Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş prokuroru Artur Davtyana koronavirusdan ölənlərin sayı ilə bağlı statistikanın araşdırılmasını tapşırıb.

Minval.info “Aysor”a istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan Ermənistan hökumətinin dekabrın 2-də keçirilən toplantısında məlumat verib.

Məlumata görə, Ermənistanın Səhiyyə Nazirliyi və Milli Statistika Komitəsi koronavirusdan ölənlərin sayı ilə bağlı fərqli rəqəmlər təqdim edirlər.

Nikol Paşinyan bir müddət əvvəl bildirmişdi ki, Milli Statistika Komitəsi ilə Səhiyyə Nazirliyinin dərc etdikləri göstəricilər bir-biri ilə ziddiyyət təşkil edib. Onun sözlərinə görə, Milli Statistika Komitəsinin göstəriciləri reallığı əks etdirmir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı məlumata görə, dekabrın 2-nə Ermənistanda son sutkada daha 558 nəfərdə COVID-19 aşkarlanıb. Pandemiyadan ölənlərin sayı isə daha 21 nəfər artaraq 7 631-ə, virusa yoluxanların sayı da 339 578-ə çatıb.