“Bundan sonra biz dilşünaslıq məktəbinə getdik. Orada üç professor ana dilini təkmilləşdirmək üçün cürbəcür layihələri müzakirə edirdi. Birinci layihədə təklif edilirdi ki, bütün çoxhecalı sözlər birhecalı edilsin”.

(Conatan Svift, “Qulliverin səyahəti”)

AMEA-nın təzə prezidenti İsa Həbibbəyli deyib ki, idarə dünyanın heç bir nüfuzlu elm qurumuna üzv olmayıbdır. Daha doğrusu, Avropa və Avrasiyada beləsi yoxdur. (Görünür? hörmətli akademik Avrasiyanın içində Avropanın da getdiyini bilmir. Eybi yoxdur, hələ nə yaşı var, öyrənər. Bu işdə Coğrafiya İnstitutundan yardım alsın. Hərçənd bilmirəm məşum və məlum tektonik parçalanmadan sonra coğrafiyaçı alimlərimiz Elm Təhsil Nazirliyinə düşdülər, yoxsa AMEA-nın ata yurdunda qaldılar).

Biz dəqiqləşdirməliyik, bəlkə AMEA Afrikada hansısa elmi qurumun üzvüdür? Ola bilməzmi? Adı Afrikadır deyə ürkmək lazım deyil, bəşəriyyətin beşiyi oradır. Neçə yüz min, milyon il qabaq oradan çıxıb materiklərə dağılışmışıq, axırda akademiya qurmuşuq. Ona görə, dahi klassikimiz demişkən, indi buşmen və qottentotlara baxmaq üçün Afrikaya getməyə ehtiyac yoxdur, AMEA-ya girmək bəs edir.

Təzə müdir idarədə gənclərin azalmasına da diqqət yönəldibdir, deyir son 7 ildə yaşı 40-dan aşağı cəmi 8 elmlər doktoru düzəltmişik, yaşı 50-dən aşağı elmi işçi sayı isə hətta cəmi 20 nəfər imiş!

Fantastikadır. Görəsən, AMEA-nın qocalar evinə çevrilməsi, beynəlxalq əlaqələrin sıfıra düşməsi kimin günahıdır? Niyə İsa müəllim bu işlərdə özünü də günahkar görmür, axı neçə il orada vitse-prezident işləyibdir. Lap dəqiqləşdirdim: 2013-cü ildən bəri.

Əlbəttə, ortadakı dağlarda Ramiz Mehdiyev kimi suç keçisi hoppanırsa, günahı başqasına yükləməyin anlamı yoxdur. Elmimizin pis günə düşməsi onun işidir. Bir qədər də Əli Kərimli, İsa Qəmbər və Əbülfəz Elçibəyin günahıdır. O cümlədən Pənah Hüseynin. Sən soruş, mən deyim niyə: vaxtilə bu adını çəkdiklərimdən Elçibəy, Qəmbər və Hüseyn akademiyanın elmi işçiləri idilər. Elmlə məşğulat etmək yerinə siyasətə qarışdılar, nəticədə it də getdi, ip də.

Ancaq ümidsiz olmayaq, gələcəyimiz işıqlıdır. Əsas budur. Keçmişə baxan daşa dönür. Biz İsa müəllimin (Həbibbəylini nəzərdə tuturam, mövzuya Qəmbər girib, oxucular çaşmasın) başçılığı altında elmi kommunizm quruculuğu yolunda mətin addımlar atacağıq. Buna niyə əminəm? Çünki işartılar artıq görünür! Üç-dörd gün qabaq AMEA Rəyasət Heyətinin iclasında yeni şöbə yaradılması qərara alınmışdır. Sizcə, o şöbənin adı nədir? “Kvant fizikası”? “Qara dəliklər”? “Gen mühəndisliyi”? Lap belə bəd ayaqda, “Azərbaycanın siyasi-iqtisadi gələcəyi”? Yox, avam olmayın. Bizim alimlərimizə bu cür xırda-mırda, perspektivsiz işlər qəti yaraşmaz. Nəsə, bəylərimizi və xanımlarımızı çox intizarda qoymaq istəmirəm, AMEA-da İsa müəllimin başçılığı altında yaradılan ilk şöbənin adını yazıram: “Akademiya şəhərciyi”.

Vallah, elə bu cür də adlanır. Güman edirəm bu şöbədə alimlərimiz akademiyanın şəhərciyindəki binalar, ağaclar, skameykalar, fəvvarə, popkorn aparatı, çayxana, qutabxana və sairə obyektlər arasında üzvi və qeyri-üzvi əlaqələri dərin şəkildə öyrənəcəklər. Qədim müdriklər deyiblər ki, gərək ilk növbədə özün özünü dərk edəsən. Akademiya öz şəhərciyini dərk etmirsə, dünyanın başqa şəhər və kəndlərini necə analiz edəcəkdir? Hələ bunun uzaq planetləri, quyruqlu kometaları, cırtdan ulduzları-zadı var.

AMEA akademiya şəhərciyini başa düşəndən sonra orada Ramiz müəllimin nəyi satıb-dağıtdığını, nəyin hələ qaldığını öyrənəndən sonra, inşallah, növbədə Yasamalın başqa teritoriyaları gəlir. Alatava, 20 Yanvarın kruqu, Olimpin dalı, Statkomun qabağı və sairə yerlər üzrə də şöbələr açılacaq.

Mən AMEA-nın Biləcəri şöbəsinə başçılıq edə bilərəm. Bura üzrə yaxşı araşdırmalarım var. Məsələn, vağzalda perronun neçə metr uzunluğunda olduğunu bilirəm. Burada yazmıram, başqa alimlər oğurlamasın.