KİV-ə hər gün dələduzlarla bağlı şikayətlər daxil olur. İnsanlar işbazların toruna düşürlər. Qurbanların sayı hər gün daha da artır. Özlərini “Kapital Bank”ın əməkdaşı kimi təqdim edərək kartlardan pul çəkənlərdən sonra yeni dələduzluq növü gündəmə gəlib. Belə ki, dələduzlar özlərini təmir və mebel şirkəti olaraq təqdim edib, pul alıb, aradan çıxırlar.

 

İnsanlar belə xoşagəlməz hallardan necə qorunmalıdırlar? Dələduzlar insanlarda güvəni necə qazanırlar? Dələduzların qarşısı necə alınmalıdır? Belə hallarda zərərçəkən şəxsin hansı hüquqları var? Dələduzlar hansı məsulliyətə cəlb olunur?  Minval.info bu mövzu haqqda araşdırma edib.

 

Sosial şəbəkələrdə bu barədə şikayətlərdən biri: “Məni və mənim kimi çox adamı (5 nəfər özüm tanıyıram) aldadıb pul alıb və bütün işlərini yarımçıq qoyub” deyən Aydın Abilovun sözlərinə görə “Bu şirkət təmir fırıldağı ilə məşgul olur. Sahibinin adı İlyasdır. Şirkətin adı isə PROTƏMİR”.

 

Digər dələduzluq qurbanı olan İlkin Seyidzadənin sözlərinə görə, “”Mebeletta Mebel”lə anlaşmışdıq. Sahib Ələsgərov adlı şəxs məndən 1100 manat alıb 2 aya yaxın vaxtı uzatdı, amma işi görmədi. Polisin köməkliyi ilə pulu geri ala bildik”.

 

“Mebel düzəltmək adı ilə müraciət etdiyimiz İsmayılov Ruhin adlı şəxs, etibardan sui-istifadə edərək əvvəlcə beh alır, sonra mebelin bəzi hissələri üçün əlavə ödəniş tələb edir. Nəticədə nə mebel var, nə də pul geri qayıdır. “Biraz vaxt ver, pulu qaytaracam” deyir. Təxminən 8 aydan çoxdur pulu geri qaytaracağını deyir. Bu tip alçaqlara inanmayın” – şikayətçi Fuad Həsənov bildirib.

 

Fırıldaqçıların növbəti qurbanlarından biri öz şikayətində bildirib ki, “Mebelettamebel3 adlı səhifə mebel sifarişi adı ilə bizdən 300 manat və qaz plitəsi, aspirator və “moyka”nı gəlib apardılar ki, yapışdırıb, gətirib, mətbəx mebeli yığacaqlar və yoxa çıxıblar. 3 həftədir polisə müraciət etsək də hələ ki, nəticə yoxdur. Artıq “instagram”da da başqa profil açıb başqa adamları aldadıb pullarını mənimsəyirlər. İstədim ayıq olasınız, inanmayın və öncədən heç bir ustaya beh verməyin”.

 

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Minval.info -a açıqlama verib.

O, bildirib ki, bu cür dələduzların sayı getdikcə daha da artır.

 

“Təəssüf ki, dələduzların sayı vaxt keçdikcə artmaqdadır. Çünki min illərdir bütün dini kitablar, peyğəmbərlər, alimlər hamısı deyir ki, o cəmiyyətdə ki, maddi dəyərlər  qabağa keçdi, onlar mənəvi dəyərləri basqı altında saxladı, orada hökmən kriminal hallar, dələduzluq halları, cinayət faktları, ölüm, gərginlik çoxalmalıdır. Bu, cəmiyyətin qanunudur. Yəni bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.

 

Hər cəmiyyətin özünəməxsus qanunauyğunluğu var və çox bütün Yer üzündə maddi dəyərlər əsas rol oynamağa başlayır, insanlar daha çox maddiyyat aludəçisi olur. Cəmiyyət indi elə bir hala gəlib çıxıb ki, insanları maddiyyatla imtahana çəkir. Bu hallar artdıqca ailələrdə gərginlik çoxalır, insanlar arasında yoxsulluq formalaşır. Digər tərəfdən də cəmiyyətdə elə “balinalar”, böyük mexanizmlər var ki, cəmiyyətin müflisləşməsinə təsir edir.

 

Bunlardan biri də Azərbaycandakı toy sistemidir. Hər bir azərbaycanlının ortaq əmək haqqısı orta hesabla 200-300 manat olar. Amma təsəvvür edin ki, 300 manat maaş alan adamı 1 ayda 7 dəfə toya çağırırlar.  7 dəfə bu toylara getmək istəyən insan hökmən belə əyri işlərlə məşğul olmalıdır ki, pul yığsın, öz maaşıyla toya gedə bilməz. Belə şeylər bizə əhəmiyyətsiz kimi görünsə də acı reallıqdır və dələdəduzların meydana çıxmasına rəvac verir, insanlarda get-gedə əxlaqi dəyərlər aşınır. Atalarımız yaxşı deyib, “Utanmasan, oynamağa nə var ki”. Sovet dövründə insanlar indikindən də kasıb yaşayırdı, məsələn ikinci dünya müharibəsindən sonra camaatın maddi durumu çox aşağı olub. Amma nə bu qədər dələduzluq olub, nə də belə mənəviyyatsızlıq, nə də ailədə ər-arvadın, qohum-qardaşın bir-birini öldürməsi halları. Sovet dövləti nə qədər kasıb olsa da, mümkün qədər mənəvi dəyərlərə daha çox önəm verib. Biz çalışmalıyıq ki, cəmiyyətdə tezliklə elə bir mühit yaradaq ki, insanlar bir-birinə mənəvi dəyərlərə görə yanaşsınlar. Mənəviyyatı ilə özlərini, şəxsiyyətini təsdiq etsinlər.

 

Düşünürəm ki, belə hadisələrdə maarifləndirmə elə də böyük rol oynamır. Bunun üçün kompleks fəaliyyət proqramı hazırlanmalıdır və dövlətin bu sahədə humanitar siyasəti olmalıdır. Həmin siyasətdə isə təhsil sisteminin, KİV-in, inzibati orqanların hansı işləri görməli olduğu elmi əsaslarla qeyd olunmalıdır”.

 

Məsələnin psixoloji tərəfini psixoloq Gülnar Orucova şərh etdi.

 

Onun sözlərinə görə, əslində insanların psixologiyaları fərqli olur. Ümumiyyətlə insanlar daha ucuz gördüyü şeyləri araşdırmadan almaq qərarına gəlirlər:

 

“Çox zaman məhsul bazarda olan qiymətindən qat – qat aşağı olur və sifariş zamanı insanlardan müəyyən məbləğlərin karta ödənilməsi tələb edilir. Bu zaman şübhələnmək vaxtıdır. Axı nəyə görə insanlar tanımadıqları, görmədikləri insanlara, heç bir qəbz, sənəd olmadan ödəniş edirlər?! Birinci bu insanların hədsiz şirin dili olur. Insanları tez monipulyasiya edirlər. Sanki insan ovçuları olurlar. Elə danışırlar, elə şəkillər atırlar, elə real variantlar izah edirlər ki, insanlar inanır və siz onları araşdırmadan ödəniş edirlər.

 

Online alış – verişdə belə hallar daha çox olur nəyin ki, real alışda.  Online danışıqlarda biz onları görmürük və müxtəlif nömrələrdən istifadə edirlər. Əgər sizə məhsulun maksimum ucuz variantını təqdim edirsə deməli ya keyfiyyətsizdir, ya da burada bir aldanış var. Ən mənfi cəhət odur ki, dolandırılan insanlar Hüquq Mühafizə orqanlarına şikayət etmirlər və belə fırıldaqçılığın yayılmasına şərait yaradır”.

 

Məsələnin hüquqi tərəfinə hüquqşünas Əsabəli Mustafayev aydınlıq gətirib:

 

“Bəzən olur ki, işi icra edirlər, amma ya keyfiyyətsiz, ya da yarımçıq… Belə hallarda problem mülki yolla həll edilir. Ödədiyi ödənişin və çəkdiyi mənəvi zərərin qarşılığını almaq üçün istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Əgər qondarma müəssədirsə, məqsəd insanların vəsaitini mənimsəməkdirsə, burada artıq cinayət tərkibi var. Bu zaman insanlar polis idarələrinə müraciət edə bilərlər. Lakin sübut etmək lazımdır ki, həqiqətən belə bir hadisə olub. Şəkillər, nömrələr, elanlar araşdırılmalıdır. Zərərçəkən vəkilə müraciət etməlidir ki, vəkil yol göstərsin”.

 

NƏRMİNƏ AYDINQIZI

MİNVAL.İNFO