Kənd təsərrüfatı torpaqlarında evlərə sənəd müjdəsi
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı mühüm dəyişikliklər gözlənilir. Bu dəyişikliklər, ayrı-ayrı evlərin deyil, bütöv yaşayış massivlərinin torpaq kateqoriyasının dəyişdirilməsini nəzərdə tutur. Bu isə illərdir sənədsiz ev problemi ilə üzləşən yüz minlərlə vətəndaş üçün müsbət xəbər sayıla bilər.
Minval.info xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev təqdim olunan sənədlərin müəyyən edilmiş tələblərə cavab verdiyi halda aidiyyəti dövlət qurumlarına elektron qaydada rəy üçün göndərildiyini bildirib. Bu qurumlar arasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yer alır.
Mətin Eynullayev bildirib ki, aidiyyəti dövlət qurumlarından müsbət rəy alındıqdan sonra məsələ daha yuxarı instansiyaya təqdim olunur. Qərar təsdiqləndikdən sonra torpağın kateqoriyası dəyişmiş hesab edilir. Əmlak Məsələləri Dövlət Xidmətinin apardığı təhlil zamanı məlum olub ki, müraciətlərin 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərində fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələri ilə bağlıdır.
Xidmət rəisi bildirib ki, həmin dövrdə iqtisadiyyatın keçid mərhələsində olması və torpaqların işğalı nəticəsində çoxsaylı insanların yaşayış yerlərini tərk edərək digər ərazilərdə məskunlaşması zərurəti kənd təsərrüfatı və digər kateqoriyalara aid torpaqlarda böyük yaşayış massivlərinin yaranmasına səbəb olub. Bu səbəbdən dövlət qurumu hər bir evin və ya torpaq sahəsinin ayrı-ayrılıqda kateqoriyasının dəyişdirilməsini səmərəli hesab etmir.
Əgər yaşayış massivi şəhərsalma sahəsində normativ sənədlərə və ərazi planlaşdırılması sənədlərinə uyğundursa, ərazidə mühəndis-kommunikasiya xətləri, yol-nəqliyyat infrastrukturu mövcuddursa və həmin yaşayış massivinin gələcəkdə inkişaf etdirilməsi üçün imkan varsa, aidiyyəti dövlət qurumlarının müsbət rəyi əsasında həmin ərazinin statusunun dəyişdirilməsi mümkün olacaq. Bu halda fərdi ev sahiblərinin bir-bir müraciət etməsinə ehtiyac qalmayacaq.
Əmlak eksperti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc hesab edir ki, bu məsələ uzun illərdir cəmiyyətdə müzakirə olunan problemlərdən biridir. Onun sözlərinə görə, əsas məsələ açıqlamanın real addımlarla müşayiət olunmasıdır. Ekspert bildirib ki, müəyyən massivdə onlarla və ya yüzlərlə fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaqların üzərində tikilibsə və insanlar həmin evlərdə faktiki olaraq yaşayır, kommunal xidmətlərdən istifadə edirlərsə, artıq burada mövcud hüquqi problemin dövlət tərəfindən həlli zərurəti yaranır.
Vüqar Orucun sözlərinə görə, sənədsiz evlərin müəyyən hissəsinin sənədləşdirilməməsinin əsas səbəblərindən biri torpağın yaşayış təyinatlı olmamasıdır. Hazırda sənədsiz evlərin təxminən 20-25 faizinin məhz bu tip problemə görə sənədləşdirilə bilmədiyi bildirilir. Çünki həmin evlər faktiki olaraq yaşayış üçün istifadə olunur, lakin torpağın təyinatı yaşayış olmadığına görə onların qeydiyyata alınması və müvafiq çıxarışla təmin edilməsi mümkün olmur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Sumqayıt yolunda tıxaclar havanı zəhərləyir!
Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi
İt dişləməsindən sonra burun uğurla bərpa edildi
Buraxılış imtahanı qaçıranlara sentyabrda yeni şans!
ATU idman kompleksi üçün 486 minlik təmir planı
Yasamalda qurumuş ağac təhlükə saçır: Tədbir alın!
Tanınmış dermatoloq Nofəl İbrahimov vəfat etdi