Uşaqlıq illərindən bir xatirə yadımda qalıb. Məşqdən sonra məşqçimizlə gedirdik. Yanımızdan keçən iki nəfər məşqçiyə söz atdı, onu ələ salmaq istədilər. O isə nəsihət xarakterli sözlərlə ötəri cavab verib yoluna davam etdi. Çox təəccübləndik, bilirdik ki, onların rahatlıqla payını verə bilərdi. Ağlımızdan keçənləri anlayıb dedi: “Bizim əlimizdə idman bir silahdır. Ancaq idmançı əxlaqı bu silahdan yersiz istifadə etməyə yol vermir. Təmkinli olmaq lazımdır. Biz güc toplamırıq ki, onu insanlara qarşı yönəldək”. Sonradan oxşar davranışı bir çox tanınmış məşqçi və məşhur idmançılarımızdan da görüb-eşitdik. Onların tələbələri eyni yolu getdilər. Qarşılığında da ikiqat hörmət gördülər.

Düzdür, birdən həyatda elə məqamlar olar ki, orada qarşılıq da verməli olarsan. Ancaq hər yersiz söz deyən, hər çəp baxan insana qarşı qətiyyən güc tətbiq etmək olmaz. İdmançı ustalığında hədəf onun cəmiyyətdə nümayişi deyil. İdmançı üçün fəndlər yalnız özünümüdafiə, məzlumları qorumaq, ən əsası da özünəinam, fiziki və psixoloji sağlamlıq.

Uşaqlıq illərimin əksər idmançıları yadımda zalda “canavar”, “tər tökən” zəhmətkeş kimi, yarışlarda da yalnız özünə tən idmançılarla rəqabətə girən peşəkar kimi qalıb. Həyatda isə cəmiyyət üçün heç bir təhlükə törətməyən, namuslu, məsuliyyətli vətəndaş idilər.

Bu yeni nəsil “idmançı”larının bir çoxu isə tamam başqadır. Hədəfləri güc nümayişi, öz eqolarını yemləməkdir. İdman zallarında yalnız küçədə effektli olan, insanı tez yerə sərən fəndlər üzərində işləyirlər. Daha təhlükəli görünmək üçün lazım olan bütün zahiri elementləri ələ gətirməyə çalışırlar: spesifik saç düzümü, üzdə çapıq, bədənin paltar tutmayan yerlərində qorxulu döymə, nümayiş üçün məxsusi şişirdilmiş boyun və qol əzələləri, “təsirli” duruş və yeriş, zəhimli baxış, fərqli geyim, xüsusi formada bəzədilmiş maşın, jarqon ifadələr, söyüş…

Bunların eqosunu küçədə döydükləri zəif həmvətənlərinin acizliyi, barlarda törətdiyi davalar qidalandırır. Maşın da sürəndə qayda pozuntularına yol verir, sürət həddini hər yerdə aşırlar; maşının içinə boylananda aqressiv baxışlı, sərt simalı bir ˝qaqaş˝ görürsən. O dəqiqə pəncərəni aşağı salıb, səninlə dalaşmağa hazırdır.

Məşqçiləri küçədən keçən şəxsin sadəcə baxışını bəyənməyib deyə, o adamı o ki var əzişdirib. Sonra da fəxrlə tələbələri qarşısında şücaətindən danışır. Onları da təşviq edir ki, “maleyşi oşibkaya görə, hərifi nakazat eləsinlər”. Sosial paylaşımlarından ancaq aqressiya, yırtıcılıq, vurub-yıxmaq ehtirası aşılanılır. Kiçik beyinlərində mənəviyyat, güzəşt, idmançı əxlaqı kimi anlayışlardan əsər-əlamət yoxdur.

Bu “qaqaş idmançı”lar ölkəmizin adını müxtəlif mötəbər yarışlarda yüksəldən ustaların, Mübariz kimi gücünü özününkülərə deyil, düşmənə qarşı yönəldərək şəhid olanların, peşəkarlığını vətəni qorumağa, xalqına xidmət etməyə sərf edən həqiqi idmançılarımızın fonunda nə qədər cılız göründüklərinin fərqində deyillər.

Nə vaxta qədər ki, fiziki təlimlə yanaşı əxlaq da öyrədilmir, günbəgün çoxalmaqda olan bu tiplər cəmiyyət üçün real təhlükədir.


Rövşən Abdullaoğlu – Yazıçı, filosof, psixoloq