Yanvarın 2-də Binəqədi rayonundan partlamış çoxmərtəbəli yaşayış binasında heç bir təmir-quruculuq işləri aparılmır.
Bakupost.az xəbər verir ki, hadisədən 1 ay keçməsinə baxmayaraq binanın nəinki dağıdılmış, zərər görmüş mənzilləri təmir olunmayıb, heç ziyan dəyməmiş mənzillərdə də normal həyat bərpa olunmayıb. Binaya məsul şəxslər heç lifti də bərpa etməyiblər.
Bakupost.az -a müraciət edən bina sakini Şuşaxanım Səfərova bildirib ki, liftin işləməməsi səbəbindən anası vaxtında tibbi yardım ala bilməyib və o, vəfat edib:
“Anam Cəfərova Xanım Məmməd qızı şəkər xəstəsi idi. Partlayışda möhkəm qorxdu və ondan sonra şəkərini sala bilmədik. Əvvəlcə həyətdə qaldıq, sonra qohumun evinə getdik. Sonra onun vəziyyətinin dəyişdi. 8-ci mərtəbəyə onu güclə qaldırırdıq. Vaxtı-vaxtında həkimə apara bilmədik və rəhmətə getdi. Özüm də pis gündəyəm. Panik-atak keçirdim, lap vəziyyətim pisləşdi.
Heç kim bizlə maraqlanmır. “103” çağırırıq, güclə yuxarı qalxır. Vallah, tək uşaqla ortalıqda qalmışam. Heç bir tədbir görmürlər. Nə düşə, nə də qalxa bilirəm. Bizi pis günə qoydular.
Gəlirlər, yalandan dəmir vururlar, guya, lifti təmir edirlər. Ayın 2-sindən lift işləmir”.
Məsələ ilə bağlı Binanın Elşən adlı komendantı deyib ki, lift ayın 5-də istifadəyə veriləcək.
Qeyd edək ki, hadisə çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş verib. İlkin ehtimala əsasən, partlayışa səbəb məişət qazının sızması olub.
Hadisə nəticəsində 1 nəfər polis əməkdaşı həlak olub, 3 nəfər xəsarət alıb.