Zamin HACI Zamin HacıBelə bir aforizm var, deyir, bəşəriyyətin tarixdən aldığı ən önəmli dərs odur ki, biz tarixdən heç bir dərs almırıq. Ancaq bunu müvəqqəti olaraq qatlayaraq qoyaq bir yana. Ən azından 11-ci ilə 15-ci arasında 3 dənə rəqəm fərqi vardır. Böyük, müsbət dəyişiklikdir. Üstəlik, adam cavanlaşır. Məsələn, mənə bu saat elə gəlir ki, 15 yaşım var, 1989-cu ildir və atam sovet “Jiquli” maşınını xodlayıb qardaşımla məni Füzuli bazarından nəsə almağa aparacaqdır. Şəhərin girişində rus əsgərlərin durduğu blok-postdan keçəcəyik. Sonra əlbəttə, hər şey dövrələmə təkrar olunacaqdır: biz didərgin düşəcəyik, bir saqqallı peyda olub rusları qovacaq, daha sonra firənglər gəlib sarsaqlayacaq və sairə və ilaxır. Məni qınamayın, mən rusların Qafqaza hər hansı şəkildə qayıtmasına müsbət yanaşa bilmərəm, buna, zəhləmgetmiş ifadə ilə söyləsəm, qan yaddaşım imkan vermir: ulu babam Kərbəlayi Əlipənah bəy rus-Qacar savaşlarında şahzadə Abbas Mirzənin ordusunda yüzbaşı olub. Onun bir oğlu Əsgər bəy həmin savaşlarda həlak olub və bizim tayfamız onun adıyla – Əsgərli adlanırdı.

Lakin mən istənilən sülhün müharibədən yaxşı olduğunu anlayıram və həmişə buna çağırmışam. Bu temada mütəfəkkir Bertran Rassel-in də yaxşı sözü var, deyir savaşda haqlı olanlar deyil, sağ qalanlar qalib gəlir. 1920-ci ildə göz yaşları içində müstəqilliyi təhvil verən ulu babalarımız da bu müdrikliyə söykənmişdilər. Bilirdilər ki, əsas olan millətin sağ qalmasıdır, dövlətin yaşamasıdır, lap qırmızı işğal altında qalsa da, oyuncaq suverenliyi olsa da. İndi, maşallah, suverenliyimizə heç xal da düşmür, bir qırağına yüngülvari mığmığa qonur. Rus əsgəri uzağı 5 illiyə gəlir. Biz bu müddətdə ermənilərlə həqiqi dil tapsaq, mehriban qonşuluq münasibətləri yaratsaq (özümü lap diplomat kimi hiss elədim; görəsən, hörmətli Ceyhun müəllim buna niyə baxmır?), şələ-küləsini yığışdırıb yenə çıxıb gedəcəklər. 1993-cü ildə çıxıb getdikləri kimi.

Yeri gəlmişkən, o zaman Azərbaycanı son tərk edən Gəncədəki 104-cü desant diviziyası olmuşdu – bu gün Qarabağa gələn rus polku məhz onun bazasında yaradılıb. Və həmin rus ordusu 1993-cü il mayın 25-də Azərbaycandan çıxanda, bu, dünyada bir ilk sayılırdı, çünki Almaniyada belə rus ordusu qalmaqdaydı. AXC zor-xoş rus ordusunu qovdu, bir həftə sonra Şerbakın verdiyi silah və təlimatla Surət müəllimi “qazandıq”. Yəni demək istəyirəm “rus ordusunun gəlməsi ziyanlıdır” cümləsi ilə, “rus ordusunun getməsi lazımlı və xeyirlidir” cümləsi həmişə eyni məna daşımır. Hətta yanılmıramsa, o zaman rus ordusu razılaşdırılmış qrafikdən xeyli qabaq, AXC üçün sürpriz şəkildə, sürətlə ölkəni tərk etmişdi.

Ancaq təbii ki, tərk etməmişdilər. Biz Qarabağ ermənilərinə, ümumən Ermənistana illərdir əsas dəstəyi kimin verdiyini bəyəm unutmuşuq? İndi yenə ağa durur, Ağacan durur, üstəlik, Ağacanın əlində yaxşı dron selbələri var. Əvvəl qeyri-rəsmi oturduqları postlarda indi rəsmi oturacaq, cavabdehlik, məsuliyyət daşıyacaqlarsa, lap yaxşı. Həmçinin insanlarımızı qorumalıyıq. Gənclərimizə heyfdir, ölməsinlər, yaşasınlar, yaratsınlar. Çinli Konfutsi müəllimin bir aforizmini zikr eləsək yeri var: “Ən yaxşı savaşçı döyüşmədən qalib gələndir”. Biz elə demokratik, sivil dövlət qura bilərik ki, nəinki ermənilər, elə o rus hərbçiləri də silahı atıb bizim bayraq altında xoşbəxt, dinc yaşamağı seçərlər. Havadan yazmıram: 1993-də neçəsi qalıb Milli Orduya yazılmışdı.

Bütün bu müdrik sicilləmədən sonra xahiş edirəm, onların adını hələlik çox da “sülhməramlı” yazmasınlar. Rusiyanı planetin harasınasa sülh gətirən göyərçin dimdikli varlıq olaraq xəyal etmək belə çətindir. Bunu gürcülərdən, estonlardan, polyaklardan, moldavanlardan, lap elə ukraynalı gözü çıxmış qardaşlardan soruşun, görün sizə nə deyəcəklər.

Ancaq əlbəttə, biz “analoqu olmayan rusiyalı sülhməramlı” modelini də ortaya çıxara bilərik.

Zamin HACI