Şəkildə gördüyünüz bu körpə cocuq Tovuzun Ağdam kəndi ətrafında gedən döyüşlərdə şəhid olmuş kənd sakini, baş əsgər Elşad Məmmədovun övladıdır. 

O, çox körpədir, hələ heç nəyi başa düşmür. Bu uşaq anlamır ki, bu qədər adam onun atasının dədə yurduna niyə yığışıb. Atasının harada olduğunu da bilmir bu uşaq, bildiyi odur ki, isti yay günüdür, əmilərin, dayıların, xalaların, bibilərin əhatəsində təhlükəsizlikdədir.

Onlar öz göz yaşlarını bu körpədən gizlədirlər. Bir az böyük olsaydı, onu heç bu hüzr məclisinə qoymazdılar, aparıb qonşunun qızına verərdilər ki, məclis dağılana qədər başını qatsın. Körpəni bura ona görə gətiriblər ki, heç nə anlamır.

Gün gələcək, o uşaq hər şeyi anlayacaq, biləcək ki, 2020-ci ilin 13 iyulunda onu ciyərinin parçası sayan atasından ayrılıb. O, şəhid övladı olduğunu sonra biləcək. Bax, görürsünüzmü, körpə əlini atasının şəklinə uzadır. Bu qədər adamın içində iki-üç tanıdığından biridir atası…

Dövlət və öz qohum-əqrəbası bu körpəyə uzun illər ata yoxluğu hiss etdirməyəcəklər, amma o, bir gün kimi itirdiyini hiss edəcək.

Müharibənin bir üzü də budur: faciə, itki, göz yaşları, atasız qalan körpələr, balasız qalan ata-analar…

Amma bu, bizim başlatdığımız müharibə deyil. Mərhum Elşad gedib üzbəüzdəki Tavuş rayonunda şəhid olmayıb, öz doğma Tovuz rayonunda, öz torpağını, evini, bu balaca körpəsini qoruyarkən şəhid olub.

Allah şəhidimizə qəni-qəni rəhmət, bu körpəni atasız qoyanlara dönə-dönə lənət eləsin.