“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər kəsin ən azı 21 gün olmaqla əmək məzuniyyətindən istifadə etmək hüququ var. 1999-cu ildə qəbul edilmiş redaksiyada göstərilirdi ki, bu məcəllə ilə müəyyən edilən əsas məzuniyyətə 21 və ya 30 təqvim günü 1 iş ilindən digər iş ilinə keçirilməsi, habelə əmək məzuniyyətinin dalbadal 2 il ərzində verilməməsi qanunla qadağandır. Bunu pul verməklə əvəzləmək olmur. O qədər məzuniyyəti birdən-birə vermək də mümkün deyil. Bu səbəbdən də 2006-cı ildə Əmək Məcəlləsinə dəyişiklik olundu”.
Bakupost.az xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Əmək Məcəlləsinə məcburi məzuniyyət məsələsi ilə bağlı dəyişiklik layihəsinin təklif edilməsi məsələsinə münasibət bildirərkən deyib.
Hüquqşünas bildirib ki, hər il məzuniyyətin məcburi olması təklif olunub. Ancaq bu halda kompensasiya vermək mümkün olmayacaq:
“Elə insanlar var ki, on ildən artıqdır ki, məzuniyyəti yığılıb. Bəlkə də, bu təklif əvvəlki illərə şamil olunmayacaq. Bundan sonra işçiyə məzuniyyət verilməyəndə onu pulla əvəzləmək mümkün olmayacaq və batıb gedəcək. Bu düzgün addım deyil. Təklifi verənlər hüquqi baxımdan haqlıdırlar. Konstitusiyaya əsaslanıb veriblər. İşçilər istirahət etməyəndə sağlamlıqlarına ziyan dəyə bilər. Bu cəhətdən haqlıdırlar”.

































