“Əgər kimsə səni aldadıbsa, bu, o demək deyil ki, o, səndən ağıllıdır. Sadəcə, sən onun barəsində onun olduğundan yaxşı düşünürmüşsən”

(Çarlz Bukovski)

“İsgəndər” raketi söhbətindən axırda heç zad çıxmasa belə Azərbaycan hökumətinin bunun üzərində təkidlə dayanması yaxşı haldır. Onsuz hamı bilir ermənilərə silahı satan, əsasən müftə paylayan hansı dövlətdir. Ancaq bunu Rusiyaya sübut eləmək mümkündürmü? Onlar heç Ukrayna ərazisində “Buk” raketiylə Malayziya “Boinq”ini vurub yerə salanda hadisəni boyunlarına almadılar. Baxmayaraq az qala raketi daşıyıb aparan rus hərbçilərin yeddi arxa dönəninə qədər siyahılar, peyk fotoları, səs yazıları niderlandlı istintaqçıların əlindəydi. Nə olsun? İndiki dünyada heç kim heç kimə nəyisə sübut eləyə bilmir. Gücün varsa, zəifi qapazlayırsan. Bacar əzilmə. Əzildinsə, yüngülvari yumşaqlıq göstərdinsə, nə adama, nə millətə rəhm eləmirlər. Əslində bayaq “indiki dünya” ifadəsini klişe olaraq yazdım, elə dünya yaranandan bu cür olub.

O cümlədən 62, ya 72 – dəqiq yadımda qalmır – erməni diversantın Bakıda əsir saxlanması temasında hökumətimizin dirənişi alqışa layiqdir. Əcəb edirlər onları geri qaytarmırlar. Birincisi, həmin bir sürü terrorçunun atəşkəsdən sonra bizim ərazidə nə işi vardı? İkincisi, onlar azı 3 əsgərimizin qətlə yetirilməsində suçlanır. Bəlkə məhkəmələri olsun, ortada hökm verilsin, ondan sonra prezident amnistiya-filan verib buraxa bilər. Keçmişin oxşar insidentlərindən dəm vururlar, ancaq əgər biz Ermənistanı divara dirəməsəydik, Dilqəm Əsgərovla Şahbaz Quliyev indiyə qədər də əsirlikdə saxlanırdılar, buna kimsənin şübhəsi olmasın.

Dünən ermənilər BMT-nin İrəvandakı ofisinin qabağında mitinq eləyirdilər. Əsas tələb həmin o 62-72 nəfərin Azərbaycandan geri alınmasıydı. BMT adlanan təşkilatın ermənilərin yadına düşməsi əslində yaxşı haldır. Ancaq niyə indi? Asqırıb ayılmaq bir qədər gec deyilmi? BMT-nin ən zırpı qurumu olan Təhlükəsizlik Şurası hələ1993-cü ildə erməni qoşunlarının işğal elədikləri Azərbaycan rayonlarından çıxması haqda düz 4 qətnamə qəbul eləmişdi. Ermənistan dövləti və erməni xalqı düz 27 il o qətnamələrə ayağını sildi, nəhayət, keçən il ordumuz BMT-nin də qeyrətini qaldıran əməliyyat keçirdi və qətnamələr yerinə yetdi. İndi nə qədər həyasız olmalısan ki, qətnamələrini saymadığın təşkilatdan öz diversantlarını azad eləməyi tələb edəsən? Nə deyə bilərik, dünyada analoqu olmayan qonşumuz var. Daha doğrusu, qonşularımız – aşağı-yuxarı hamısı bir bezin qırağıdır.

Hökumətin beynəlxalq mesajları da təqdirəlayiqdir, məsələn, Avropa Birliyi ilə əlaqələri, ünsiyyəti davam etdirmək, sülh danışıqları, xarici dövlətləri azad edilən ərazilərin bərpasına dəvət-filan temalarında… Bunlar hər hansı bir nəticə verməsə belə, ən azından diplomatik oyunların qaydalarına uyğundur. Bir növ, “günah bizdən getdi” söhbətidir. Doğrudur, bu diplomatik gedişlər bəzən o qədər sürətlə baş verir ki, xaricdə müəyyən dairələrdə qıcıq yaradır. Məsələn, Hərbi Qənimətlər Parkının açılışında sərt çıxışlardan bir gün sonra erməniləri sülhə çağırmaq kimi. Ancaq ixtisasca diplomat olan bir siyasətçiyə bu çıxışların amplitudası üzərindən tənqid qurmaq mənasızdır. Üstəlik, dünya təcrübəsində, bizə qardaş Türkiyənin tarixində buna uyğun gözəl bir misal var. Təxmini yadımda qalanı yazacağam, bəlkə təfərrüat müəyyən qədər fərqlənər.

Bir gün Britaniyanın səfiri Atatürkün qəbuluna gəlir. Söhbətə başlayırlar, səfir deyir ki, Quzey Kıbrısın (ya da hansısa adaların) statusunu danışmaq lazımdır, gərək Türkiyə güzəştə getsin və sairə. Atatürk səfirə qəhvə gətizdirir, deyir sən hələlik bunu iç, mən qonşu kabinetə keçib indi gəlirəm. Az sonra Atatürk qayıdır, əynində isə hərbi forma. Sən demə bunu geyinməyə gedibmiş. Oturur səfirlə üzbəüz, deyir indi buyur, hansı statusu-zadı istəyirsənsə, müzakirə eləyək.

Rəvayətə görə, səfir daha o söhbətə qayıtmır.

Zamin Hacı