaq. Şəklimi göndərdilər, anam məni tanımadı. Evə qayıdanda qızım da məni tanımadı. Onda böyük qızım çox balaca idi, amma baxıb tanımadı. Kiçik qızım mən yaralanandan 2 gün sonra dünyaya gəldi.
– Bəs indi hissləriniz nə vəziyyətdədir? Dəyişilib, ya…?
– Düzü, hiss qalmayıb məndə. Bədənimlə birlikdə hissiyyatım da yanıb. İndi yaşadıqlarımdan sonra heç nədən ehtiyat etmirəm. Uşaqlarımı belə qucaqlayanda mənə qəribə gəlir, reaksiya verə bilmirəm. Ata olmaq hissini belə itirmişəm. Yaralananda ailəm, övladlarım gözümün önünə gəldi. Döyüşə gedəndə ailəmi düşünmürdüm, şəhid olanlar da belə düşünürdü. Buradayamsa, döyüşməyə də, ölməyə də gəlmişəm. Ona görə ölüm adiləşmişdi. O qədər şəhidimiz var, onlardan nəyim artıqdır ki?
Emosionallığımı içimdə mümkün qədər boğmuşdum, fikirləşirdim ki, uzağı öləcəyəm də. Müharibə emosionallıq yeri deyil, hər şey görürsən burada. Ümumiyyətlə, 17-18 yaşlı oğlanları döyüşdən çıxarmaq mümkün deyildi. Qolu qopan bir oğlan deyirdi ki, qolumu tik yerinə, qayıdım döyüşə. Hospitala getmək istəmirdilər, döyüşə qayıtmaq istəyirdilər. Həm də özlərinə qardaş bildikləri döyüş yoldaşlarını qoyub getmək istəmirdilər. Dəfələrlə bunun şahidi olmuşuq.
Normalda çılğın ruh yüksəkliyi, qələbə əzmi ilə yaşayanlar, çayxanada və ya başqa yerdə “elə gedərəm, belə döyüşərəm” deyənlər, müharibəni filmdə görən insanlar üçün müharibə asan görünür. Həmin insanlar ilk döyüşü görəndən sonra onun üçün heç nə əvvəlki kimi olmur, hər bir hissini itirir. Bəlkə də arxa cəbhədə ölkə üçün çox yaxşı yardım, dəstək, şücaət göstərə bilər, amma müharibədə döyüşə bilməz.
– Həkim yoldaşlarınızın arasında veteran olanların aqibəti necə oldu?
– Həkimlərimizin çoxuna veteranlıq verilmədi. Fikrimcə, bir komissiya təşkil olunmalıdır, bütün qazi və veteranlar da, həkimlər də bir yerə yığılmalıdır. Media nümayəndələri işıqlandırmalı, obyektiv və şəffaf keçirilməlidir. Kimə əlillik dərəcəsi düşürsə, düzgün şəkildə təyin olunmalıdır. Eləcə də, veteranlıq və qazilik, vəssalam.