“Die Welt” xəbərdarlıq edir

“Vladimir Putin məmnun ola bilər. O, Suriyadakı təsirini xeyli genişləndirib, bəzi ekspertlər hətta Rusiyanı Yaxın Şərqdə dünya nizamının yeni qoruyucusu kimi görürlər. Afrikanın 44 hökumət və dövlət başçısı bu həftə Soçidə zirvə görüşünə qatıldı və Kreml Afrika qitəsində də söz sahibi olduğunu nümayiş etdirdi. Cənab Putinin dünyadakı hərbi tarazlığı dəyişdirə biləcək digər şahmat gedişi isə demək olar ki, diqqətdən kənarda qaldı”, Almaniyanın “Die Welt” nəşri belə yazır.

Bu yaxınlarda Putin raket hücumundan xəbərdarlıq edən sistemin yaradılmasında “Çin tərəfdaşlarına” kömək etmək istədiyini bəyan etdi. Putinin fikrincə, bu, “Çinin müdafiə qabiliyyətini kəskin şəkildə gücləndirə bilər”.

“Bu, çox böyük əhəmiyyət kəsb edir, çünki bu günə qədər yalnız Rusiya və ABŞ bu cür sistemlərə sahibdir”, – məqalənin müəllifi Pavel Lokşin vurğulayır: “Bu sahədə Moskva-Pekin əməkdaşlığı beynəlxalq səviyyəli bir yenilikdir”.

“Bu, bütün Cənub-Şərqi Asiyada narahatlıq doğuran bir səbəbdir və Rusiya ilə Çin arasındakı münasibətlərdə “tektonik dəyişikliyin” sübutudur”, – Karnegi Moskva Mərkəzinin politoloqu Aleksandr Qabuyev deyir.

Raket hücumu barədə xəbərdarlıq sisteminin yaradılması Pekin üçün strateji üstünlük deməkdir. Bu, Çinə düşmənin buraxdığı qitələrarası və orta mənzilli raketlər hələ havada olarkən qarşı tərəfə nüvə zərbəsi endirmək imkanı verir.

“Hərbi sahədə Moskva ilə Pekin bir-birinə 2014-cü ildən bəri yaxınlaşır. İllərdir ki, Rusiya hərbi sənayesində olan yüksək texnologiyalarını Çinə satmaqdan çəkinirdi. Rus hərbi dairələrində şərq qonşusunun potensial təhlükə yaratması barədə narahatlıq da vardı. Lakin Ukrayna münaqişəsi zamanı Moskvanın Qərblə münasibətləri son dərəcə pisləşdi və Kreml şərqə tərəf meylləndi”, deyə məqalədə bildirilir.

“Rusiya və Çin artıq iki dəfə birgə hərbi təlimlər keçiriblər. Raket hücumları kompüter simulyasiyasına əsaslanıb. İndi simulyasiya reallığa çevrilə bilər”, deyə Lokşin yazır.

“Lakin Rusiyanın Çinə verəcəyi yardımın nədən ibarət olduğu hələ məlum deyil. Bu mövzuda danışan Putin və onun generalları sürüşkən ifadələrdən istifadə edirlər. Radar qurğuları və ya onların komponentləri Çinə ixrac oluna bilər. Və ya Çinin özü tərəfindən hazırlanan qurğuların proqram təminatını Rusiya öz üzərinə götürə bilər”, – Dmitri Stefanoviç belə deyir. O, Rusiya Xarici İşlər Şurasından təhlükəsizlik siyasəti üzrə mütəxəssisdir.

“Rusiya və Çin raket hücumundan xəbərdarlıq sistemlərini birləşdirməyi planlaşdırırmı? Bu sualın cavabı açıq qalır. Əslində bu, Rusiya və Çin ərazilərinin hərbi təhlükəsizlik baxımından bütövləşməsi anlamına gəlir ki, bu da hərbi-texniki anlaşmadan sonra baş verə bilər.”

“Bu plan baş tutarsa, çinlilər Rusiya radar qurğularının, məsələn, Arktikada topladığı məlumatlardan, ruslar isə bunun əvəzində Sakit okeandakı Çin xəbərdarlıq sistemlərindən əldə olunan informasiyalardan yararlana bilər.”

“Ortada olan rəsmi görüntü isə xeyli fərqlidir. Nə Rusiya, nə də Çin hərbi ittifaq haqqında heç bir şey demir. Hətta Çin tərəfi Putinin kömək təklifi ilə əlaqəli şərh vermir. Alyans haqqında danışmaq hələ tezdir. Hərbi bir ittifaq bağlılıq deməkdir “, Şərqi Asiya eksperti Gabuev vurğulayır.

“Pekin və Moskva Vaşinqtona münasibətdə eyni mövqedən çıxış edirlər, ancaq onlar digər ölkələrlə bağlı fərqli düşünürlər, ona görə də digər ölkələrlə bağlı qarşılıqlı öhdəlik götürmək istəmirlər”, Stefanoviç bildirir.

“Digər tərəfdən, bu ölkələr arasında hərbi əməkdaşlıq o qədər dərinləşib ki, ” de-fakto” hərbi ittifaq mövzusunda danışmaq mümkündür”, hərbi mütəxəssis Vasili Kaşin söyləyir. Rusiya və ABŞ arasında münasibətlər pisləşməyə davam edərsə, rəsmi razılaşma yalnız zaman məsələsinə çevrilə bilər “, “Die Welt” xəbərdarlıq edir.

https://www.welt.de/politik/ausland/plus201725258/Militaerallianz-Russland-hilft-China-beim-Schutz-seiner-Atomraketen.html?wtrid=onsite.onsitesearch