“Dünyada 900 palçıq vulkanı mövcuddur ki, onlardan da 300-ə qədəri Azərbaycandadır. Ötən gün vulkan püskürməsi qeydə alınan Daşlı ada da vulkan püskürməsi nəticəsində yaranıb”.

Musavat.com bildirir ki, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, həmçinin vurğulayıb ki, Abşeron arxipelaqında bu cür vulkan mənşəli 8 ada var. Rasim Səttarzadə daha sonra qeyd edib ki, hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb:

“Hava şəraiti imkan verən kimi Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq”.