Kreml rəsmisi SSRİ-nin qurucusu Vladimir Leninin nəşinin mavzoleydən çıxarılacağı barədə xəbərlərə aydınlıq gətirib. 

Minval.info xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, qeyd edib ki, Leninin nəşinin Qırmızı Meydandakı mavzoleydən çıxarılması məsələsi gündəmdə deyil, belə planlar yoxdur.

“Xeyr, belə planlar yoxdur”, – Kreml sözçüsü yaxın gələcəkdə Leninin nəşinin məqbərədən çıxarılması barədə qərarın qəbul edilməsinin mümkün olub-olmaması sualına cavab verərkən deyib.

“Bu məsələ gündəmdə deyil, indi başqa məsələlər və problemlərlə dolu olan başqa gündəm var”, – Peskov vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə Leninin ölümündən 100 il ötür.

Lenin 1924-cü il yanvarın 21-də Moskva yaxınlığında, Qorkidəki iqamətgahında, 54 yaşında vəfat edib. Ölümündən əvvəl dəfn olunma üsulu və yeri ilə bağlı heç bir yazılı əmr qoymayıb. Yanvarın 22-də Leninin cənazəsi qısa müddətə balzamlaşdırılıb, Xalq Komissarları Sovetinin rəhbəri ilə vida müddəti uzadılıb, sonra Leninin nəşinin uzun müddət saxlanılması haqqında qərar qəbul edilib.

İndiki mavzoleyin tikintisi 1930-cu ildə başa çatdırılıb. 1953-1961-ci illərdə mavzoleydə İosif Stalinin nəşi olan sərdabə də var idi, onun nəşi sonradan Kreml divarının yanında basdırılıb. 1990-cı ildə Lenin mavzoleyi “sovet monumental memarlığının görkəmli nümunəsi” olaraq Kreml və Qırmızı Meydan ilə birlikdə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.