Ekspertlər deyir ki, ölkəmizdə sabitliyin pozulmasına cəhd edəcək agentura şəbəkələri ifşa olunacaq və neytrallaşdırılacaq 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Azərbaycanda dini təfriqə yaratmaqda maraqlı olanlar olduğu barədə yaydığı açıqlama diqqət çəkir.  “Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır” deyilən açıqlamada diqqətçəkən məqamlar var.

Açıqlamada deyilir ki, Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər: “Aydındır ki, bu tipli çirkin ”əməllər” multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini “şəriət qaydaları” adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən “təşkilat” və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hissələrini istismar edən pozucu elementlərdən başqa bir şey deyildir. Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur”.

Dini Komitə daha sonra bəzi konkretləşmələr də aparıb: “Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə ”dini təhsil” verib “ruhani” kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməmişdir. Lakin onlar bu gün öz “kadrlar”ı vasitəsilə məscidləri inşa və bərpa edən, İslami dəyərləri daim uca tutan müsəlman ölkəsində – Azərbaycanda “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər”.

Açıqlamanın sonuna diqqət edək: “Azərbaycana qarşı din pərdəsi altında ideoloji təxribatlar törətməyə cəhd göstərən pozucu təşkilatların təsiri altına düşmüş, xalqımıza məxsus dəyərləri əməlləri ilə aşındırmaq niyyəti güdən, xarici dairələrin əlaltısına çevrilən, ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq xülyası ilə yaşayan bu cür qruplar, onların havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər”.

Ekspertlər hesab edir ki, Dini Komitənin açıqlaması təsadüfi deyil, demək, belə bir pozucu fəaliyyət üçün “düyməyə basılıb”. Komitənin açıqlamasında ad çəkilməsə də, aydındır ki, bu prosesdə yenə əsas dövlət qonşu İrandır. Çünki açıqlamada buna aşkar işarələr də var.

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, uzun illərdir davamlı olaraq ayrı-ayrı xarici qüvvələr Azərbaycanda dini duruma təsir etməyə çalışırlar, bu məqsədlə pozuculuq fəaliyyətlərini təşkil edirlər: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı açıqlamadakı narahatlıq konkret faktlara və məlumatlara əsaslanır. Yəni bu gün bizim əlimizdə kifayət qədər məlumat var ki, həm ölkə daxilindəki vətəndaşlarımızla, həm də xaricdə yaşayan azərbaycanlılarla çox fəal iş aparmağa çalışan xarici qüvvələr var. Çalışırlar ki, iş apardıqları insanları dövlət əleyhinə istifadə etsinlər. Azərbaycan hüquq-mühafizə orqanları isə davamlı olaraq bu prosesi təhlil edir, araşdırmalar aparır və qanuni tədbirlər görülməsi üçün qərarlar qəbul edir. Dini Komitənin verdiyi açıqlamada mesaj ondan ibarətdir ki, təhlükələr var və biz bunu bilirik, qarşısını almaq üçün ciddi addımlar atılır və atılacaq”.

Deputatın sözlərinə görə, sözügedən xarici qüvvələr də bilməlidir ki, dövlət istənilən qanunsuz halların, hərəkətlərin qarşısını qətiyyətlə alacaq: “Din amilindən süni olaraq pozuculuq məqsədləri üçün istifadə olunmasına Azərbaycan dövləti heç zaman imkan verməyəcək. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, həm bölgədə, həm dünyada mövqeyinin gücləndirilməsi bəzi dövlətləri və qrupları narahat etməkdədir. Onlar da bilməlidirlər ki, Azərbaycanda din amilindən sui-istifadə cəhdləri əbəsdir. Azərbaycan dövləti dini duruma nəzarəti daha da gücləndirib. Məscidlərə din xadimlərinin təyinatı ilə bağlı addımlar atılır, müvafiq işlər görülür. Görünür, bəzi dövlətləri və qrupları həm də bu işlər narahat edir”.

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır - (Gündəm) - YouTube

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə bildirdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əlində kifayət qədər məlumatlar olduğu və müəyyən təhlükələri bildiyi üçün belə bir açıqlamanı yaymağa ehtiyac duyulub: “Bu tip açıqlamaları biz zaman-zaman görmüşük və bununla bağlı cəmiyyətdə də müzakirələr aparılıb. Doğrudur, indi verilən bu açıqlamada hansısa bir dövlət və təşkilat adı çəkilməsə də, əslində əsas hədəf və konkret ünvan bəllidir. Çünki Azərbaycan müstəqilliyini qazanandan bəri Azərbaycanda müxtəlif ölkələrə bağlı dini qrupların, dini təşkilat və sektaların olduğunu hər kəs görüb. Onların bəziləri aktiv, bəziləri passiv fəaliyyət göstəriblər. Amma bütün bu dövlətlərin içində ən fəalı qonşu İran olub. İranda artıq 45 ilə yaxındır teokratik rejim hakimiyyətdədir və bu rejimin əsas məqsədlərindən biri din adı altında İranın maraqlarını həyata keçirən qüvvələri bu adla agentura şəbəkəsinə cəlb etmək, özünün tərəfdarlar kütləsini yaratmaqdan ibarət olub. Bunu bir çox ölkələrdə həyata keçiriblər. Bu mənada Azərbaycan İranın hər zaman xüsusi diqqətində olub. Həm Azərbaycandakı əhalinin əhəmiyyətli hissəsinin məzhəb bağlılığı, o cümlədən İranda bizim 10 milyonlarla soydaşımızın yaşaması və Azərbaycan Respublikasında insanların bir çoxunun o tayla qohumluq əlaqələrinin, tarixi mədəni əlaqələrinin olması da İranın diqqətindədir. İran Azərbaycanın güney azərbaycanlılar üçün inkişaf etmiş cazibə mərkəzinə çevrilməsini heç zaman istəməyib. Bu baxımdan, Azərbaycanda təsir edə bildikləri və zəif bir dövlət quruluşunun olmasında maraqlıdırlar. Bunun üçün müxtəlif variantlara əl atırlar. 30 illik işğal dövründə Ermənistanın dəstəklənməsi də bununla bağlıdır”.

Politoloq qeyd etdi ki, son dövrlər dini pərdə altında gizlənmiş qrupların müəyyən fəallığının artdığı müşahidə edilir: “Onlar məhz kənardan aldıqları təlimatlara uyğun olaraq Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər. Həmin qrupların bir çoxu məhz İrana bağlıdır. Avropa İttifaqının və ABŞ-ın  Azərbaycan-Ermənistan münasibətlərinin qurulması ilə bağlı təşəbbüslərini artırması da İranı qıcıqlandırır. Müəyyən qrupların aktivləşdirilməsində bu amil də rol oynayır. Bütün bu və ya digər məsələləri təhlil etdikdə Dini Komitənin verdiyi bəyanat ciddi qəbul olunmalıdır. Düşünürəm ki, Azərbaycanın təhlükəsizlik orqanları da bu məsələni diqqətə alacaqlar və lazım olan addımlar atılacaq. Ölkəmizdə sabitliyin pozulmasına cəhd edəcək hansısa xarici kəşfiyyat orqanlarına bağlı agentura şəbəkələri ifşa olunacaq və neytrallaşdırılacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”