04.09.2026 - 12:35
Dünya 17 baxış

El Nino qlobal istilik dalğasını artırır

Birləşmiş Millətlər Təşkilatının iqlim agentliyi, “El Nino” hadisəsinin yaxın aylarda “çox güclü” bir hadisəyə çevriləcəyini və fevral ayına qədər davam edəcəyini açıqlayıb. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, “El Nino” ilin sonuna doğru pik həddə çatacaq.

Minval.info xəbər verir ki, okeanlardan atmosferə istiliyin daha yavaş ötürülməsi səbəbindən bu hadisənin qlobal temperaturun növbəti il də yüksək qalmasına təsir göstərəcəyi gözlənilir. ÜMT-dən bildirilib ki, “El Nino” artıq formalaşıb və qarşıdakı aylarda daha da güclənərək çox yüksək intensivliyə çatacaq. Bu, yağış və temperatur rejimlərinə ciddi təsir göstərə, daşqın, quraqlıq və həddindən artıq isti hava dalğaları riskini artıra bilər.

“El Nino” təbii iqlim hadisəsidir və birbaşa iqlim dəyişikliyinin nəticəsi hesab edilmir. Lakin alimlər onun onsuz da istiləşən planetdə ekstremal hava hadisələrinin təsirlərini gücləndirə biləcəyini bildirirlər. BMT-nin baş katibi Antonio Quterreş “El Nino”nun böyük miqyaslara çatdığını vurğulayıb. “Dəniz səthinin temperaturu yüksəlir, termometrlər qalxmağa davam edir və dünya ekstremal hava hadisələrinin təhlükəli zonasındadır”, – deyə Quterreş bildirib.

ÜMT-nin baş katibi Seleste Saulo “El Nino”nun dünya üzrə icmalara və iqtisadiyyatlara ciddi zərbə vurmaq potensialına malik olduğunu deyib. Onun sözlərinə görə, quraqlıq və daşqınların yaratdığı dağıntılar artıq müşahidə olunur və “El Nino” gücləndikcə bu təsirlərin daha da artacağı gözlənilir. Saulo fəlakətlərin idarə olunması qurumlarını, eləcə də, kənd təsərrüfatı, səhiyyə, enerji və su sektorlarını hazırlıqlı olmağa çağırıb.

“El Nino” Sakit okeanın mərkəzi və şərqində, ekvatorial hissədə dəniz səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunur. Bu proses dünya üzrə külək, atmosfer təzyiqi və yağıntı rejimlərinin dəyişməsinə səbəb ola bilər. Bu iqlim hadisəsi, adətən, 2-7 ildən bir baş verir və təxminən 9-12 ay davam edir. Onun əksi “La Nina” hesab olunur və iki hadisə arasında neytral şərait müşahidə edilir.

ÜMT “El Nino” hadisələrini zəif, orta, güclü və çox güclü olmaqla dörd səviyyəyə ayırır. Hazırkı hadisənin ən yüksək – “çox güclü” kateqoriyasına çatacağı gözlənilir. Təşkilat “El Nino”nun fevrala qədər davam etməsi ehtimalını isə “son dərəcə yüksək, demək olar ki, 100 faiz” kimi qiymətləndirib.

“El Nino” tropik Sakit okeandan minlərlə kilometr uzaqda yerləşən bölgələrdə də hava və iqlim şəraitini dəyişə bilər. Bu hadisə zamanı Amazon, İndoneziya və Avstraliyanın bəzi hissələrində quraqlıq, Hindistanda isə musson yağışlarında fasilələr müşahidə oluna bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: