Elməddin Cəfərov: “Cem Yılmaz olmaq istəmirəm, mən Azərbaycanın Elməddiniyəm…”

Azərbaycan istehsalı olan, Türkiyənin məşhur aktyorlarının rol aldığı “ÇAtkapı aşk” filmində rol alan aktyor Elməddin Cəfərov Türkiyə təəssüratlarını bölüşüb.

Aktyor musavat.com-a açıqlamasında qardaş ölkədə bir neçə televiziyada qonaq olduğunu deyib: “Müğe Boz və Jose ilə Eser Yenerin verilişində qonaq olduq. Veriliş bir həftə öncə çəkilmişdi, efirə gedəcəyi gün futbol olduğu üçün vaxtı dəyişdirildi. Ümumilikdə proqram maraqlı keçdi, qarşılıqlı zarafatlarımız, maraqlı dialoqumuz alındı. Yalnız TV8-də qonaq olmadıq. Kanal D, Show TV-ə çıxdıq. Qarşıda yaxşı işlər olacaq”.

Aktyor “Azərbaycanın Cem Yılmazı” adlandırılmasına da münasibət bildirib: “Əslində Cem Yılmaz olmaq fikrim yoxdur, Azərbaycanın Elməddini olmaq istəyirəm. Türkiyədə mənə bir neçə təkliflər oldu, qəbul etmədim. Türkiyədə sıfırdan başlamaq istəmirəm. Min şükür, öz məmləkətimdə xoşbəxtəm, işlərimiz əla da olur, kafi də olur. Əsas odur ki, öz evimizdəyəm”.

E.Cəfərov prodüseri olduğu “Bacanaqlar” serialının yeni mövsümdən yayımlanmayacağını da açıqlayıb: “10 il, son il. Düşündüm ki, 11-ci il olsa, nə dəyişəcək? 10 il kifayətdir, rekorddur. Fikrimdə çox böyük layihə var. Prodüser kimi onu həyata keçirməyə pulum çatıb-çatmayacağını da bilmirəm. Aprel ayı sırf onunla məşğul olacağıq.  Alınsa, sentyabrda o layihəni təqdim edəcəyik. Böyük bir şoudur. Layihəni həyata keçirmək üçün 40 nəfər çalışmalıdır, keyfiyyətli iş olacaq. Tamaşaçılar üçün maraqlı olacaq. Hamı qazanacaq. Gündəmi zəbt edəcəyik”.