Dünyada və o cümlədən Azərbaycanda koronavirusa yoluxma sayında kəskin artım müşahidə edilir. Günlük artım sayı dünya üzrə artıq 160 mini keçib. Halbuki, apreldə bu say heç 90 min nəfərə çatmırdı…
Musavat.com xarici mətbuata istinadən bildirir ki, hazırkı saata görə, dünyada 9 milyon 374 min 967 nəfər koronavirusa yoluxub. Ölənlərin ümumi sayı isə 480 min 172-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 5 milyon 64 min 139 nəfər sağalıb. Eyni zamanda, hazırda 3 milyon 830 min 456 nəfər aktiv koronavirus xəstəsi var ki, onlardan da 58 min 17 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.
Dünyada koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Ötən gün ABŞ-da 36 min 15 nəfər yoluxma, 863 nəfər isə ölüm halı qeydə alınıb.
Dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdə Braziliya gəlir. Dünən bu ölkədə 40 min 131 nəfər yoluxub, 1364 nəfər isə ölüb.
Dünya üzrə üçüncü yerdə şimal qonşumuz Rusiya gəlir. Rusiyada dünən 7 min 425 nəfər koronavirusa yoluxub, 153 nəfər isə dünyasını dəyişib.
Dördüncü sıraya Hindistan yüksəlib. Hindistanda ölüm və yoluxma halı sürətlə artır. Dünən ölkədə 15 min 665 nəfər koronavirusa yoluxub, 468 nəfər isə dünyasını dəyişib.
5-ci gələn İngiltərədə dünən 921 nəfər yoluxub, 280 nəfər isə ölüb.
Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkə siyahıda 21-ci sıraya qədər enib. Dünən Çində 22 nəfər yoluxub, ölən olmayıb.


































