“Təssüf ki, dünyanın hər bir yerində, o cümlədən ölkəmizdə də qadına qarşı şiddət var. Bu gün də qadın döyülür, şiddətə məruz qalır. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının artması narahatlıq doğurur”.
Bunu Bakupost.az-a açıqlamasında deputat Tamam Cəfərova deyib. Onun sözlərinə görə, qadına qarşı şiddət yolverilməzdir:
“Kişinin həyat yoldaşına əl qaldırması, ölümcül xəsarətlər yetirməsi, öldürməsi yolverilməzdir, cinayət əməlidir. Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə sahəsində beynəlxalq standartlara cavab verən qanunverici baza yaradılıb. Lakin, bu, məişət zorakılığının qarşısını almağa kifayət etmir. Qadınlara qarşı şiddətin, zorakılığın qarşı almaq üçün maarifləndirmə işləri aparılmalıdır. Zorakılıqla mübarizə təkcə dövlət qurumları deyil, bütün cəmiyyət tərəfindən aparılmalıdır. Qadınlarımız hüquqlarını yaxşı bilməlidirlər ki, zorakılıqla mübarizədə özlərini müdafiə edə bilsinlər”.

































