MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Prezidentin imzaladığı qanunla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırdı; qurum rəhbəri media reyestri, güzəştli ipoteka, 3-cü bina ilə bağlı nələr dedi?

Uzun müddətdir müzakirəsi davam edən “Media haqqında” Qanun Prezident fərmanı ilə təsdiq olundu. Bundan sonrakı mərhələdə qanunun icrası həvalə olunan Medianın İnkişafı Agentliyinin (MEDİA) üzərinə mühüm işlər düşür. Qurumun icraçı direktoru Əhməd İsmayılov bu mövzuda “Yeni Müsavat”ın suallarını cavablandırdı. Əvvəlcə ölkə Prezidentinə qanunu imzaladığı üçün təşəkkürünü bildirən qurum rəhbəri eyni zamanda media mənsublarını da təbrik etdi.

– Əhməd bəy, Prezidentin imzaladığı fərmana əsasən, MEDİA-nın da səlahiyyətləri artırılmış oldu. Bu barədə nə deyə bilərsiniz?

– Səlahiyyətlər artırıldı deməzdim. Qanundan irəli gələn bir sıra öhdəliklərin, o cümlədən media subyektlərinin reyestrə daxil edilməsi ilə bağlı vəzifələrin icrası məqsədilə agentliyə bəzi səlahiyyətlər verildi, reyestrin saxlanılması, idarə edilməsi və aparılması agentliyə həvalə olundu. Nizamnaməyə əlavələrin edilməsi məhz bununla bağlıdır. Qanun Media Reyestrinin formalaşdırılmasını nəzərdə tutduğundan növbəti mərhələ müvafiq reyestrin hansı qurum tərəfindən formalaşdırılacağı məsələsinin aydınlaşdırılması idi və bu məsuliyyətli işin həyata keçirilməsi tapşırığı agentliyə verildi. Bununla yanaşı, Media Reyestrinin aparılması qaydalarının hazırlanması ilə bağlı müvafiq göstəriş nəzərdə tutuldu və bütün prosesin yekunlaşması üçün ümumilikdə 6 aylıq müddət müəyyən edildi.

Ümumilikdə isə qanun media sahəsində sistemli, aydın və dəqiq yanaşmanın formalaşmasına xidmət edəcəkdir. Əsas məqsəd media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması və rəqabət qabiliyyətliliyinin artırılmasıdır. Məsələn, bu qanun bizə jurnalistlərə güzəştli şərtlərlə ipoteka krediti verilməsi və sair kimi layihələrlə irəli çıxmaq imkanı yaradır. Çünki Media Reyestri bu sahədə olan xaotik vəziyyətin aradan qaldırılmasına və sistemli yanaşmanın tətbiqinə imkan verəcək. Əks halda, agentlik hər hansı sosial, biznesyönümlü tədbiri, yaxud islahatları həyata keçirmək üçün təkliflərlə çıxış edə bilmir. Çünki həmin layihələrin iqtisadi və hüquqi əsaslandırmasını hazırlamaq və təqdim etmək mümkün olmur.

– Qanunun mütərəqqi tərəflərindən bəhs olunarkən daha çox müzakirə olunan jurnalistlərin ipoteka imkanlarından bəhrələnmək imkanının yaradılmasıdır. Uzun müddətdən bəri gözlənilən bir məsələ nəhayət ki, reallaşdı və çox mühüm məsələdir. Bəs bu güzəştdən yararlanmaq imkanı yaradılan media mənsublarının məvacibi, yaxud bank şərtləri ilə bağlı aydınlıq varmı?

– Əslində məvacib məsələsi əmək müqaviləsi əsasında redaksiya ilə jurnalist arasında tənzimlənən məsələdir, buna dövlət müdaxilə etmir. Çünki hər bir Azərbaycan vətəndaşı, o cümlədən jurnalist əmək müqaviləsi bağlayarkən əmək haqqının məbləğini və ödənilmə qaydasını əmək bazarının tələblərinə uyğun olaraq özü müəyyən edir və bu məsələ tərəflərin qarşılıqlı, müstəqil iradə ifadəsindən asılıdır. Buna baxmayaraq, yadınıza gəlirsə, biz müsabiqələrdə və digər layihələrimizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, redaksiyalarda işçi sayı ilə bağlı tələblər qoymuşduq. Həmin tələblər məhz bunun üçün idi ki, tədricən və mərhələli bir şəkildə jurnalistlər və media subyektləri arasındakı əmək münasibətləri nizama salınsın, əmək qanunvericiliyinin müddəalarına uyğunlaşdırılsın. Belə olan halda tərəflər arasındakı münasibətlər düzgün şəkildə qurulacaq və əmək haqqının məbləği ilə bağlı bir sıra məsələlər öz həllini tapacaqdır.

Jurnalistlər məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov

– Bəs bankların sui-istifadəyə yol verməsi mümkündürmü?

– Xeyr. Belə ki, güzəştli ipoteka kreditindən istifadə hüququna malik digər kateqoriya şəxslərə münasibətdə bu proses aidiyyəti qurum tərəfindən artıq illərdir həyata keçirilir və dəfələrlə tətbiq olunmuş işlək mexanizm mövcuddur. Bu səbəbdən hər hansı sui-istifadə amilinin mövcudluğu müzakirə predmeti deyildir. Jurnalistlər həm 4 faizli güzəştli kredit əldə etmək imkanından istifadə edə biləcək, həm də sosial mənzillər almaq hüququna malik olacaqlar.

– Bu məqamda soruşum, bu güzəştlərin, xüsusilə də media mənsublarına ipoteka əldə etmək şansının verilməsi Prezident sərəncamı ilə jurnalistlər üçün inşa olunan 3-cü bina ilə bağlı proseslərə hər hansı təsiri ola bilərmi? 

– Cənab Prezident tərəfindən imzalanmış müvafiq fərman müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir və bu fərmanın şərti olaraq “3-cü bina” adlandırılan bina ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Qeyd olunan layihələr bir-biri ilə bağlı olmayan tamamilə fərqli layihələrdir.

– Bəs 3-cü bina ilə bağlı jurnalistlərimizə nə deyə bilərsiniz?

– Qeyd olunan bina ilə bağlı bizdə hər hansı bir məlumat mövcud deyildir. Bir daha xüsusilə vurğulamaq istərdik ki, ötən gün imzalanan fərmanın sözügedən bina ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyildir.

– Əhməd bəy, “Media haqqında” Qanunun 1 yanvardan qüvvəyə minəcəyi gözləntisi var idi. Məsələnin indiyədək yubanmasının səbəbi nə oldu?

– Layihənin ilkin variantında qeyd olunan tarixlə bağlı maddə mövcud idi. Daha sonra ictimai müzakirələr gedişində müvafiq texniki məqam öz həllini tapdı və həmin  maddə layihədən çıxarıldı. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən hər hansı normativ hüquqi aktın qüvvəyə minməsi üçün müəyyən prosedur tələblər nəzərdə tutulmuşdur. Həmin tələblərə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən “Media haqqında” qanun layihəsi təsdiqləndikdən sonra qanun statusu aldı və qüvvəyə mindi.

– Qanun layihəsinin müzakirəsi çoxşaxəli oldu, hətta beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərinizi müşahidə etdik. Demək olarmı ki, yekunda bütün tərəflərin mövqeyi ifadə olundu?

– Bəli, bizim hamı ilə, həm media subyektləri, həm qanunu dəstəkləyən media ekspertləri, həm qanun layihəsinə irad bildirən ekspertlərlə birgə müzakirələrimiz oldu. Biz ətraflı şəkildə həm öz mövqeyimizi əsaslandırdıq, həm də onları dinlədik. Hətta bəzi nüanslar var idi ki, həmin fikirləri, təklifləri qanun layihəsinə daxil etdik. Ümumilikdə bütün media nümayəndələrinin fikirlərinin öz əksini tapdığı bir layihə ortaya qoyuldu. Sözsüz ki, ideal qanun olmur. Lakin düşünürük ki, hazırkı məqamda maksimum dərəcədə maraqlı tərəflərin fikrini əks etdirən qanun qəbul olunmuşdur.

Müsabiqədə əsas yanaşmamız keyfiyyətə üstünlük verməkdir"- Əhməd İsmayılovla MÜSAHİBƏ

– Media Reyestrinin yaradılması üçün 6 ay vaxt verilib…

– Bəli, Media Reyestrinin yaradılması üçün ümumilikdə 6 ay, reyestrin aparılması qaydalarının layihəsini hazırlamaq üçün isə 3 ay müddət müəyyən edilmişdir. Əlbəttə ki, reyestr elektron informasiya ehtiyatı olduğu üçün bir sıra texniki məsələlər də öz həllini tapmalıdır. Biz bu altı ay ərzində bütün işləri yekunlaşdırmalıyıq.

– Ən çox müzakirə olunan məsələ də media subyektlərinin reyestrə daxil olması barədə şərtdir. Bu məsələdən narahat olanlara sözünüz nədir?

– Problem ondadır ki, elə müxtəlif media subyektləri var, artıq bunu fərqli formada təqdim edirlər. Belə rəy yaratmağa çalışırlar ki, sanki reyestrə düşməyən jurnalist jurnalistika ilə məşğul ola bilməyəcək, bu, çox təəssüf doğurur. Amma reallıqda qanunun heç bir maddəsində belə bir müddəa yoxdur. Yəni siz, Elşad Paşasoy reyestrdə olsanız da, olmasanız da, jurnalistsiniz, istənilən sualı verirsiniz, araşdırmanızı aparırsınız və media subyektlərinizdə materialınızı yayırsınız. Yəni jurnalistin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı heç bir müddəa yoxdur və ola da bilməz. Amma dünəndən (8 fevraldan-E.P.) bəzi media subyektlərində belə bir məlumatlar tirajlanır, hansı ki, reallığı əks etdirmir və qanunda belə bir müddəa yoxdur. Belə bir niyyətimiz də olmayıb. Ümumiyyətlə, bu məsələ heç bir halda müzakirə predmetini təşkil etməyib.

– Amma reyestrə düşməyənlər jurnalistlərin güzəştli şərtlərlə ipoteka almaq imkanını məhdudlaşdıracaq, doğru deyilmi?

– Jurnalist özü qərar verməlidir. Əgər jurnalist dövlətdən hər hansı imtiyaz istəyirsə və bu yanaşmanı qəbul edirsə, özünü bəyan edir, son nəticədə imtiyazlardan istifadə edir. Yox, əgər deyirsə ki, mən istəmirəm, heç bir imtiyazı qəbul etmirəm, o halda könüllü şəkildə reyestrə daxil olmaq üçün müraciət etmir. Həmçinin güzəştli ipoteka kreditindən istifadə etmək  istəyən jurnalist reyestrdə olmalıdır. Çünki aidiyyəti qurum bilməlidir ki, bu şəxs jurnalistdir. Həmin qurum müvafiq elektron sistemə istinad edərək bilir ki, filankəs dövlət qulluqçusudur, yaxud görür ki, bu, müəllimdir, imtahandan keçib, adı sistemdə var, düzdür? Amma məsələn, sizin redaksiyada olan jurnalistdən həmin qurumun xəbəri yoxdur. Əlbəttə ki, bu halda mücərrəd şəkildə və heç bir hüquqi əsas olmadan ipoteka kreditinin verilməsi mümkün deyildir.

– Hazırda Medianın İnkişaf Agentliyində təqribi müəyyənləşmə varmı ki, reyestrdə nə qədər jurnalist və ya media subyekti əhatə oluna biləcək?

– Məhz bununla bağlı suallara cavabımız olmadığından biz düşündük ki, sistem, sistemli yanaşma olmalıdır ki, bu kimi suallara cavab verə bilək. Hazırda bütün jurnalistlərimiz, hər bir redaksiya fərqli rəqəmlər səsləndirməkdədir. Təəssüflər olsun ki, biz o rəqəmlərdən hansının daha real olduğunu indi deyə bilməyəcəyik.

– Əhməd bəy, sizə uğurlar arzulayırıq. Sonda jurnalistlərə başqa sözünüz, müsahibəmizə əlavəniz varmı?

– Təşəkkür edirik. Biz mütləq surətdə bu qanunun pozitiv notlar üzərində hazırlandığını, niyyətimizin səmimi olduğunu qeyd edirik. Həmçinin indiyədək bildirdiyimiz müddəaları hamı ilə açıq müzakirə etmişik. Heç bir alt fikir olmayıb və bir daha söyləyirik ki, bu qanunda bəzi media subyektləri tərəfindən səsləndirildiyi kimi, ifadə azadlığını məhdudlaşdıracaq heç bir maddə nəzərdə tutulmamışdır. Sosial şəbəkələrlə bağlı da heç bir müddəa mövcud deyil. Yəni bu qanun əslində məhz peşəkar mediaya istiqamətlənmiş və peşəkar medianı, peşəkar media subyektlərini dəstəkləyən bir qanundur. Düşünürəm ki, əsas məsələ bu qanunun doğru-düzgün icrasını təmin etməkdir və onu da sizli-bizli, bütün media mütəxəssisləri, media nümayəndələri, jurnalistlərimizlə bir yerdə edə bilərik.