Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri uğurla davam etdirilir.

Qeyd olunan  yolun  tikintisini keçirmək  üçün  elan   olunmuş  tenderin  qalibi  “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) oldu. Artıq  yolun  tikintisinə  başlanılıb.Yol əhali üçün  nəzərdə  tutulsa da, bəzi  xoşagəlməz  hallar yaşanıb.

Tikintidə  çalışan  bir  qrup  fəhlə  Oxu24.com  saytına  müraciət  edib. Ucar  rayonu,Qarabörk  və  Qazyan kənd  sakinləri  olan  fəhlələr  bildirib  ki,  tikinti  başlayan   zaman  onlar  müxtəlif  vəzifələrdə  işləmək  üçün  şirkətə  müraciət   edib.

Qarabörk  kənd  sakini  Allahverdiyev  Valeh   saytımıza  açıqlamasında  bildirib  ki, O, tikintidə   fəhlə  kimi   işləmək  üçün    müraciət  edib.  Şirkətin  işlərini  icra  edən  Mübariz  adlı  əməkdaş  onlardan  müqavilə  üçün  lazım  olan  sənədləri  istəyib.

“Tələb  olunan   sənədləri ona verdim.Mənə  şirkətin  rəhərinin  adına   tarixsiz  ərizə  yazdırdı.Dedi ki, sizi  rəsmi  qaydada  işə  götürürük. Əmək   Kitabçasını   da   ona  verdim. Üstündən  xeyli  müddət  keçdikdən   sonra  mənə  kart  verilməsini  və  müqavilənin  nüsxəsini  tələb  etdim. Onlar  hər   dəfə  məsələni  uzadırdı.”

 

Tikintidə  fəhlə  işləyən  Ucar rayonu,Qazyan kənd sakini  İlkin  Manafov  bildirib  ki, eyni  hadisə  onun  da  başına  gəlib. 

“Biz bütün  sənədləri  Mübariz  müəllimə  verdik. O, layihə  üzrə  direktorun  köməkçisi  idi. Bizə  söz  verdi ki, sənələri  rəsmi   qaydada  qeydiyyata  alacaq. Amma 10 ay  bizi   qul  kimi  işlətdi. Biz hüquqlarımızı  tələb  edəndə  Mübariz  müəllim  tərəfindən  təhqir  olunduq.Biz yayın istisində,günün  altında  çox  ağır  vəziyyətdə  işləyirdik. Amma  maddi  ehtiyaca   görə  bütün  çətinliklərə  dözdük. Haqqımızı  tələb   edəndə bizi  təhqir  edirdi.”

 

Ucar rayonu,Qazyan kənd  sakini Xəlilov  İsrayıl  bildirib  ki,  o da  işləmək  üçün  şirkətə  müraciət  edib. Eyni  qaydada  ondan  da  sənədlər  toplansa da, müqavilə  bağlanmayıb.

“Bizi  müqaviləsiz  10  ay   işlətdilər. Hətta   əlavə  saatlarda   bizi  məcburi   işə  çağırırdılar. Biz əlavə   saatlara  görə, ödəniş  istəyəndə  təhqiq  olunurduq   və  bizi  işdən  çıxarmaqla   hədələyirdilər. Bütün  bunları  Mübariz  adlı   şəxs  edirdi.  O, sonda  bizə  dedi ki,  kimə  istəyirsiniz   şikayət  edin. Bizim  arxamızda  güclü  şəxs   dayanıb. Biz  də  Dövlətimizə  və  Ölkə  başçımıza  güvənib  şikayət  etdik. Xahiş  edirik, bizim  məsələyə   hüquqi   qiymət  verilsin.”

 

Oxu24.com   məsələ  ilə  bağlı  araşdırma   aparıb.  Məlum  olub  ki, müqaviləsiz  işlədilən  şəxslər  kütləvi   halda   olub. Onların   bir  hissəsi  məcburi  şəkildə  işdən  çıxarılıb. Hazırda  işdə  qalanlarla isə  sonradan   müqavilə  bağlanıb   və  əmək haqqı  kartı  verilib.

Oxu24.com  məsələdə  adı  hallanan  Mübariz  bəylə  əlaqə  saxlayıb. O, əməkdaşımıza  açıqlamasında   suallara  cavabı  şirkətin   verilməli   olduğunu  bildirib  və  əlavə  suala  cavab  verməkdən  imtina  edib.

Oxu24.com  məsələnin  hüquqi  tərəfinə  də  aydınlıq  gətirib.

İşçini  əmək  müqaviləsindən  kənar  işlədən  şəxsləri  hansı  cəza  gözləyir?

Birinci  vergidən yayınmaq, yəni  vergi ödəməmək.
Digər isə  sosial  ödənişlərdən  azad  olmaqdır.

Mövzu ilə  bağlı  saytımıza   açıqlama   verən  hüquqşünas  Yalçın  Hacızadə  bildirib  ki,
işəgötürənlər  tərəfindən  əmək   müqaviləsi  olmadan işçilərin  işlədilməsi  qanun pozuntusudur və belə əməllər pozuntunun həcmindən asılı olaraq həm inzibati həm də cinayət məsuliyyəti yaradır.

Əmək Məcəlləsinə əsasən işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamalı və həmin müqavilə müvafiq dövlət orqanının elektron informasiya sisteminə daxil edildikdən və bu barədə məlumat işəgötürənə göndərildikdən sonra hüquqi qüvvəyə minir.

İnzibati Xətalar Məcəlləsi işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutur.

Əgər əmək müqaviləsi olmadan işlədilən fiziki şəxslərin sayı on nəfər və ondan çoxdursa belə əməl cinayət tərkibi yaradır və buna görə cinayət məsuliyyəti vardır. Belə əməllərə görə də yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə, bu cinayət əməlləri təkrar törədildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları işəgötürənlər üçün tətbiq oluna bilər.

Həmçinin bildirim ki, belə cinayət əməlini törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən  yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Lakin bu güzəşt də belə əməli törətmiş şəxslərə bir dəfə şamil olunur.

Fiziki şəxslərin əmək müqaviləsi bağlanmadan işlədilməsi onların konstitusion hüquqlarının pozulmasıdır. Elə ona görə də belə əməllər Cinayət Məcəlləsində insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir.
Əmək müqaviləsi bağlanmadan işlədilən fiziki şəxslərin sosial təminat, məzuniyyət, sığorta, pensiya hüquqları pozulmuş olur. İş zamanı onlar hər hansı bir xəsarət alsalar heç bir təminatları olmur.

Belə hallarla  qarşılaşan  vətəndaş  nə  etməlidir?

Hüquqşünasın   sözlərinə   görə, belə hallarla qarşılaşan fiziki şəxslər  Dövlət  Əmək Müfəttişliyinə, Vergi  Xidmətinə  və  ya  prokurorluq orqanlarına şikayət edib, ödənilməmiş əmək və məzuniyyət haqlarının ödənilməsini, əmək müqaviləsinin rəsmiləşdirilməsini, həmin müddətin iş stajına daxil edilməsini və digər pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər.

Oxu24.com məsələ ilə  bağlı   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu  ünvanlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığınız sorğunuza  cavab  olaraq  bildiririldi ki, adları qeyd  etdilən  vətəndaşlar tərəfindən  Xidmətə daxil olan şikayət icraata yönəldilib və hazırda araşdırma aparılır.

Oxu24.com  ərazidə tikinti  həyata keçirən  “Körpü-Bina-Tikinti” MMC  barədə  daha bir faktı yaxın zamanda  təqdim  edəcək.