Fazil Mustafa: “Rəsulzadəyə əlahiddə münasibət olmalıdır”

Bu gün tariximizin böyük şəxsiyyətlərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin ölümündən 65 il ötür. Öncəliklə görkəmli dövlət xadiminin həyat yoluna nəzər salaq.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub. Buranı bitirdikdən sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili ile ilgili görsel sonucu

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətini qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili ile ilgili görsel sonucu

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış görkəmli siyasi xadimimiz 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. Onu “Əsri” məzarıstanlığında dəfn ediblər.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili ile ilgili görsel sonucu

M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.

Rəsulzadənin ölüm və doğum günlərində, eləcə də Cümhuriyyət günündə onun nəşinin Türkiyədən Azərbaycana gətirilməməsi müzakirə mövzusuna çevrilir. Haqlı olaraq ciddi tənqidlər, iradlar səslənir. Doğrudur, Türkiyənin ikinci vətənimiz olduğu önə çəkilir, amma istənilən halda tarixi şəxsiyyətin nəşinin ölkəmizə gətirilməsinin, heykəlinin Bakının mərkəzində ucaldılmasının, BDU-nun qarşısından götürülən büstünün bərpa edilməsinin, yaşadığı evin muzeyə çevrilməsinin vacibliyindən söz açılır. Bu məsələnin çözülməməsi ilə bağlı əsas mülahizələrdən biri ondan ibarətdir ki, hakimiyyətin bunlar həyata keçirilərsə, həmin yerlərin ziyarətgaha çevrilməsindən ehtiyat etdiyi yönündədir.

Fazil Mustafa ile ilgili görsel sonucu

Hər zaman Rəsulzadə ilə bağlı bu məsələləri gündəmə gətirən deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında təəssüfünü gizlətmədi: “Nəşin gətirilməsində heç bir problem yoxdur. Sadəcə olaraq, ortada bir baxışa ehtiyac var. Bu məsələ müəyyən yüksək səviyyələrdə qaldırıla, gündəmə gətirilə bilər. İctimaiyyətin də nəzərində olan məsələdir. Burada söhbət təkcə Rəsulzadənin məzarından getmir. Ev muzeyi məsələsi də gündəmdə olmalıdır. Bina yerində durur. Bunu da həll etmək mümkündür. Sadəcə, tarixi irsə baxışda konstruktiv dəyişikliyə böyük bir ehtiyac var. Tarixə hər hansı bir şəkildə fərq qoymadan istiqlal tariximizdə yeri olan şəxslərə münasibət sərgilənməlidir. Bu münasibət olarsa, heç bir problem çıxmaz. Ölkə başçısının bu istiqamətdə iradəsi ortadadır. Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı prezidentin sərəncamı oldu. Bununla bağlı tədbirlər keçirildi. Bu baxımdan düşünmürəm ki, Rəsulzadə ilə bağlı qeyd etdiyimiz məsələlərə mane ola biləcək şəxslər olsun. Ortada, sadəcə, bəzi məmurların bu məsələləri həll etmək istəməmələri halı var. Məncə, bu məsələdə ictimaiyyətin də tələbi yetərli səviyyədə deyil. Hər kəs buna operativ, vacib bir məsələ kimi baxmır. Baxılsa, yəqin ki, məsələ öz həllini tapacaq”.

Partiya sədri Rəsulzadənin nəşi ölkəyə gətirilərsə, dəfn olunacağı yerin ziyarətgaha çevrilməsindən ölkə iqtidarının ehtiyat etdiyi üçün bu məsələyə diqqət ayırmadığı yönündə səslənən ehtimallara da münasibət bildirdi: “Hakimiyyət niyə də bundan ehtiyat etsin ki? Fəxri Xiyabanda Əbülfəz Elçibəyin də məzarı var. Hakimiyyət onu ziyarət etməyə məhdudiyyət qoymayıb ki. Rəsulzadəyə də eyni qaydada cəmiyyətin mövqeyi olacaq. Plüralist cəmiyyətdir. Bizim üçün tarixə baxış dövrlərə görə müəyyən olunmamalıdır. Hər kəsin azacıq da, xidməti varsa, onu qiymətləndirməliyik. Əbülfəz Elçibəyin məzarının orada olması faktı onu göstərir ki, hakimiyyət bu məsələdə hər hansı bir narahatçılıq keçirmir. Elə bir problem də yoxdur. BDU-nun qarşısından Rəsulzadənin abidəsinin ümumi şəkildə götürülməsinin şahidi olduq. Sonradan Konservatoriyaya Üzeyir Hacıbəyovun adı qaytarıldı. Düşünürəm ki, BDU-nun qarşısında Rəsulzadənin abidəsinin ucaldılması məsələsini  ya tələbələr, ya da rəhbərlik gündəmə gətirməlidir ki, dövlət səviyyəsində məsələ həllini tapsın. Bəzi məmurların belə məsələlərə etinadsızlıqları özünü göstərir. Bakının mərkəzində niyə Rəsulzadənin heykəli olmamalıdır?”