“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlar arasında gərgin anlar yaşanıb.

Minval.info xəbər verir ki, “ulduz xəstəliyi” mövzusunda müzakirə zamanı proqrama dəvət alanların mübahisəsi təhqir həddinə çatıb. Veriliş başlar-başlamaz prodüser Soltan Mustafayevlə jurnalist Tahirə Məmmədqızı arasında söz davası yaşanıb. Hər iki tərəf bir-birinin ünvanına sərt sözlər söyləyib.

Daha sonra söz alan jurnalist Seymur Verdizadə populyarlıq sərvət gətirdiyindən insanların buna ehtiyacı olduğunu bildirib:

“Məsələn, mən öz təcrübəmdən misal gətirə bilərəm. 6 ay bundan öncə verilişlərdə yanaşı əyləşdiyim psixoloq bir pasienti 20 manata qəbul edirdi. 5 dəfə efirə çıxdıqdan sonra qiyməti 80 manata qaldırdı. Vəkil tanıyıram ki, 100 manata müştəri tapa bilmirdi. Bu qiymətə müqavilə bağlayanda sevindiyindən atılıb-düşürdü. Bir neçə dəfə efirə çıxandan sonra az-çox tanındı və 500 manatdan aşağı müqavilə bağlamır. Yəni populyarlıq sərvət gətirir. O cümlədən müğənni vardı ki, 300 manata toya gedə bilmirdi. Kimsə ona bu məbləği verəndə 150 manatını nəzir-niyaz verirdi. 3 dəfə efirə çıxdıqdan sonra toya 3000 manata getməyə başladı. İndi Soltan müəllim öz mövqeyini qorumaq istəyir. Niyə? Çünki dünyanın 44 ölkəsində olub, istəyir 45-cini də görsün. O, öz mövqeyini qorumaq istəyir ki, bir aya 15 min manat qazanır. Amma biz jurnalistlər bir ildə bu qədər qazana bilmirik. Klip təqdim etməyəndə belə, qalmaqalla, dava-dalaşla gündəmə gəlirlər ki, populyarlıqlarını itirməsinlər. Bu, onlara lazımdır. Ona görə sağlam rəqabətin yox, saçyoldunun şahidi oluruq. Mən inanıram ki, bir müddət sonra şou-biznes əhlinin qanından ibarət gölməçə yaranacaq. Qırırlar bir-birini”.

Jurnalistin mövqeyinə fikir bildirən prodüser yenidən aranı qızışdırıb. Sultan bəy verilişlərin birində Seymur Verdiyevlə aralarında qalmaqal yaşandığı üçün onun sayəsində populyarlaşdığını deyib. Jurnalist bunun qarşılığında “Allah eləməsin bu cür məşhurlaşım” söyləyib. Prodüser həmçinin Seymur bəyi Xalq artisti Səməd Səmədovu təhqirdə ittiham edərək buna haqqının olmadığını dilə gətirib. Amma jurnalist təhqir deyil, tənqid etdiyini bildirib.

Ardınca söz alan media nümayəndəsi Tahirə Məmmədqızı Seymur Verdizadənin reklama ehtiyacının olmadığını vurğulayıb: “Onun imzası yetərincə Azərbaycan mətbuatında tanınır. Buna görə də verilişə dəvət olunur”.

T.Məmmədqızı həmçinin prodüser Sultanı “xəstə təfəkkürlü insan” və “bədbəxt” adlandırıb.

Samir Mirzə / Minval.info