Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə işğaldan azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Həmin səfər karvanında biz də digər media nümayəndələri kimi iştirak etdik. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdan ibarət idi.

Heyət əvvəlcə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oldu. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı ətrafında təhlükəsizlik təmin olunmuşdu. Kənd bundan əvvəl Azərbaycanın nəzarətində olsa da, Lələtəpə yüksəkliyi Ermənistan silahlı qüvvələrinin əlində olduğu üçün burada quruculuq işləri aparmaq mümkün deyildi. Hətta diplomatik korpus nümayəndələri 2017-ci ilin fevralında bu kəndə səfər etmiş və tamamilə dağılmış kəndi gözləri ilə görmüşdülər:

“Azərbaycanın işğaldan azad olunmuş digər əraziləri də tamamilə dağıdılıb. Bu gün Cəbrayıl və Zəngilana səfərimiz zamanı həmin dağıntıları yenə də görəcəyik. Lakin gördüyünüz kimi, Cocuq Mərcanlı çox qısa müddətdə, yəni təxminən bir il ərzində yenidən quruldu. Bu, Azərbaycan xalqının Qayıdış əzminin rəmzinə çevrildi. İşğaldan azad olunmuş digər ərazilərimizdə də Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işləri aparılacaq ki, bizim mülki insanlarımız 30 ildən artıqdır həsrətində olduqları doğma torpaqlarına qayıda bilsinlər”.

Cocuq Mərcanlı kəndinə səfərdən sonra Cəbrayıl şəhərinə yollandıq, daha doğrusu, şəhərdən geriyə qalan dağıntıların içərisinə… Şəhərin yaxınlığında olan yüksəkliyə çıxdıq. Məhv edilmiş Cəbrayıl buradan daha aydın görünürdü. Bəlkə də durduğumuz yerdə aylar öncə hansısa erməni dayanıb və məhv etdikləri şəhərimizə tamaşa edirmiş.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfər ərzində xarici diplomatlara məlumat verir, baş verənləri danışır və həmçinin yerli medianın da suallarını cavablandırırdı. O, Cəbrayıldakı məzarlığın dağıntıları arasında mediaya danışan zaman dedi ki, baş verənləri xarici diplomatların gözləri ilə görmələri olduqca vacibdir: “Xarici diplomatlar vəziyyəti öz gözləri ilə görürlər. Diplomatik missiyada belə bir prosedur var ki, diplomatlar xidmət etdikləri ölkə barədə öz dövlətlərinə məlumat verirlər. Bu mənada onların Cəbrayılda dağıdılmış məzarlıqlarla tanışlığı əhəmiyyətlidir”.

Bəli, erməni vəhşiliyini işğal etdikləri hər yerdə görmək mümkündür. Amma bunu dünyaya çatdırmaq da vacibdir. Bu işdə tanınmış fotoqraf Reza Deqatinin də rolu az deyil. R.Derqati şəhərin müxtəlif ərazilərində dayanaraq həmin yerin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoları nümayiş etdirirdi. Diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərlərinə gördükləri və çəkdikləri ilə bağlı danışan fotoqraf deyirdi ki, Ağdam, Füzuli və işğaldan azad edilmiş bir neçə ərazilərdə olub: “Hər bir yerdə erməni vandalizmini müşahidə etmişəm. Bu cür dağıntılara hər yerdə rast gəlirik. Görürsünüz ki, Cəbrayıl şəhəri isə tamamilə dağıdılıb. Bir dənə də bina salamat qalmayıb. Bəziləriniz artıq Ağdam və Füzulidə olmusunuz. Ağdam demək olar ki, şumlanıb. Ağdam, Füzuli, Zəngilan və Şuşada olduğu kimi, Cəbrayılda da məzarlıqlar dağıdılıb. Siz burada məzardan çıxarılan yüzlərlə insan sümüklərini görürsünüz. Onlar qəbirləri ekskavatorla qazaraq qızıl dişlər axtarıblar. Məzarlıqların bu cür kütləvi şəkildə dağıdılması tarixboyu görünməyib. BMT-yə müraciət edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.

Reza Deqati qeyd edib ki, bir müddət öncə Kəlbəcərdə idi və orada minlərlə ağacın kəsildiyini görüb: “Kəsib aparıblar, apara bilmədiklərini isə yandırıb məhv ediblər. Bu, bir ekoloji faciədir”.

Tanınmış fotoqrafın da qeyd etdiyi məzarlıq… Dünyadan illər öncə köçmüş insanların məzarlarını ermənilər təhqir ediblər. Baş daşlarından, məzarlardan qisas alıblar. Məzarlıqla Cəbrayıl şəhərinin tam ortasında dayanırıq – əslində isə dünyanın görməli olduğu erməni vəhşiliyinin mərkəzidir bura… Sağımda dağıdılmış məzarlıq, solumda məhv edilmiş şəhər…

Buradan ayrılıb Cəbrayılda ermənilər tərəfindən dağıdılan Mədəniyyət Evinə yola düşdük. Burada mənim diqqətimi ətrafa səpələnmiş gilizlər çəkdi. 44 günlük Vətən Müharibəsi zamanı igidlərimiz qarış-qarış torpağı azad edən zaman burada da qanları, canları hesabına döyüşüblər. Bu mədəniyyət ocağını, tariximizi geri qaytarmaq üçün can qoyublar. Bəlkə də güllədən, mərmidən yayınmaq üçün bu Mədəniyyət Evinə sığınıblar. Dayandığım bu yerdə hansısa vətən oğlu bəlkə də şəhid olub, yaralanıb… İndi Mədəniyyət Evinin dağıntıları arasında uzun illərdən sonra ilk dəfə musiqi səslənir, bir neçə ay əvvəl isə buranın musiqisi atəş səsləri idi.

Növbəti ayaq basacağımız yer tarixi Xudafərin körpüsü oldu. Buranın mənim üçün ayrı mənası var. Xudafərin körpüsü mənə həm ayrılığı, həm həsrəti, həm də bir gün qovuşacağımız günün rəmzi kimi gəlir. Körpüyə çatdıq, ətrafda açıqlamalar alınır, şəkillər çəkilirdi. 44 günlük müharibənin nəticəsi… Sadəcə şəkillərdən gördüyüm Xudafərinin önündə dayanıb şəkil çəkdirirəm. Bu zaman yenə ağlıma döyüşçülərimiz gəlir. Bəlkə də bu ərazidə döyüşən, tarixi Xudafərini geri qaytaran əsgərlərin heç burada şəkli yoxdur və ya heç olmayacaq da…

Hikmət Hacıyev buradakı çıxışında, “Xarici ölkə səfirlərindən biri mənə dedi ki, Ermənistan həmişə özünü mədəni xalq kimi göstərməyə çalışıb. Amma bu qədər vandallıq törədib, məzarları dağıdıb. Diplomatik etika xatirinə onun adını açıqlamayacağam” – dedi. Yəqin ki, bu fikir orada olan bütün xarici diplomatlarda, jurnalistlərdə formalaşdı. Çünki qulaqlarına pıçıldanan yalanları gözlərinin gördüyü həqiqət məhv etdi.

Buradan ayrılıb yola düşürük Zəngilana. Avtobusumuz Araz çayının kənarı ilə hərəkət edən zaman güneyli soydaşlarımız bizi görür və avtobusumuza əl edirdilər. Güneylilər illərlə bu günü gözləyiblər. Arazın o tayından boylanıb bu tayında Azərbaycan bayrağı görmək… Bu həsrət bitdi, ayrılıq da bitəcək…

Gəlib çatırıq Zəngilana. Səfər ərzində erməni barbarlığına şahidlik edən diplomatlar burada da fərqli bir şey görmədilər. Ermənilər şəhəri mümkün qədər dağıtmağa çalışıb, tarixi abidələri, məscidləri məhv ediblər.

Ermənistan işğal olunmuş bütün ərazilərimizdəki digər məscidlər kimi Cəbrayıl şəhərinin məscidini də dağıdıb, təhqir edib. Məscidin XVII əsrdə Səfəvilər tərəfindən inşa olunduğu bildirilir. Memarlıq kompleksinin daş kitabəsi erməni quldurları tərəfindən dağıdıldığına görə onun memarı haqqında dəqiq məlumat əldə edə bilmədik. Uzun illər ermənilər tərəfindən mal tövləsi kimi istifadə edilən Zəngilan məscidi bir vaxtlar rayonun ən gözəl memarlıq incilərindən hesab olunurdu.

Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatlara bu barədə də ətraflı məlumat verdi: “Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir. Yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək. Biz Prezidentin dediyi kimi, yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib”.

Məsciddən çıxıb bir az dolaşmaq qərarına gəldim. Ətrafda əsasən dağıntılar olsa da, bir küçə ilə hərəkət etmək istədim. Çünki torpağı azad edənlər küçəyə ad veriblər – Polad Həşimov küçəsi. Deməli bu küçə qürur küçəsidir.

Sonda isə Mincivan qəsəbəsinə gələn diplomatik korpusun nümayəndələrinə Hikmət Hacıyev buranın əhəmiyyəti ilə bağlı danışdı: “Sovetlər dövründə Mincivan regional nəqliyyat habı rolu oynayıb. Lakin erməni işğalından sonra tamamilə məhv edilib. Dəmir yolu relsləri metal kimi satılıb. Biz bu nəqliyyat habını yenidən bərpa etmək niyyətindəyik. Ümid edirik ki, Mincivan yenidən regional nəqliyyat habına çevriləcək və Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək. Eləcə də bütün məsələlərdən lazımi nəticə çıxaracaq”.

Əsgərlərimizin addım-addım, döyüşərək irəlilədiyi torpaqlara, Cəbrayıl və Zəngilana səfərimiz başa çatır və Bakıya dönürük. Yolda dostum zəng edir, ona cavabımda, “Cəbrayıl və Zəngilandan reportaj hazırlayıb qayıdıram” deyirəm və qəfil sanki yuxudan oyandım. Nə vaxtsa bu cümləni quracağımı düşünmürdüm. Mənə qismət olmaz deyirdim, oldu.

“Bu dəfə yolumuz Xankəndinə idi…” cümləsini yazacağımız reportaja qədər…

Məhəmməd Türkmən
Elçin Əkbərov
“Yeni Müsavat”