24.07.2026 - 10:05
Dünya 38 baxış

Putinin təbliğatçısının Qərb şirkətlərinə investisiya yatırdığı üzə çıxdı

Kremlə yaxınlığı ilə tanınan rusiyalı jurnalist və hərbi müxbir Yevgeni Poddubnınin Qərb şirkətlərinə və investisiya fondlarına sərmayə qoyduğu məlum olub. Minval.info xəbər verir ki, bu barədə məlumat Rusiya Mərkəzi Seçki Komissiyasının deputatlığa namizədlərin əmlak və maliyyə bəyannamələri əsasında yayılıb.

Bildirilir ki, Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” partiyasından namizəd göstərilən Poddubnının investisiya portfelində ABŞ və digər Qərb ölkələrinin iri şirkətlərinin səhmləri yer alır.

Bəyannaməyə əsasən, o, Niderlandın Nebius Group N.V. şirkətinin 8, Apple şirkətinin 4, Procter & Gamble şirkətinin 4 və Intel şirkətinin 1 səhminə sahibdir.

Bununla yanaşı, Poddubnının İrlandiyada qeydiyyatdan keçmiş FinEx USA Information Technology UCITS ETFFinEx Physically Backed Funds ICAV investisiya fondlarında da paya malik olduğu bildirilir.

Qeyd olunur ki, Yevgeni Poddubnı uzun illərdir Kremlin Qərb əleyhinə siyasətinin və Ukraynaya qarşı müharibənin əsas təbliğatçılarından biri kimi tanınır. O, 2018 və 2024-cü illərdə Rusiya prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub, 2022-ci ildə isə prezident yanında səfərbərlik və müharibə iştirakçılarına dəstək üzrə yaradılmış işçi qrupun tərkibinə daxil edilib.

2024-cü ilin sentyabrında Vladimir Putin onu “Rusiya Qəhrəmanı” adına layiq görüb. Bundan əvvəl Poddubnı Kursk vilayətində Ukrayna dronunun hücumu nəticəsində yaralanmışdı.

Avropa İttifaqı, Böyük Britaniya, Kanada və Avstraliya Yevgeni Poddubnını Kremlin təbliğatı və dezinformasiya fəaliyyəti ilə əlaqədar sanksiya siyahısına daxil ediblər. Onun Qərbi kəskin tənqid etməsinə baxmayaraq, şəxsi investisiyalarını məhz ABŞ texnologiya şirkətlərinə və Qərb fondlarına yönəltməsi diqqət çəkən ziddiyyət kimi qiymətləndirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: