Bakıda marşrutların gecikməsi ilə bağlı gündəlik hesabatlar göstərir ki, vəziyyət getdikcə daha çətinləşir. Şəhər sakinləri hər gün bu halla rastlaşdıqlarından qarşıdakı soyuq aylarda vəziyyətin daha da ağırlaşacağından əndişləidirlər. 

Bəs bunun üçün hər hansı ehtiyat variantların və ya preventiv tədbirlərin görüləcəyi ehtimalı varmı?

Bizim.Media olaraq marşrutların gecikməsi ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev ilə əlaqə saxladıq.

Mais Ağayev təsdiq edir ki, bu günlərdə paytaxt ərazisində pik saatlarda, bəzən isə qeyri-pik saatlarda avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur. Bu gecikmələr 25-30 dəqiqə, bəzən isə daha uzun müddətə hiss olunur:

“Aparılan təhlilər onu deməyə əsas verir ki, gündəlik şəhərdə marşrutların gecikmə səbəbi nəqliyyatda olan sıxlıqdı. Məhz tıxac səbəbindən avtobuslararası intervalın pozulur. Vəziyyətdən çıxış yolu kimi təklif olunan həll variant isə alternativsiz olaraq dayanıqlı şəhər mobilini rəhbər götürmək və icra etməkdir. Söhbət avtobus zolaqlarının təşkili ictimai nəqliyyat zolaqlarına üstünlük verilməsi, ictimai nəqliyyat üstünlüyünün tanınmasından gedir”.

BNA-nın mətbuat katibi bildirir ki, başqa həll yolları üzərində hal-hazırda araşdırmalar aparılır:

“Yalnız avtobus zolaqları olduğu təqdirdə və zolaqların tələbinə ciddi riayət olduğu halda biz avtobuslararası intervalları tənzimləyə bilərik. Başqa variant görmürük”.