Zamin HACI Zamin Hacı“Özü ədalətli olanın, qazıya ehtiyacı olmaz”

(Azərbaycan ata sözü)

Müxalifətin bir hissəsi qabaqdan sürətlə şığıyan parlament seçkilərində iştirak edəcəyini, başqa hissəsi etməyəcəyini açıqlamışdır. Bunların xalqın gələcək taleyinə hansısa təsiri olacaqmı? Müsbət mənada heç bir təsiri olmayacaqdır. İlk növbədə ona görə ki, sıfırı nəyə vursan da sıfır eləyir, vurmasan da.

İkincisi, əgər bir parlamenti hansısa siyasi partiyanın müraciəti əsasında buraxmaq mümkündürsə və Konstitusiya Məhkəməsində oturan karikatur yoldaşlar istənilən anda buna müsbət rəy yapışdırırsa, bu parlamentə düşməyin mənası və məzmunu nədir? Heç bir məzmunu yoxdur. Çünki səlahiyyəti, imkanı yoxdur. Uzağı bir neçə il babat maaş alıb forslanarsan, qohum-əqrəba ilə birgə dükan açıb hansısa xırda-xuruş reketlik işləri görərsən. Vəssalam. Azərbaycanda deputatın düymə basıb yuxarıdan gələn qanun-qərarları formal olaraq qəbul eləməkdən başqa hər hansı səlahiyyəti qalmamışdır. Hətta elə bələdiyyə sədrləri var idi deputatdan yaxşı dolanırdı. Deputat o qədər hörmətsiz vəzifəyə çevrilib ki, yayda deputatlardan biri Bakıda mənzilinin qabağında maşın saxlamağa yer tapmadığından şikayətlənmişdi. Parlamentin iclasında. Güman edirik növbəti çağırışlarda deputatlarımızın əsas dərdi-azarı “Arvad mənə bozbaş bişirmir”, “Uşaq sözümə baxmır”, “Qonşunun iti gecələr hürür” tipində olacaqdır. Əlbəttə, onların ağzını qabaqcadan tikməsələr – proqnozumuz belədir.

Elə millət özü də deputatlığı ələ salmaqda hökumətdən geri qalmır. Sanki şüuraltı olaraq bizi təmsil eləməyə qadir şəxsləri seçməyin mümkün olmadığını qanırıq. Bir az paxıllıq, bir az savadsızlıq, bir az kasıbçılıq, müəyyən dərəcədə görməmişlik və sairə… Nəticədə ortaya əcaib namizədlər toplusu çıxır. Görürsən biri yazır: “Beş dəqiqə mənimlə olun, beş il sizinlə olum”. Sanki millət beş dəqiqə də bunun əlindən qurtula bilməyəcəkdir, elə axıracan sifətini görməyə məcburdur. Heç olmasa “Mənə səs verin, canınız dincəlsin” yazsa… Başqası adının hərflərindən şeir qoşur, ayrısı daha nə hoqqa çıxarır. Hər biri bu namizədliyin mənasızlığını anlayır, qərarı “Əjdaha qardaşın” verdiyini bilir, lakin özümüzü mırtlaşmaqdan saxlamırıq. Biz parlamentə arvad paltarı geyinib bambılı hırıltı ilə zövqsüz tamaşaçı kütləsi formalaşdırmış mütrüflərin oylağı kimi baxırıq, sonra da deyirik niyə belə alındı. 80-lərin teletamaşındakı obrazın diliylə desək: “Nöş belə oldu, Çibuş?” Nə əkirsən, onu biçirsən. Hələ tarixdə heç bir yerdə olmayıb ki, çayır əkəsən, buğda çıxsın. Düzdür, indi GMO çayırlardan ərzaq almaq olar, lakin bizdə GMO qadağandır.

Yuxarıda yazdığım kimi, bu mənasızlıq fonunda iştirak qərarı verənləri haradasa xırda mənfəətlərə görə anlamaq olar, boykot edənlər lap gülüncdür. Bir növ, “Lökbatan stadionuna getmirik” qərarına bənzər durum yaranır. Lap istəyirsən “bir də o KamAZ-a minmə”. Kimin vecinədir? Bəlkə iqtidar namizədləri təkcə yerləşdirməkdə çətinlik çəkəcək, ya hərəsi bir balon qazdan asılı xaricilər yekuna mız qoyacaqdır? 30 illik təcrübə göstərir ki, bunların heç birisi olmayacaqdır. Bir beynəlxalq politoloq bu yaxınlarda Rusiyanın Ukraynanı işğal elməsinə Qərbin laqeyd yanaşmasını çox maraqlı şərh etmişdi: “Hazırkı sivil dünyanı Ukraynanın, Rusiyanın dərdi düşündürmür. Onları polietilen paketlər rus raketlərindən daha artıq narahat edir”. Bu baxımdan iqlim problemlərindən narahat olan məktəbli uşağın “İlin adamı” seçilməsi  bizim kimi yerlərdən baxanda əcaib görünür.

Ümumiyyətlə, el adətləri ilə, dini mentalitetlə, qədim fikirlərlə yaşayan cəmiyyətə qanunvericilik, həm də onu düzüb-qoşan adamlar nəyə gərəkdir, mən anlamıram. Xoruz yox idi, sabah açılmırdı? Hələ bizdə “vor-zakon” öləndə camaat onu deputatdan daha hörmətlə basdırır. Bunun özü uca millətimizin həyatda arzularını, yaxud oxumuş uşaqlar demişkən, prioritet məqsədlərini göstərmirmi?

Dünən xəbər vardı, Buqenvil adası Papua Yeni Qvineyadan ayrılıb müstəqil olmaq istəyir. Ağıl yoxdur da.