“Külək haradan bilsin ki, hansı tərəfə əsmək lazımdır?”

(Stanislav Yeji Lets)

Mən bu yazını əslində 10 noyabrda yazıram, qəzetdə çıxmaq ehtimalı 11 noyabra təsadüf edəcəkdir, mövzusu isə 12 noyabrdır. Əlbəttə, hörmətli oxucular soruşa bilər ki, niyə mən 12 noyabra aid yazını elə həmin gün yazmıram. Bəlkə başıma mövzu qəhətdir? Yox. Mövzu “en” qədər. Maşallah, iqtisadiyyatımız inkişaf edir, pensiyaçılar azalır, meyxanaçılar adam yortur, Paşinyan yenə nəsə gicləmişdir, Operativ Qərargah mühüm məlumat yaymışdır, Hindistanda məşhur aktyor ölübdür, Türkiyənin Mərsin şəhərində bir dönərçi, İndoneziyada isə iki balıqçı intihar etmişdir. Yəni Azərbaycan kütləvi informasiya vasitələrində yazmaq mümkün olan hər cür mövzuya açığıq, imkanımız çatır, qələmdə mürəkkəb, kompüterdə elektronlar cağbacaq yerindədir. Bəs niyə mən bu şeyləri qoyub 12 noyabrı mövzu seçmişəm? Çünki 12 noyabr böyük gündür. Çox adam hələ bu günün böyüklüyünü, mənası bəlkə də qanmır, ancaq nahaq yerə.

12 noyabr dünya tarixinə nə cür düşübdür? 1999-cu ilin bu günündə Ekvadorda Turuxua vulkanı püskürmüşdür, 1963-də Mirşahin anadan olub, 1933-də Lox-Ness əjdahasının şəklini çəkiblər və Hitlerin partiyası parlament seçkilərini udub, 1910-cu ildə ilk kino tryuku çəkilib – bir nəfər yanan şardan Hudzon çayına hoppanıbdır.

Təbii ki, bunların hamısı gözəldir, lakin bizi maraqlandıran mövzunun yanında çox kiçik qalır. Mövzu isə budur: 12 noyabr Azərbaycanda Konstitusiya Günüdür!

Çox möhtəşəm bayramdır. Maraqlıdır, kompleks götürəndə bizdə noyabr ayı az qala başdan-ayağa bayramlara təsadüf etmişdir. Məsələn, 8 noyabr Zəfər, 9 noyabr Bayraq, 17 noyabr Milli Dirçəliş günlərimizdir. Ancaq şəxsən mən hesab edirəm ki, 12 noyabr konstitusiya günü ən vacib bayramdır. Biz hər il evdə konstitusiya gününü imkanımız çatan qədər qeyd edirik, süfrənin başında konstitusiya qoyuruq, dua oxuyuruq, çörək kəsirik.

Konstitusiya günü olmasa başqa bayramlarımızın əhəmiyyəti olmazdı. Çünki xalqımızın hüquq və vəzifələri əsasən konstitusiyada öz əksini tapmışdır. Məsələn, orda hakimiyyətin mənbəyinin xalq olduğu qeyd edilmişdir. Seçki, təhsil, səhiyyə, topalaşmaq, fikir-mikir azadlığı və sairə – həyatın elə sahəsi yoxdur ki, ana qanunumuz onu öz qanadları altına almasın.

Mən uşaq vaxtı belə səhnələri canlı görmüşəm. Atam kənddə seçkilərin keçirilməsinə məsul yoldaşlardan biri idi, Sov.İKP qurultaylarına növbəti namizədi təsdiqləyəndən sonra səsvermə üçün kartondan düzəldilən yekə qutuları evə gətirirdi, anam da onların içində cücə saxlayırdı. Cücələr yekəldikcə həyətə, azadlığa, xoşbəxt gələcəyə doğru qədəm atırdılar, lakin bu zaman səmada qorxunc, qara kölgələr görünürdü. Xaricdən maliyyələşən azğın qarğalar, sağsağanlar, ley, quzğun tipli quşlar cumaraq cücələrimizi aparmaq istəyirdilər. Bir də has var idi, lakin o quş deyildi, pişikdən balaca, dələdən yekə nəsə bir gəmirici heyvan növü idi, yaddaşım məni aldatmırsa belində ağ zolaqları vardı. Özü qəhvəyi-qara olurdu. Niyə bunun rəngini təxminən yazmışam? Çünki çox sürətli və ələkeçməz yırtıcı idi, qəfil peyda olub cücədən-zaddan əkişdirir, xəyalət kimi yoxa çıxırdı. Harada yaşadığını da bilmək olmurdu. Nəsə, hasa bu əziz gündə çox yer ayırmayaq.

Qeyd etdiyim kimi, yırtıcılar cücələri aparmaq istəyəndə ana toyuq qanadlarını qaldırıb cücələri ora yığırdı. İmkan vermirdi balacalar məhv olsunlar. Məncə, hər bir dövlət üçün konstitusiya da başqa balaca qanunları qoruyan ana rolunu oynayır.

Bayramınız mübarək, neçə-neçə belə konstitusiya bayramı görəsiniz.