Türkiyə prezidenti Makronun prezidentliyi dövründə Fransaya ilk rəsmi səfərini edir, Paris hazırda Ankara ilə körpüləri yandırmayan azsaylı Avropa paytaxtlarından biridir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfər edib. Fransanın dövlət başçısı Emmanuel Makronun dəvəti ilə həyata keçirilən səfərdə Ərdoğanı Türkiyə dövlət və hökumət rəsmiləri müşayiət edib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Nurettin Canikli, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, “Türk Hava Yolları” idarə heyətinin və icra komitəsinin sədri İlkər Aycı Ərdoğanla birlikdə Fransaya gedən heyətdə olub.
Qeyd edək ki, son illərdə Türkiyə və Avropa Birliyi ölkələri arasında münasibətlər soyuqlaşıb və hətta bəzi ölkələrlə qarşılıqlı ittihamlar olub. Bu dövrdə Türkiyənin nisbətən normal münasibətləri qoruyub saxladığı ölkələrdən biri də Fransadır. Doğrudur, “erməni məsələsi”nə görə zaman-zaman Ankara-Paris xəttində ciddi gərginliklər yaşansa da, son aylarda, xüsusən də Emmanuel Makronun hakimiyyətə gəlməsindən sonra nisbətən yumşalma qeydə alınıb. Baxmayaraq ki, Paris də zaman-zaman Ankaraya tənqidlər ünvanlayır.
Ərdoğanın səfərdən əvvəl Fransanın “TF1” və “LCI” telekanallarına verdiyi müsahibəsində Fransa səfərinə çox önəm verdiyini deyib. O səfərin bir gün davam edəcəyini, ancaq qısa müddət ərzində bir sıra məsələləri müzakirə edəcəyini deyib.
Türkiyə və Fransa prezidenti arasında görüşün detalları hələlik bəlli olmasa da, səfər öncəsi həm Türkiyə prezidenti, həm də Ərdoğanın sözçüsü İbrahim Kalın Fransa görüşləri zamanı danışıqların əsas mövzularını açıqlayıb. Ərdoğanın Makronla danışıqlar zamanı əsas gündəmi Türkiyənin AB üzvlüyü məsələsi, Türkiyədə demokratikləşmə, xüsusən də 15 iyul hadisələrindən sonrakı vəziyyət, həbslər və nəhayət, regional proseslər, Suriyada, eləcə də bütövlükdə Yaxın Şərqdə cərəyan edən hadisələr olacaq.
Türkiyə prezidenti deyib ki, səfər zamanı çoxlu sayda mövzular müzakirə olunacaq. İki ölkə münasibətləri, regional proseslər dəyərləndiriləcək. Bundan başqa, Türkiyə və Fransa arasında iqtisadiyyat, ticarət, müdafiə sənayesi, terrorizmə qarşı mübarizə məsələləri də ələ alınacaq.
Bundan başqa, Ərdoğanın Fransada yaşayan 700 min nəfərə yaxın türk diasporu nümayəndələri ilə bir araya gələcəyi gözlənilir. Səfər zamanı Qüds məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, bu səfər Makronun Fransa prezidenti seçilməsindən sonra Ərdoğanın bu ölkəyə ilk rəsmi səfəri olacaq. Bir çox ekspertlərə görə, hazırda Avropa ölkələrinin əksəriyyəti ilə münasibətlərində ciddi problemləri olan Türkiyə hakimiyyəti başçısının Fransa ilə dialoqu qoruyub saxlaması ciddi siyasi uğurdur. Ehtimal olunur ki, Makronla Ərdoğan görüşündə əsas mövzu məhz AB ilə münasibətlər, eləcə də üzvlük prosesinin dayandırılması olacaq. Bilindiyi kimi, Türkiyənin AB-yə tam üzvlük müzakirələri 2005-ci ildə başlayıb, ancaq ötən il müzakirə prosesləri demək olar ki, dayandırılıb, maliyyə yardımlarının bir qismi ixtisar olunub.
Ancaq digər Avropa ölkələri ilə müqayisədə Fransa Türkiyə ilə münasibətləri nisbətən mülayim şəkildə saxlayıb. Avropa Birliyinin digər lider ölkəsi Almaniya ilə münasibətlər ciddi şəkildə zədələndiyi halda, Fransa ilə nisbətən daha yumşaqdır. Eyni zamanda Yaxın Şərqdə ciddi təsir rıçaqları olan Fransanın Suriya münaqişəsinin həlli ilə bağlı Türkiyə ilə müzakirələrə ehtiyac duyması gözləniləndir. Digər tərəfdən, hazırda ABŞ-ın sərt xətt siyasətinə qarşı Avropa nisbətən yumşaq xətt tutub və bu mövzuda ABŞ və AB arasında son aylarda ciddi fikir ayrılıqları müşahidə olunur. Türkiyənin də ABŞ-la münasibətlərində ciddi problemlər müşahidə olunmaqdadır. Görünür, Ərdoğan və Makronu bir araya gətirən həm də ABŞ, daha doğrusu, prezident Trampdır.
Kənan Rövşənoğlu
Musavat.com