“Azərbaycan-İran sərhədinin digər hissələrində tərəfimizdən qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu ondan xəbər verir ki, təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib. İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib. Dövlətimizin başçısı onu da vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhədi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi.

İşğal altında olan ərazilər həm narkotik plantasiyalarının yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Azərbaycanın işğal altında olan ərazilərindən narkotrafik marşrutu kimi istifadə məsələsində İran İslam Respublikası xüsusi fəallığı ilə seçilib. Əfqanıstandan Qərbə doğru gedən marşrutlar həm də İrandan keçməklə Azərbaycanın işğal altında olan ərazilərindən Ermənistana, oradan da Avropaya istiqamətlənib. Azərbaycanın İranla həmsərhəd olan Zəngilan və Cəbrayıl rayonları Ermənistanın işğalı altında olduğuna görə narkotikin bu ərazilərdən ötürülməsində hər hansı problem yaranmayıb. Amma 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibədə Azərbaycanın qələbəsi və torpaqların işğaldan azad olunması sərhədin bərpa edilməsinə şərait yaratdı. Bu, həm də 30 ilə yaxın dövrdə maneəsiz işləyən narkotrafik marşrutunun qapanmasına səbəb oldu.

Sonrakı dövrdə Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 23 km-lik hissəsinin nəzarətə götürülməsi ilə narkotrafiklə bağlı olan-qalan imkanlar da məhdudlaşdı. Tehran rejimini əsəbiləşdirən də narkotik ticarətindən əldə etdiyi milyonları itirməsidir.

Əslində, İranla Ermənistan Azərbaycan ərazilərini narkotik trafiki, çirkli pulların yuyulması, silah alveri üçün platformaya çevirmişdi. İndi bu ərazilər əldən çıxır deyə, İranın xoşuna gəlmir. İşğal müddətində Ermənistan söküntü-tikinti materiallarını İrana satırdı, İran da bunun əvəzində Ermənistanı yanacaq, silah-sursatla təmin edirdi. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. Ən acınacaqlısı budur ki, özünü İslam ölkəsi adlandıran İran da bu prosesdə yaxından iştirak edib.

Bir maraqlı xatırlatma edək; Bir müddət əvvəl İran Mellat Bankın İrəvan filialının keçmiş şöbə müdiri Hraçya Ovanisyan ilginc etiraf etmişdi. O bildirmişdi ki, bütün dünyada fəaliyyət göstərən erməni təşkilatları kimi İran Mellat Bankının İrəvan filialı da 2016-cı ilin aprelində “Dağlıq Qarabağ Respublikasına” böyük miqdarda maliyyə yardımı göndərib. Ovanisyan bankda işlədiyi zaman Dağlıq Qarabağa yardım edən bir sıra İran şirkətlərinin siyahısını yaymışdı: “Ermənistandan Dağlıq Qarabağda yüzlərlə İran şirkəti fəaliyyət göstərir. Bunlar “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir”. Təsəvvür edin, bunu erməni etiraf edir.

Gerçəklik odur ki,  İran bu illər ərzində Azərbaycana münasibətdə dostluq, mehriban qonşuluq münasibətləri çərçivəsinə sığmayan riyakar fəaliyyətlə məşğul olub. İran Qarabağı ermənilərlə birgə talayıb. Prezidentin təbiri ilə desək, kərpic-kərpic, daş-daş sökülüb satılması prosesində iştirak edib. Eyni qaydada bu cinayətkar əlaqənin sayəsində 60 min hektara yaxın meşəmiz məhv edilib.

Azərbaycan isə İrandan fərqli olaraq qonşuları ilə mehriban qonşuluq münasibətlərinin olmasına çalışıb və çalışır. Bakı bu istəyində həmişə səmimi olub. Bütün prinsipləri gözləyib. Biz öz ərazi bütövlüyümüzü, sərhədlərimizi bərpa etmişik. Heç kimin daxili işlərinə qarışmırıq. Bu, İranın xoşuna gəlməyə bilər. Amma nəhayət başa düşməlidi: İndi Azərbaycan qüdrətli, regionda güc sahibi olan bir dövlətdir. Bütün məkrli  hərəkətlərə son qoymağın vaxtı isə gəlib.