İŞİD-ə qoşulanlar ile ilgili görsel sonucuTerror təşkilatının son 6 ildə Suriya və İraqdakı fəaliyyətinin xronologiyası

Özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran qruplaşma hazırda taqətsiz hala gətirilib. Buna baxmayaraq, İŞİD-in yenidən dirçəlməsini, başqa ad altında fəaliyyətini davam etdirə biləcəyini proqnozlaşdıranlar da az deyil.

Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, qruplaşmanın rəhbəri Əbu Bəkr əl- Bağdadinin ölümü ilə bağlı ziddiyyətli xəbərlər, onun yerinə gətirilən şəxsin türk mənşəli olmasının qabardılması bu yöndə siqnal hesab oluna bilər: “İŞİD Yaxın Şərqdə  siyasi və iqtisadi proseslərə təsir göstərmək üçün bir vasitə idi. Həmin ərazidə İŞİD-in peyda olması ABŞ və müttəfiqlərinin neftin qiymətinə təsir göstərmələrinə şərait yaratdı. Müəyyən qruplaşmalar da həmin ərazilərdə sıradan çıxarıldı. Amma İŞİD-lə bağlı bugünkü durum fərqlidir. Bu gün İŞİD-in tam olaraq sıradan çıxarılmasını söyləmək olmaz. Düzdür, İŞİD-in ələ keçirdiyi ərazilər onlardan alınıb, qruplaşma böyük itkilər verib. Amma tam məhv olmayıb. İŞİD-in başqa qruplaşmalarla birləşdirilməsi prosesinin də şahidi ola bilərik. Düşünürəm ki, yaxın zamanlarda İŞİD digər adla yenidən baş qaldıra bilər”.

İŞİD-in ideoloji varlığı 2006-cı ilə qədər gedib çıxır. Necə oldu ki, bu qrup yüzlərlə digər silahlı qruplardan fərqlənərək “xilafət” elan etdi? Təşkilatın lideri Əbu Bəkr əl-Bağdadinin ölümünə qədər olan müddətdə Suriya və İraqda nələr baş verdi?

BBC İŞİD-in “xilafət planının” iflası xronologiyasını təqdim edib.

“Əl-Qaidə”nin İraq qanadının lideri Əbu Bəkir əl-Bağdadi Suriyadakı Nusra Cəbhəsi ilə birləşdiklərini elan etdi. Yeni yaranan qrupun adı İraq Şam İslam Dövləti oldu.

Yanvar, 2014:

Yanvar ayında İŞİD İraqın Fəllucə şəhərini ələ keçirdi. Yaxınlıqdakı Rəmadi şəhərinin bəzi məhəllələrinə də artıq İŞİD nəzarət edirdi. Sonra Suriyadakı Raqqa şəhərinə girdilər. Bəyan etdilər ki, Raqqa “xilafətin paytaxtı” olacaq.

Fevral, 2014:

Fevralda «Əl-Qaidə»nin lideri Ayman əl-Zəvahiri İŞİD-i tənqid etdi. Paylaşdığı səs yazısında «Əl-Qaidə»nin İŞİD-lə uzlaşmağa çalışdığını, ancaq Əbu Bəkr əl-Bağdadinin bütün təklifləri rədd etdiyini bildirdi.

İyun, 2014:

İyun ayında İraqda bütün dünyanın çaşqınlıqla izlədiyi bir hadisə baş verdi: İŞİD İraqın ən böyük ikinci şəhəri olan Mosulu, sadəcə, 6 günə ələ keçirdi. İŞİD-in əli keçmiş İraq lideri Səddam Hüseynin doğulduğu Tiqritə qədər uzanacaqdı.

İraq silahlı qüvvələrinin sürətli deqradasiyası İŞİD-ə Bağdadın ətraf məhəllələrinə qədər gəlib çıxmaq imkanı yaratdı. Şiəliyin müqəddəs şəhərləri üçün də işğal təhlükəsi yarananda İraqın dini liderləri könüllüləri İŞİD-ə qarşı mübarizəyə səslədilər. Həmin ayın axırlarında İŞİD adını dəyişib “İslam Dövləti” oldu. İraq və Suriya ərazisində ələ keçirdiyi ərazilərdə xilafət elan etdi. Bağdadi özünü “İslam Dövlətinin xəlifəsi” adlandırdı.

İyul, 2014:

İyulun əvvəlində Bağdadi ilk dəfə ictimaiyyət qarşısına çıxdi. Mosulun tarixi «Əl-Nuri» məscidində cümə xütbəsi oxudu, bütün dünya müsəlmanlarını onun xəlifəliyinə biət etməyə çağırdı.

Avqust, 2014:

Bir ay sonra İŞİD Mosulun qərbində yerləşən Sincarı ələ keçirdi. Az sonra İŞİD döyüşçülərinin bu şəhərdəki yezidi azlığa mənsub qadınlara təcavüz etdiyi və işgəncə verdiyi xəbərləri yayıldı.

8 avqustda ABŞ prosesə qoşuldu, İŞİD-in İraqdakı mövqelərinı ilk dəfə havadan vurdu.

Sentyabr, 2014

22 sentyabr İŞİD-lə mübarizə günü oldu. ABŞ-ın rəhbərliyi altında İŞİD-ə qarşı yaradılan koalisiya Suriyada hava əməliyyatlarına başladı.

Sonrakı 4 ildə koalisiya İraq və Suriyada minlərlə hava hücumu əməliyyatı keçirəcəkdi.

Yanvar, 2015

2015-ci ilin əvvəlində koalisiyadan hava dəstəyi alan iraqlı peşmərgələr İŞİD-i Mosulun bəzi qəsəbələrindən çıxardı.

Suriyada isə diqqət Türkiyə sərhədi yaxınlığındakı Kobaniyə yönəldi. ABŞ-ın hava dəstəyi verdiyi YPG İŞİD-in bu şəhərə hücumunu dəf etdi.

Aprel, 2015

Bir neçə ay sonra İraq silahlı qüvvələri Tiqriti İŞİD-dən geri aldı. Bu, İraqın İŞİD üzərində ilk böyük qələbəsiydi.

May, 2015

Amma Suriyada İŞİD irəliləməyə davam edirdi. Arxeologiya xəzinəsi sayılan qədim Palmira şəhəri də İŞİD-in əlinə keçdi.

Fevral, 2016

Aylarla davam edən qarşıdurmadan sonra İraqın Ramadi şəhəri İŞİD-dən geri alındı. Minlərlə binanın yerlə-yeksan olduğu şəhərdə, demək olar ki, bir nəfər də olsun mülki şəxs qalmamışdı.

İyul, 2016

26 iyulda başlayan və 5 həftə davam edən qarşıdurmadan sonra İŞİD Fellucədən də çıxarıldı.

Avqust, 2016

İŞİD-in nəzarətində olan bölgələrdən raket və hava hücumlarına görə Türkiyə “Fərat qalxanı” əməliyyatına start verdi. 7 ay davam edən qarşıdurmadan sonra İŞİD Türkiyə sərhədindən uzaqlaşdırıldı.

May, 2017

2017-ci il İŞİD-in İraqdan çıxarılması ili oldu. Təşkilat Suriyada da ərazi itirməyə davam edirdi. 10 mayda əsas bazası Kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı Xalq Qoruma Birliklərindən (YPG) ibarət olan Suriya Demokratik Qüvvələri (SDQ) həftələrlə davam edən qarşıdurmadan sonra Təbqə su anbarına nəzarəti ələ keçirdi. Beləliklə, ABŞ-ın dəstək verdiyi SDQ İŞİD-in paytaxt elan etdiyi Raqqa şəhərinə 30 km məsafədəyək yaxınlaşmış oldu.

İyul, 2017

10 iyulda İraqın baş naziri Heydər əl-İbadi Mosulun İŞİD-dən geri alındığını açıqladı. 6 günə itirilmiş şəhər 1,5 ilə azad edilmiş oldu. Bu, İŞİD-in İraqdan tamamilə vurulub çıxarılması demək idi.

Oktyabr, 2017

İŞİD Suriyada da böyük zərbə aldı. Aylarla davam edən və şəhəri yerlə bir edən bombardmanlardan sonra SDQ Raqqanı İŞİD-dən geri aldı.

Dekabr, 2017

Sentyabr-dekabr 2017-ci il aralığında Rusiyadan hava, İrandan yerüstü dəstək alan Suriya hökuməti İŞİD-in işğal  etdiyi Dəyrəzzor, Məyadin və Əlbu Kamal kimi vacib məntəqələri işğaldan azad etdi.

Avqust, 2018

Bir il sonra IŞİD ərazi itirməkdə davam etməkdəykən Bağdadi haqqında şayiələr də artırdı. Öldümü, yoxsa Livana qaçdımı versiyaları müzakirə edilərkən səs yazısı yayıldı. Bağdadi tərəfdarlarına savaşı davam etdirməyi tövsiyə edirdi.

Mart, 2019

2019-cu ildə SDQ İŞİD-in əlindəki son ərazi olan Bəğuz kəndini işğaldan qurtardı. Beləliklə də xilafətin fiziki sərhədləri yox edildi.

Oktyabr, 2019

Türkiyənin başlatdığı “Sülh çeşməsi” əməliyyatı, təhlükəsiz zona və ABŞ-ın Suriyadan çıxması mövzuları müzakirə olunan günlərdə ABŞ prezidenti Donald Trump özünün twitter hesabında “Çox vacib bir hadisə baş verdi” yazdı, sonra da İŞİD lideri Bağdadinin Amerika hərbçiləri tərəfindən İdlib yaxınlığında mühasirəyə alındığını və ələ keçməmək üçün onun bir tuneldə partladaraq öldüyünü açıqladı.

Qeyd edək ki, ABŞ-ın Bağdadinin məhv edilməsi ilə bağlı rəsmi açıqlamasından sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin onun ölümünü şübhə altına alan bəyanatla çıxış edib.