Yetmiş il bundan əvvəl Tacikistanda böyük bir zəlzələ baş vermişdi. Fəlakət nəticəsində torpaq sürüşməsi 30-dan çox yaşayış məntəqəsini yerlə yeksan etmişdi və 30 minə yaxın insan diri-diri torpağın altında qalmışdı. Faciə haqqında məlumat İosif Stalinin 70 illik yubileyinə kölgə salmamaq üçün Sovet hakimiyyəti tərəfindən gizlədilmişdi.

10 iyul 1949-cu il. Məhz bu tarixdəki dəhşətli hadisə haqqında indi də az danışılır. Tacikistan SSR-in Hait adlı böyük yaşayış massivinin yaxınlığında Rixter cədvəli ilə 7.5 bal gücündə baş verən güclü zəlzələ təxminən 20 km dərinlikdə tektonik qayaların yerdəyişməsi zamanı ortaya çıxmışdı. Dəhşətli hadisədən iki gün qabaq güclü yağışlar yağmış, sonra isə bu ərazidə ard-arda təkanlar hiss edilmişdi. Nəticədə dağların yamaclarındakı boş torpaqlar su ilə “doymuşdu”. Bu, isə dağıdıcı sürüşməyə səbəb olmuş və faciəvi sonluqla nəticələnmişdi.

Güclü təkanlar Yasman çayı vadisində çökmənin baş verməsinə səbəb olmuşdu. Nəticədə 2,5 milyon kubmetr boş torpaq çökmüş, Taxtı silsiləsinin Surxob çayı istiqamətində, şimal yamacında torpaq sürüşməsi və daşqınlar qeydə alınmışdı. Magistral yollar bağlanmış, Yarxiç və Ob Kabud çaylarının vadilərində də sürüşmələr baş vermişdi. Jirqatalski rayonunda binalar boyunca çatlar əmələ gəlmişdi. Binaların künclərinin yıxılması hallarına da rast gəlinmişdi. Hait dağında qranit günbəzin bir hissəsi təkanlardan parçalanmışdı.


Tacikistanın Raşt rayonunun Hait qəsəbəsində zəlzələ qurbanlarının xatirəsinə həsr edilmiş abidə

Alimlərin fikrincə, Haitdəki zəlzələ kütləvi sürüşmələrin meydana gəlməsi ilə yanaşı dağ uçqunlarının meydana gəlməsinə səbəb olmuşdu. Nəticədə Obi-Dara-Xauz dərəsində üç göl yaranmışdı: biri dərənin yuxarı axarında, sahəsi 350 min kvadratmetr olan ərazi və iki kiçik dayaz dərinlikli göl.

“İlk təkanlar əvvəlcə iyulun 8-də baş verdi. Zərərçəkənlər oldu, amma bu, hələ çox deyildi”, – Faciənin sağ şahidi Eşoni Davlathuja o günləri belə xatırlayır: “İyulun 10-da zəlzələ yenidən təkrarlandı, ancaq bu dəfə olduqca güclü şəkildə. Hər tərəfi uğultu, dəhşətli səs-küy bürümüşdü, Qasırğa və dağıdıcı külək ağacları kökündən qoparırdı. Həmin bir neçə dəqiqədə yüzlərlə insan öldü. Bir az sonra yapışqanlı çay suyu ilə qarışan daşlar, ağaclar və torpaqlar Haiti başdan-başa örtdü”.

Qeyd edək ki, Hait ilə yanaşı 23 yaşayış məntəqəsinin demək olar ki, hamısında bütün binalar dağılmışdı. Zəlzələnin gücü 9-10 bala çatmışdı. Zərbələr elə hiss olunurdu ki, insanlar ayaqları üstə belə dayana bilməyib yıxılırmış.

Bir çox mənbələrə görə, faciə ərəfəsində bu ərazidə yaşayan bütün heyvanlar qeyri-adi hərəkətlər edirmiş. Onların davranışları sakinləri çox təəccübləndirirmiş. Belə ki, xoruzlar çox yüksək səslə və tez-tez banlayırmışlar, itlər heç bir səbəb olmadan ətrafa qaçışır, pişiklər isə narahatlıqla özlərinə yer tapa bilmirlərmiş. Uzunqulaqlar demək olar ki, davamlı fəryad edirmişlər. Göyərçinlər gecələr də səmalarda uçurmuş. Şahidlərin dediyinə görə, torpaq titrəmələri zamanı insanların ayağından sanki yer qaçırmış.

Moskva isə Tacikistanda baş verənlərə olduqca tez reaksiya vermişdi. Təcili yardım təyyarələri bu Orta Asiya ölkəsinə saysız-hesabsız yardım gətirmişdi. Zərərçəkənlərə kömək məqsədilə bütün yardımlar edilmişdi. Bundan əlavə, hadisə yerinə SSRİ Elmlər Akademiyasının Yer Fiziki İnstitutunun seysmoloji ekspedisiyası gəlmişdi. Akademik Qriqori Qamburtsevin başçılığı ilə burada tədqiqatlar aparılırdı. SSRİ-nin dağılmasına qədər Tacikistanın həmin ərazilərində Qarm geodinamik sınaq poliqonu işləyirdi. Onun ərazisində 15 seysmik stansiya var idi. Təsirə məruz qalan ərazilərdən bir çox sakin isə Vax dərəsində məskunlaşmışdı.