AZXEBER.COM-un “Onun 10 cavabı” rubrikasının növbəti qonağı Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalıdır. 

1. Zaur Mirzəzadə
 
– Fəzail bəy, Milli Məclisin buraxılması və yenidən seçkilərin keçirilməsi üçün lehinə səs verərsinizmi?
 
– Düşünürəm ki, buna ehtiyac yoxdur. Əvvəla bu, müzakirə predmenti deyil. Amma bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılarsa, təbii ki, mən bunun əleyhinə olaram.
 
2. Turan Rzayev
 
– ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması rəsmi Vaşinqtonla Ankara eyni zamanda Bakı arasında münasibətlərə necə təsir edəcək?
 
– Əlbəttə bu, həqiqətə, haqqa, tarixi arqumentlərə söykənməyən uydurma bir yanaşmadır. Dünya erməniliyinin söykənmiş olduğu idealogiyadır. Tarixi faktlar birmənalı şəkildə sübut edir ki, 1915-ci ildə heç bir erməni soyqırımı baş verməyib. Anadolunun şərq hissəsində yaşayan ermənilər Türkiyəyə qarşı döyüşən dövlətlərin içərisində yer almışdılar. Bu istiqamətdə ciddi döyüşlər gedirdi. Erməniləri həmin dövlətlərin içərisində yer almasına imkan verməmək, onları böyük qırğından xilas etmək üçün Osmanlı imperiyası dinc şəkildə erməniləri imperiyanın digər sahələrinə köçürdülər. Təbii ki, köçürmə zamanı yolda xəstələnən də oldu, dünyasını dəyişən də oldu. Ancaq bu, soyqırımı anlayışına qətiyyən gəlməli deyil. Bir çox ölkələr bunu soyqırımı kimi tanıdı. ABŞ-ın 50 ştatından 49-u bunu tanıyıb. Bayden də ABŞ-ın milli və strateji maraqlarını özünün erməni lobbiçiliyinə qurban vermiş oldu. Mahiyyə isə Türkiyə ABŞ-ın NATO çərçivəsində müttəfiqidir. Müttəfiq olan ölkələr hər biri digərinin qarşısında ciddi öhtəlikləri var. Bu öhtəliklər ABŞ tərəfində pozula-pozula getməkdədir.
 
44 günlük müharibədə məğlubiyyətə uğrayan, əzilən, sındırılan Ermənistan sanki ruhlanmış vəziyyətdədir. Başqa bir tərəfdən ABŞ-la bərabər, Fransa da hər zaman olduğu kimi Ermənistanın yanındadır. Bu hallar, əlbəttə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına kifayət qədər maneçilik törədir. Digər bir tərəfdən bunun özü Ermənistana çox ciddi bir zərbədir. Çünki bu “soyqırımı”nın ABŞ-ın Prezidenti səviyəsində ifadə olunması və bundan ruhlanan revanşist qüvvələrin Ermənistan cəmiyyətinin Türkiyəyə qarşı düşmənçiliyinin və nifrətinin daha da kəskinləşməsi faktiki olaraq Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına ciddi şəkildə mane olacaq.

3. Nurlan Cəfəri
 
– Hörmətli Fəzail bəy, uzun illərdir ki, fəaliyyətinizi deputat olaraq davam etdirirsiniz. Bu günə qədər olan fəaliyyətiniz ərzində parlamentdə hansı uğurlarınız olub və ölkə üçün əhəmiyyətli olan hansı qərarların verilməsində əsas pay sahibi olmusuz?
 
– Dəyərli jurnalistimizə demək istəyərdim ki, bunun üçün sosial şəbəkədə mənim səhifəmə girsin. O səhifədə mənim fəaliyyətim əhatə olunub. Mən hər halda 19 yaşımdan tələbə olarkən Azərbaycanın milli azadlığı uğrunda mübarizəsinə qoşulmuşam. Tələbə dərnəyinin üzvü olmuşam. Keçən əsrin 60-cı illərində universitetin tarix fakültəsini oxumuşam. Bu günə qədər də həmin amalıma sadiq qalmışam. Mənim amalım Azərbaycanı müstəqil, güclü, qüdrətli, bütöv və demokratik görməkdir. Bütün potensialımı, bütün bilik və bacarığımı məhz bu istiqamətdə yönəldirəm. Düşünürəm ki, bu istiqamətdən də atmış olduğum addımlara görə peşman deyiləm.
 
4. Pərvin Kazımoğlu
 
– Salyan – Neftçalaya heç bir aidiyyatınız olmadığı halda buradan deputat olmağa sizi hansı səbəb həvəsləndirdi? 125 dairədən niyə məhz bu?
 
– Mən Azərbaycan vətəndaşıyam. Azərbaycan qanunvericiliyinə görə Azərbaycan vətəndaşı istənilən regiondan öz namizədliyini irəli sürüb oradan seçilmək hüququna malikdir. Mən bu hüququmdan istifadə etmişəm. Mənim doğulduğum yer ermənilərin istismarı altında olan Zəngəzurdur. Bu torpaqlar ermənilərin istismar altındadırsa, mən Azərbaycanın fəxr etdiyim bir vətəndaşı olaraq bu bölgələrin birində dünyaya gəlməmişəmsə, deməli mən konstitusiya hüquqlarında istifadə etməli deyiləm?
 
2005-ci ildən mən Salyanda seçicilərimlə görüşdə özümü təqdim etdim. Kifayət qədər həmin seçkilər gərgin keçdi. Mən çox minnətdaram ki, 60 saylı Salyan – Neftçala seçki dairəsi mənə 2005-ci ildən bu günə qədər etimad göstərib və mən də çalışıram ki, onların etimadını hər zaman doğruldum.
 
5. Günel Ələsgərova
 
– Fəzail bəy, deputatlar hansı hərəkət və nöqsanlarına görə mandatından məhrum edilə bilər və deputatların bu qədər tənqid hədəfinə tuş gəlməsinə səbəb nədir?
 
– Bu məsələ Milli Məclisin nizamnaməsi ilə tənzimlənir. Həmin nizamnaməyə uyğun olaraq Milli Məclisin uzun müddət iclaslarında iştirak etmirsə, bütövlükdə nizamnamənin tələblərini pozursa, öz fəaliyyətində ciddi nöqsanlara və bağışlanmaz səhvlərə yol verirsə, onda bununla bağlı intizam komissiyası belə millət vəkilinin fəaliyyətini müzakirə edir. Qərarını qəbul edərək Milli Məclisin sədrinə təqdim edir. Sədr də ona uyğun olaraq müzakirəyə çıxarır və həmin şəxsə xəbərdarlıq edilir, töhmət alır. Ən bağışlanmaz nöqsanlarına görə isə Milli Məclisin mandatından məhrum edilir.
Bir çox hallarda icra strukturlarının günahını da millət vəkillərində görürlər. İstənilən bir regionda əgər, misal üçün, yol bərbaddırsa, qazlaşmada problem varsa, işığı külək tez-tez söndürürsə və digər bu cür məsələlərdə konkret bu sahədə çalışan qurumu tənqid hədəfinə çevirmək əvəzinə, təəssüf ki, millət vəkillərini tənqid edirlər. Ancaq ölkəmizdə hər kəsin özünün səlahiyyətləri var. Millət vəkilinona görə seçilmir ki, o, qaz çəkməklə, yol çəkməklə məşğul olsun. Bunlarla bağlı müvafiq qurumlar var. Millət vəkilinin başlıca səlahiyyəti konstitusiya ilə müəyyən olunub. Bu da Azərbaycanda qanunverici bazasının yaradılmasıdır. Onun birinci işi cəmiyyətin bütün sahələrini idarəetməsini təmin edən qanunvericilik bazası məhz qanunverici hakimiyyət olan Milli Məclisdə yaradılır. Bu qanunları yaradan isə millət vəkilləridir. İkinci başlıca istiqaməti beynəlxalq təşkilatlarda təmsil olunaraq Azərbaycanın maraqlarına xidmət etmək, Azərbaycanın dövlətçiliyinə və onun milli maraqlarına xidmət etməkdən ibarətdir.
 
6. Gülnar Baxşıyeva
 
– Fəzail bəy, partiya sədrisiniz, tarix elmlər doktorusunuz. 6 çağırışda deputat seçilmisiniz. 73 yaşınız var. Nə zaman istirahət etməyi düşünürsünüz? Milli Məclisdən sizin dairəyə gənclər seçilsə daha uğurlu olacağını düşünmürsüzmü?
 
– Mən hər zaman gənclərimizin Azərbaycanın dövlətçiliyində və ictimai-siyasi proseslərində fəal iştirak etməsinin tərəfdaşı olmuşam. Bir istedadlı gənc gördümsə, bütün imkanlarım daxilində ona özümün köməyimi əsirgəmirəm. Mən dəfələrlə söyləmişəm ki, ümumiyyətlə, nəsilləri üz-üzə qoymaq qüsurludur. Milli Məclisi gənclər klubuna, qocalar evinə çevirmək olmaz. Burada bütün nəsillərin qabiliyətli, savadlı, peşəkar insanların təmsil olunması gərəkdir. Əgər mən sağlamamsa, çəliyə, kiminsə köməyinə fiziki cəhətdən ehtiyacım yoxdursa, eyni zamanda kifayət qədər biliyim, savadım, tarix elmləri doktoru, professor və 25 ildən çoxdur ki, Milli Məclisdə təmsil olunuramsa və öz töhfəmi verməyi bacarıramsa, tək mən yox, həmyaşıdlarım və ya məndən yaşlı olanlar niyə Milli Məclisdə bundan sonra da öz töhfəsini verməsin? Baxın ABŞ-a, baxın Avropaya orada siyasətçilərin əksəriyyəti yetkin insanlardır. Çünki burada bilik, savad, eyni zamanda təcrübə və müdriklik vacib rol oynayır. Yaşlı insanlar özünün düşüncə səviyyəsinə görə daha çox müdrikdirlər. Yəni emosionaldan daha çox düşünərək qərarların qəbul edilməsində özlərini fərqləndirirlər. Bu baxımdan qanunvericilik müstəvisində yaş qoyulmamalı, orada peşəkarlıq əsas götürülməlidir. Konstitusiyaya görə Milli Məclisdə yaş həddi yoxdur. 18 yaşdan başlayaraq hər kəs seçkilərdə iştirak edib seçicilərin etimadını qazanırsa, Milli Məclisdə təmsil oluna bilər.
 
7. Günel Hüseynli
 
– Cəmiyyətdə belə fikir var ki, Fəzail Ağamalı kimi tənqid edirsə, o adam bir neçə müddət sonra işdən çıxarılır. Sizcə bu təsadüfdür?
 
– Mən öz fəaliyyətimdə çalışmışam ki, həmişə obyektiv olum. Mənim üçün qırmızı xətt dövlətçilik və xalqın maraqlarıdır. İqtidar olsun, ya müxalifət olsun fərq etməz. Onun fəaliyyəti, əməlləri dövlətimizə ziyan vurursa, xalqın maraqlarına xidmət etmirsə, əksinə özünün şəxsi maraqlarını, varlanmaq, daha yüksək həyat şəraiti quraraq, insanlarımızın hüquqlarını pozaraq dövlətin vəsaitini özünün dədə-babasından qalma vəsait kimi yanaşaraq dağıdırsa, bu mənim üçün bağışlanılan insan deyil. Bu baxımdan öz tənqidi fikirlərimi söyləmişəm və mənim tənqidi fikirlərim onun əməlləri ilə tam üst-üstə düşdüyünə görə o, ya işdən çıxarılıb, ya həbs olunub və s. Mənim arzum odur ki, mən bu cür çıxışlar etməyim. Çox istəyərdim ki, heç kim haqqında bu cür tənqidi fikirlər söyləməyim. Əksinə onun fəaliyytini təqdir edim. Onun fəaliyyətinə yüksək qiymət verim. Eyni zamanda mənim hökümət hesabatında da, ayrı-ayrı platformalarda da Azərbaycan dövlətinə sədaqətlə xidmət edən çoxsaylı məmurlar haqqında da müsbət fikir söyləmişəm. Ancaq o məmur ki, dövlətin və xalqın maraqlarına xidmət etmirsə o, ən yaxşı halda vəzifədən getməlidir. Daha ciddi cinayətlərə yol veribsə, qanun qarşısında cavab verməlidir.
 
8. Xəyalə Rəis
 
– 73 yaş bir deputatın həyatının hansı mərhələsidir? Geriyə baxanda ən çox nəyin peşmanlığını yaşayırsız?
 
– Allahın vermiş olduğu ömürdür. Mən belə şeylərə inanıram. Allah mənim özünün qurmuş olduğu tale yazısında kodumu nə vaxt bağlayacaqsa, onunla da həyat bitəcək. Bu gün də, sabah da, 3-5 il sonra da ola bilər. Ancaq bizim nəsil, ümumiyyətlə uzunömürlü nəsildir. Babam 89 yaşında, atam 86 yaşında dünyasını dəyişib. Bu yaşda, əlbəttə mən çalışıram ki, ölçülüb-biçilmiş addım atım. Çünki indi mənim səhv etməyə heç bir zərrə qədər haqqım yoxdur. Cavan vaxtı səhv edərsən, onda da deyirsən ki, bu səhvi mən növbəti illərdə düzəldərəm və təkrarlamaram. Mənim kimi insanın bu yaşda səhv etməyə haqqı yoxdur. Ancaq istisna etmirəm ki, dünyada səhvsiz insan yoxdur. Bəzən insan özündən asılı olmayaraq müəyyən səhvlər edir. Ancaq bu səhvlər təbii ki, kiməsə ciddi ziyan gətirməli deyil. İlk növbədə mən çalışıram ki, addımlarım heç bir vətəndaşımıza zərər gətirməsin. Onun həyatını zəhərləməsin. Həyatım boyu bunu etməmişəm. Çalışmışam ki, xeyirxah olum, insanlara kömək edim, yardım göstərim. Yıxılanın əlindən tutub yıxılmağa qoymamışam. Həmişə özümdən böyüklərə hörmət bəsləmişəm. Balacalara isə mərhəmət göstərmişəm. Bu, mənim həyat tərzimdir.
 
Azərbaycanın azadlığı uğrunda mübarizə dövründə mən 24 yaşımda evləndikdən sonra Sovet İttifaqı dağılana qədər Dövlət Təhlükəsizliyi Komitəsinin tam nəzarətində olmuşam. Buna görə mən çox şeylərdən məhrum olunmuşam. Evimə gələn məktub belə izlənilib. Eyni zamanda prinsipial mövqeyimə görə bir çox hallarda övladlarımın inkişafında, cəmiyyətdə daha ciddi yer tutmasında problem yaratmışam. Elə bir məmur olub ki, 2000-ci illərin əvvəllərində o, çox böyük səlahiyyət sahibi olub. Bu səlahiyyət sahibinə mən açıq şəkildə onun üzərinə getmiş, onun prezident seçilməsini Azərbaycan üçün faciə adlandırmışam. O, vəzifədən gedənə qədər mənə və övladlarıma qarşı çox amansız və barışmaz mövqe tutub. Vaxtilə onun mənə münasibətini bilən ayrı-ayrı qorxaq məmurlar mənim övladlarımın inkişafına imkan verməyiblər. Bu, məni incidib və bu günə qədər də incidir. Halbuki mən orada şəxsi motivləe üzərində kimsənin üzərinə getməmişəm. Mən orada yalnız Azərbaycanın dövlətçilik və milli maraqları üçün bunu etmişəm və sübut olunub ki, mən düz etmişəm. Mən həmin dövrdə ölkəni daha yüksək inkişaf səviyyəsinə çıxara biləcək yeganə bir siyasətçi olaraq İlham Əliyevi görmüşəm. Söhbət 2003-cü ildə prezident seçilməsində əvvəlki illərdən gedir. 2003-cü ildən sonra cənab prezidentin təbliğatçılarından biri kimi o məmurlar tərəfindən mən haqsızlığa məruz qaldım.
 
9. Əsmər Vəlisoy
 
– Siyasətçi olmaq həm bəzi çətin sualları cavablandırmaq deməkdir. Sizin üçün cavablandırılmasında çətinlik çəkdiyiniz sual hansı olub ki, bu həm böyük öhdəlik həm də olduqca həssas mövzu olub?
 
– Bunu mən xatırlamıram. Mən hər zaman dəyərli jurnalistlərin də mənə ünvanlamış olduğu bir sıra suallarda söyləmişəm ki, əgər o sualları ki, mən cavablaya bilmərəmsə, mənim peşəkarlığım ona yüksək səviyyədə cavab verməyə imkan vermirsə, demişəm ki, bunu başqa bir millət vəkilinə ünvanlayın. Çünki mən siyasətçiyəm. Siyasətlə bağlı mənə sual versəniz mən ona daha doğru cavab verə bilərəm.
 
10. Aydın Nuri
 
– Fəzail bəy, Hüseyn Abdullayevlə davanız hər kəsin yadındadır. Həmin davaya görə peşmanlıq hissi kecirmisiz? Yenə olsa, eyni addımı atarsınız?
 
– Qətiyyən peşmanlıq hissi keçirməmişəm. Ancaq mən onu məhkəmədə bağışlamışam. O dövlətçiliyə qarşı çox kəskin mövqeyini qoyurdu. Sadəcə mən həmkar kimi ona söylədim ki, bu cür səs-küyə ehtiyac yoxdur. Onun şəxsiyyətinə toxunacaq bir söz demədim. Söhbət hökümətin hesabatından gedirdi. O, mənə ağır cavab verdi. Söyüş söymək istəyəndə mən onun ağzından söyüşün çıxmasına imkan verməmək üçün ağzının üstündən bir sillə vurdum. Sonra bizim dalaşmamız başladı. Mənə zərbə endirdi. Mən də onu vurmağa çalışdım. Beləliklə, məsələ intizam komissiyasında müzakirə olundu. Təbii ki, o, açıq söyüşlə məni təhqir etmişdi. Birinci olaraq Azərbaycan qanunları çərçivəsində istintaqa cəlb olundu. Sonra biz məhkəmədə görüşdük və mən onu həm yaşıma, həm də milli mənəvi dəyərlərimizə və anasının mənə xahişinə görə bağışladığımı bildirdim. Məhkəmədən də xahiş etdim ki, onun cəzasını yüngülləşdirsin. Həqiqətən də yüngülləşdi və o, məhkəmə zalından buraxıldı. Hüseyn Abdullayeva qarşı mənim davranışlarım adekvat idi. Mən öz şərəf və ləyaqətimi qorumalı idim. Sona qədər də qorudum. Məhkəmdə məndən üzr istədi. Bundan sonra mən onu bağışladım. Artıq bu mövzu mənim üçün tamamilə bitmiş bir mövzudur.