Noyabrın 26-da 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün üçgünlük maarifləndirici treninqlər keçirilir.
AZƏRTAC xəbər verir ki, treninqdə dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov bələdiyyə seçkiləri günü məntəqələrin üzərinə düşən vəzifələr, eləcə də seçki siyahıları ilə işin aparılması, məntəqə seçki komissiyalarının hüquq və vəzifələri barədə danışıb.
Bildirilib ki, cari ilin dekabrında ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində, MSK-nın müvafiq təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlərin mühüm əhəmiyyət daşıyır. Qeyd edib ki, bu maarifləndirici treninqlər bələdiyyə seçkilərinin şəffaf və demokratik təşkili üçün önəmlidir. Treninqlərdə bələdiyyə seçkilərinə hazırlığın gedişi haqqında aydın və hərtərəfli məlumat verilir.
Bildirilib ki, bələdiyyə seçkilərinin müasir tələblərə uyğun, demokratik şəraitində keçirilməsi üçün məntəqə seçki komissiyalarının üzərinə böyük vəzifə düşür. O deyib: “Bu baxımdan məntəqə seçki komissiyaları tərəfindən seçki siyahılarının dəqiqləşdirilməsi, səsvermə məntəqələrinin seçkilərə hazırlanması, seçki günü seçicilərin azad və sərbəst səs vermələrinin təşkili, səslərin hesablanması və səsvermənin nəticələrinə dair rəsmi protokolların qüsursuz tərtib edilməsi kimi mühüm vəzifələr yüksək dəqiqliklə yerinə yetirilməlidir.
Qeyd olunub ki, Nizami birinci seçki dairəsi üzrə 42 namizəd qeydə alınıb. Onların sırasında YAP, Ümid və Ana Vətən partiyalarının namizədləri də var. Seçkiyə 23 gün qalmış təşviqat işlərinə başlanılacaq.
Ümumilikdə isə dairə üzrə seçki prosesini 600-dək müşahidəçinin izləməsi gözlənilir.
Treninqdə, həmçinin məntəqə seçki komissiyasının üzvlərinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları ilə bağlı geniş məlumat verilib.
Xatırladaq ki, seçki dairəsi üzrə 35 seçki məntəqəsi təşkil olunub. Onlardan 31–i daimi, 4 -ü isə qapalıdır. Bu məntəqələrdə 10 veb-kamera quraşdırılıb.


































