14 həftədir ki, “sarı gödəkçəlilər” Fransanın dörd tərəfində mitinq və yürüşlər təşkil edir.
Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi hökumət isə öz haqlarını tələb edən fransızlara qarşı xüsusi amansızlıq nümayiş etdirir. Dekabrın 8-də Parisdə keçirilmiş mitinqdə gözünü itirən gənc xanım Fiorina Jacob Lignier deyir: “Bu, heç də normal deyil. Biz Fransada yaşayırıq. Ən qocaman və ən yaxşı demokratik ənənəsi olan ölkədə. Adətən biz başqa ölkələrdə baş verən bu kimi polis özbaşınalığını ittiham edirik, indi isə bu kimi ağlasığmaz hadisələr Fransada yaşanır”.

Fəlsəfə üzrə təhsil alan 20 yaşlı tələbə Lignier öz sevgilisi ilə Amens şəhərindən Champs-Elyseesə qədər yürüş edib və hökumətin yanacağa tətbiq etdiyi vergiyə görə etiraz edənlərə qoşulub. O, deyir: “Mən öz ölkəmi tanıya bilmirəm. Məktəbdə öyrəndiyim dəyərlərdən real həyatda əsər-əlamət qalmayıb”. Biz sülh şəraitində hökumətə etirazımızı bildirirdik. Bir də gördük ki, ortaya 50 nəfər üzünə maska taxmış gənc çıxdı və onlar ətrafdakı mağazalara hücum çəkdi. Polis atəş açdı, hər tərəfə qaz əl qumbarası (xüsusi tipli qumbara) tulladı. Biz 2 saat divarla polis kardonu arasında qaldıq. Heç cür yerimizdən tərpənə bilmirdik. Bir də onu gördük ki, polislər qışqıraraq yanğınsöndürənlər üçün yolun açılmasına görə hərəkətə keçdi. Bu zaman mitinqçilərə tərəf atılan qaz qumbaralarından biri mənim başıma dəydi və mən huşumu itirib yerə yıxıldım.

Xanım Lignier özünə gələndə görüb ki, burun sümüyü sınıb. Sifəti şişib, sol gözü isə görmür. 16 gün ərzində onun üzərində iki dəfə tibbi əməliyyat keçirilib: “Gözüm hələ də ağrıyır. Gələn əməliyyat zamanı onu çıxaracaqlar. Belə ağrılar yaşamaq dəhşətlidir. Mən mühazirələrə gedə bilmirəm. Oxumağımda çətinlik yaranıb. Gözümün hərəkəti çətinləşib”.

Marsel şəhərində yaşayan 80 yaşlı Zeynəb Redouanenin ölümü isə belə olub. Polisin atdığı əl qumbaralarından biri onun evinin şüşəsini sındıraraq, üzünə çırpılıb. Həkimlər onu xilas etməyə çalışsa da, bu, mümkün olmayıb. Ürəyində problem olan qadın keçinib.

Fransanın Daxili İşlər naziri Jerar Kollomb (Gerard Collomb) deyib ki, mitinqlər zamanı 1300 polis və 2000 mülkü şəxs yaralanıb.
Və “sarı gödəkçəlilər”in mitinqlərində yaralananların hər birinin öz tarixçəsi var. Ən pisi isə odur ki, Fransa prezidenti etirazçılarla anlaşmaq istəmir. Bu isə o deməkdir ki, “sarı gödəkçəlilər”in etiraz aksiyaları davam edəcək.


































