Bəzi insanlar özünü pələng, şir və belə meşələrin lideri sayılan heyvanlara bənzətməyə çalışırlar. Hər sahədə, müzakirə zamanı, müxtəlif mövzularda belə xarakterdə olduğunu nümayiş etdirmək istəyən kişilərimiz və qadınlarımız var.
Biz evliləri ələ salan, onlara “dovşan” deyərək subaylığını padşahlıq, azadlıq, sultanlıq və s. sayan kişilərdən söhbət açaq.
İlk baxışdan qeyri-ciddi mövzu təəssüratı bağışlasa da, bunun fəsadları əksini söyləməyə əsas verir. Belə ki, özünü sultan hesab edənlərdən birinin “dovşan” deyə ələ salmasını həzm edə bilməyən gənc qüruruna görə ailə münasibətlərinə ziyan vura bilər. Necə? Məsələn, həmin şəxs evə gedər, ailəyə lazımınca vaxt ayırmağın səhv olduğunu düşünər. Nəticə “dovşan”lıqdan çıxmaq qərarına gələr və ailə münasibətlərinin korlanmasının təməlini qoyar. Kiçik bir qığılcımdan böyük problemlərə yol açılar.
Adətən, “dovşan” tənəsini kimlərin dilə gətirdiyinə baxaq. Praktika onu göstərir ki, ailə münaqişələrində travma almış, lazımınca valideyn qayğısı görməmiş, həqiqi ailə modelindən məhrum olmuş şəxslər gələcəkdə ailəsinə çox vaxt ayıranları normal qəbul edə bilmir. Bu üzdən belə insanlar ciddi psixoloji problemli olurlar. Onların özü düşdükləri vəziyyətdən çıxmaq əvəzinə, əksinə ailəsinin yanında olanları dolayı yolla, bilərəkdən, ya bilməyərəkdən bu işdən yayındırmağa çalışır.
İndi təsəvvür edin, bir gənc qarşısına hədəf qoyub ki, ailəcanlı olsun və dünyaya gətirdikləri övladlarını şəxsiyyət kimi formalaşdırsın, cəmiyyətə faydalı insan yetişdirsin. Hər ailə bunu qarşısına hədəf qoysa və öhdəsindən gəlməyi bacarsa ideal cəmiyyət formalaşar. Amma xırda bir sözdən və ya mənasız ələ salmalardan ali hədəfdən yayınma təhlükəsi meydana çıxır.
Əlbəttə, bəzən uşaqlığında ailə qayğısı görə bilməyənlər valideynlərinin səhvini təkrar etməməyə çalışır. Bunun necə yanlış, həmçinin ağrılı, psixoloji fəsadlarının olduğunu bilir və evlilikdən sonra övladının travma almaması üçün əlindən gələni əsirgəmir.
İndi keçək “sultanların” fəaliyyəti barədə bəhs edək. Məsələn, bütün ailə quran tanışlarını ələ salmağı sevən desək, az olar, bu işin aşiqi olan tanışım vardı. Vaxt-vədə yetişdi onun özünün evliliyinə. Adam tamamilə qeybə çəkildi. Ara-sıra, yolda-izdə qarşına çıxar, ya çıxmaz. Amma vaxtıykən “dovşan” və buna bənzər lağ-lağa sözlər dilinin əzbəriydi. Bu tanışı bir qədər yaxından tanıdıqdan sonra yuxarıda sadaladığım travmaların yaşadığını öyrəndim.
Daha bir qəbildən olanlara keçid edək, məsələn, sosial şəbəkədə yar dilənənlərə. “Dilənənlər” sözünü aşağılamaq niyyətində işlətmirəm. Sözün əsl mənasında, belə insanlar gecə-gündüz müxtəlif sehrli cümlələr quraraq yar axtarar. İstəyi gerçəkləşmədikdə, hədəfini dəyişər və… başlayar subaylığın yaxşı tərəflərindən dəm vurub, evlilərlə “şaka yapar”. Əslində, bu, həmin insanda psixoloji problemin olduğundan xəbər verir. Belələrinin dediklərini qulaq ardına vurmaq olar. Amma onları qeyd etmək lazımdır ki, bilməyənlər məlumatlı olsunlar.
Bir yaxın vardı, deyirdi ki, “qardaşım evlənib, arada ailəsinə də vaxt ayırır”. Əsl faciə bundadır, düşünün, “arada ailəsinə vaxt ayırır”. Sonra hamı bir ağızdan deyinir ki, ailələr sürətlə dağılır, qarşısını almaq mümkünsüz görünür.
Sanki, saatlarla, günlərlə bütün vaxtını dostlara ayırmaq qəhrəmanlıq hesab edilir. Təbii ki, dostlara da vaxt ayırmaq lazımdır. Evə qapılmaq və həyət üzü görməmək də ifrata yol açar və bu, ailəcanlılıq sayılmır.
Sonda isə qeyd etmək lazımdır ki, ailə tam bir dövlətdir, daxili və xarici siyasəti, iqtisadi-sosial məsələləri, ciddi öhdəlikləri, məsuliyyətləri var. Burada yaxşı başçı olmasan, idarəçilik qanunlarına riayət etməsən sabitlik pozular, hətta bəzi pusquda duran təxribatçı qüvvələr də istəyinə nail olar, dövlətin süquta uğrayar.
P.S: Adətən, hansısa mövzudan söhbət açanda, deyirlər, “yaman yanığlıdı ha”. Bunu ümumi cəmiyyətimizdə formalaşan yanlış düşüncəni nəzərə alıb yazmaq qərarına gəldim. Kimsə belə vəziyyətlə qarşılaşdıqda izah etmək üçün vaxt sərf etməsin, elə bu yazını göndərin oxusun.
Samir Mirzə